Camışların İnfeksion Xəstəlikləri

Əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Camış daha çox Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında yetişdirilir. Ölkəmizdə camışçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. İsti günlərdə camışlar nohur, bataqlıq, durğun su, gölməçə və ya çay yataqlarında olur. İqlimi quru və isti olan yerlərdə gündə 1 neçə dəfə, xüsusilə sağımdan əvvəl çimizdirilir.

Camışların müsbət keyfiyyətləri vərəm, brusselyoz, dəri və qan-parazitar xəstəliklərinə dözümlülüyü, balasalma hallarının baş verməməsi, xüsusi qulluğa ehtiyacının olmaması və qidaya tələbatının az olmasıdır.

Camışlar bəzi xüsusiyyətlərinə görə inəklərdən fərqlənir. Məsələn, inəklər -20°C şaxtaya dözdüyü halda, camışlar şaxtaya dözümsüzdür və -1°C şaxtada artıq əziyyət çəkir. Bunun əsas səbəbi orqanizmdə piyin az olmasıdır. Camışlar inəklərə nisbətən daha az süd verir. Dişi camışlar gün ərzində 3-4 kq süd verir və südün orta yağlılığı 7,8-8% olur. Bol su içdikdə süd məhsuldarlığı 10%-ə qədər artır. Azərbaycanda camışların orta səmərəli təsərrüfat əhəmiyyətliliyi müddəti 10 ildir. Dişi camışların maksimal çəkisi 600-700 kq, erkəklərin isə 750 kq-ya çatır. Yenicə doğulan balaların çəkisi 30-35 kq olur. Camışlar isti və rütubətli iqlimi olan regionlarda yaşadıqlarına görə mikroorqanizm və parazitlərin sürətli inkişafı üçün əlverişli şərait yaranır. Nəticədə bu heyvanlar virus mənşəli xəstəliklərə yoluxur. Camışların virus mənşəli yoluxucu xəstəliklərinə dabaq, göy dil, infeksion qızdırma, diareya və sifilis kimi xəstəliklər aiddir.

Viruslu diareya

Bu virus Pestivirus cinsinə mənsub RNT tərkibli virusdur. Xəstəlik yayılma şəraitindən asılı olaraq iti, xronik və ya ildırımvari fоrmada olur. Hеyvanlar arasında itki immun vəziyyətindən asılı оlaraq dəyişir. Viruslu diareyaya diaqnoz qoymaq üçün xəstəliyin klinik əlamətləri, еpizооtоlоji xüsusiyyətləri və patoloji anatomik dəyişikliklərini nəzərə almaqla labоratоr müayinələr keçirmək lazımdır. Laboratoriyaya müayinə üçün dalaq, bеyin, ağciyər və limfa düyünləri göndərilir. Sеrоlоji diaqnоz ЕLİSA testi vasitəsilə qoyulur. Xəstəliyin qarşısının alınması üçün düzgün profilaktik tədbirlərin yеrinə yetirilməsi ilə yanaşı, xəstə heyvanların ayrılması və hеyvanlar arasında peyvəndləmə proqramının yеrinə yеtirilməsi vacibdir.

İnfeksion qızdırma

Bu virus Lyssavirus cinsinə mənsub RNT tərkibli virusdur. Virus ən çox həşəratlar tərəfindən yayılır. Qaramal və camışlar xəstəliyə qarşı həssasdır. Bu xəstəliyə əsasən cavan camışlar yoluxur. Yemləmədə çatışmazlıq, soyuq hava və yüksək rütubət xəstəliyin baş verməsinə şərait yaradan başlıca amillərdəndir. İnfeksion qızdırma ilə yoluxma baş verdikdə heyvanlar arasında 10%-ə qədər ölüm hallarına təsadüf edilir. Bu xəstəliyin gedişatında ilk olaraq temperaturun qalxması və süd sağımının azalması müşahidə olunur. Heyvan yemdən imtina edir, susuzluq artır və gövşəmə olmur. Nəticədə heyvan arıqlayır, ağızdan selik axır, tənəffüs prosesi çətinləşir və burun boşluğunda maye yığıntısı olduğu üçün tutulur. Xəstəliyin ilk günlərində heyvanda axsaqlıq başlayır, kürək, arxa və üz nahiyələri hava dolmuş kimi görünür. Zəiflik və axsaqlıq 2-3 gün müddətinə uzana bilər. Süd istehsalı isə 3 həftəyə normal vəziyyətə qayıdır.

Xəstəliyin klinik əlamətləri təqribən 24 saat müddətində aşkar olunur. Bəzən xəstəlik 1 neçə həftə davam edə bilər. İnfeksion qızdırma xəstəliyi aşkarlandıqda xəstə heyvanlar təcrid edilərək müalicə olunur. Sağlam heyvanlar hər gün klinik baxışdan keçirilərək termometriya edilir. Xəstəlik otlaqda baş veribsə, həmin otlaqdan gələn mövsümə qədər istifadə etmirlər. Xəstə heyvanlar saxlanılan ərazidə dezinfeksiya işləri aparılır. Dezinfeksiya xlorla aparılır, peyin isə biotermik üsulla zərərsizləşdirilir. Profilaktika məqsədilə heyvanların normal fizioloji müqavimətini təmin edən yemləmə şəraitini yaratmaq vacibdir. Müalicə simptomatik aparılır. Üç gün ərzində 24 saatdan bir hər 30 kq diri çəkiyə 10% ketofen, 20 kq diri çəkiyə 20% pekstrepz, 40 kq diri çəkiyə isə 20% kasin preparatlarından istifadə olunur.

Kübra Yusifova

Baytarlıq Elmi-Tədqiqat İnstitutu / Virusologiya şöbəsinin müdiri Biologiya elmləri üzrə fəlsəfə doktoru