Saanen və Alpin Keçiləri

Keçi südü insan orqanizmi üçün faydalı hesab olunur. Südlük cəhətdən keçilər qoyunlardan üstündür. Ölkəmizdə keçilər laktasiya dövrü ərzində 140 litrə qədər süd verir. Belə cinslərə Saanen və Alpin keçiləri kimi mədəni keçi cinslərini misal göstərmək olar.

Alpin keçi cinsi

Bu cins Alp dağları ərazisində yayıldığına görə Alpin cinsi adlandırılmışdır. Südlük istiqamətlidir. Dağ heyvanı kimi xarakterik xüsusiyyətlərindən biri də bu keçilərin çevik olmasıdır. Müxtəlif iqlim şəraitinə daha tez uyğunlaşdığına görə hal-hazırda Alpin keçiləri dünyanın hər yerində geniş yayılmışdır.

Alpin keçilərinin başlıca xüsusiyyətlərindən biri südvermə qabiliyyətinin yüksək olması və 1-3 yaşlarında laktasiya müddətinin uzun olmasıdır. Belə ki, hər bir keçi il ərzində 1500 litr süd verir. Südün tərkibində 3,5-5,5% yağ və 3% zülal olur. Yaxşı yemləmə və bəsləmə şəraitində gündə orta hesabla 4,5 litr süd verir. Əsasən beşə yaxın balavermə qabiliyyətinə malikdir. Bu cins keçilər bədən ölçülərinin böyük olması ilə də fərqlənir. Belə ki, dişi keçilərin diri çəkisi 60-62 kq, erkəklərin diri çəkisi isə 75-78 kq təşkil edir. Alpin keçiləri nadir hallarda bir bala verir. Hər 100 baş dişi keçidən 160-180 bala almaq olur. Dişi keçilərin optimal boyu 70-80 sm təşkil edir. Qışda keçiləri quru otla, yayda isə yaşıl yemlərlə yemləmək kifayət edir. Müntəzəm olaraq yemlərinə təbaşir, mineral əlavələr, xörək duzu, kökümeyvəlilər və tərəvəz əlavə edilməsi yaxşı nəticə verir. Alpin keçiləri içməli suyun keyfiyyətinə çox həssas olduğu üçün onların suyu hər gün dəyişdirilməlidir.

Saanen keçi cinsi

Saanen keçiləri ilk dəfə İsveçrədə yetişdirilmişdir. Hazırda İsveçrə, Böyük Britaniya, Fransa, ABŞ, Cənubi Afrika, Avstraliya, Ukrayna, Moldova və Belarusiyada çox geniş yayılmışdır. Saanen cinsi ağ, qısa tüklü və buynuzsuz südlük istiqamətli keçilərdir. Bu cins keçilərin üstün cəhətlərindən biri yüksək sağım keyfiyyətinə malik olmasıdır. Laktasiya müddəti 1 ay davam edir. Bu dövrdə 600-2000 kq-dək süd verir. Südün yağlılığı 4,4-4,6%-dir. Saxlanma və otlaq şəraitinə yaxşı uyğunlaşır. Dişi keçilərin diri çəkisi 50-55 kq, erkəklərin diri çəkisi isə 70-75 kq təşkil edir. Hər 100 baş dişi keçidən 170-180 bala almaq olur. Saanen keçilərinin əti yağsızdır. Orta köklükdə olan cavan keçilərin təmiz ət çıxımı 40-50% təşkil edir. Bu cins keçilər müxtəlif iqlim şəraitlərinə asan uyğunlaşır.

 

2013-2014-cü illərdən etibarən ölkəmizə Hollandiya və Fransadan südlük istiqamətli Saanen və ətlik-südlük istiqamətli Alpin keçi cinslərinin gətirilməsinə başlanmışdır. İlk dəfə olaraq 2300 baş keçi gətirilmişdir. Azərbaycanda ilk böyük keçi təsərrüfatı Ağcabədi rayonunda “BMS Aqro” MMC tərəfindən yaradılmışdır. Həmin təsərrüfata 4496 baş Saanen və Alpin keçiləri gətirilmişdir. Saanen keçilərinin balaları rəngli də ola bilir. Belə keçilər Seybl keçiləridir. Seybl keçiləri iki resessiv genin cütləşməsi nəticəsində əmələ gəlir. Xaricdən gətirilən keçi balaları rəngli olanda təəccüblənməyin. Keçi yunundan parça, keçə, xalça, çuval, xurcun, kəndir və s. məmulatların hazırlanması üçün istifadə olunur. Tiftiyindən şal, corab, əlcək və papaqlarla yanaşı, pilot geyimləri də hazırlanır. Keçi piyindən isə təbabətdə tərlədici dərman kimi geniş istifadə olunur. 2020-ci ildə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatına keçi genofondunun təkmilləşdirilməsi, cins tərkibinin yaxşılaşdırılması və qorunması məqsədilə yüksək məhsuldar Saanen və Alpin keçilərindən gətirilmişdir.

Mahir Hacıyev

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru / Aqrar elmlər üzrə fəlsəfə doktoru