İşğaldan Azad Olunmuş Torpaqların Tədqiqatı Yalnız Elmi Prinsiplər Əsasında Aparılmalıdır

Otuz ilə yaxın işğal altında olan torpaqlarımız 10 noyabr 2020-ci il tarixində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən tamamilə azad edilmişdir.

 İşğalçı erməni vandalizmi bu ərazilərdə bütün maddi və mənəvi infrastrukturu dağıtmaqla yanaşı, ekologiyamıza da ciddi ziyan vurmuşdur. İşğalçılar buradakı təbii mineral ehtiyatları və əkin torpaqlarını vəhşicəsinə istismar etmiş, meşələri talan edərək yandırmış, ağacları isə kütləvi şəkildə kəsmişlər. Onlar həmçinin torpaq və su mənbələrini qəsdən çirklənməyə məruz qoymuşlar. Beləliklə, minillik meşə ekosistemi, flora və fauna məhv edilmişdir. Respublikamızda torpaq islahatı dövründə meşə fondu torpaqları 1063480 ha təşkil etmişdir. Lakin əsas meşə təsərrüfatının yerləşdiyi ərazilərin işğala məruz qalması ekosistemin pozulmasına gətirib çıxarmışdır. Nəzarətsiz istifadə nəticəsində torpaqlar yararsız hala salınmış və meşələr məhv olmuşdur. Buna görə də yeni meşələrin və meşə tipli meyvə bağlarının salınması, habelə heyvandarlığın inkişaf etdirilməsi üçün sağlam yem bazasının yaradılması qarşıda duran əsas vəzifələrdir.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahələri, əsasən dəmyə əkinçiliyi və örüş sahələrindən ibarətdir. Məsələn, Cəbrayıl, Füzuli, Ağdam, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarındakı 887900 hektar ümumi sahənin 537332 hektarı kənd təsərrüfatına yararlıdır. Ərazinin 157709 hektarı dəmyə əkin sahəsi, 77887 hektarı isə suvarılan torpaqlardır.

 Azad olunmuş ərazilərdə aparılacaq torpaq tədqiqatları və islahatlarının nəticələrindən çox şey asılıdır. Torpaqların qiymətləndirilməsi prosesinin elmi əsaslarla aparılması ətraf mühit və kənd təsərrüfatının inkişafında yeganə həlldir.

Kənd təsərrüfatı sahələrinin obyektiv qiymətləndirilməsi torpaq islahatında mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmə aqrar sahənin müsbət istiqamətdə inkişafını səciyyələndirən prosesdir. Torpaqların meliorativ vəziyyəti təbii daxili diaqnostik əlamət və xassələrinə əsasən düzgün qiymətləndirilməlidir. Bunun üçün müasir texnoloji imkanlardan istifadə etməklə aqrokimyəvi, geobotaniki və meliorativ tədqiqatların aparılması vacibdir. Tədqiqatlar nəticəsində xassə və əlamətlərinə görə bir-birinə yaxın olan torpaqlar keyfiyyət qruplarında birləşdirilir. Azot, fosfor və kaliumla təmin olunmasına görə də torpaqlar xüsusi (aşağı, orta, yüksək) səviyyələrdə qruplaşdırılır. Torpaqların meliorativ vəziyyəti qrunt sularının dərinliyi və minerallaşmasına görə müəyyənləşdirilir. Təbii yem sahələri olan otlaqlar, şoranlıq, kolluq, bataqlıq və eroziyaya məruz qalmış torpaqlar da nəzərə alınmalıdır. Torpaqların kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsində suvarılan torpaqlarda suvarmanın dərəcəsi, üsulları və kollektor-drenaj şəbəkəsinin vəziyyəti düzgün nəzərə alınmalıdır. Müqayisəli qiymətləndirmədə isə daxildəki humus, azot, fosfor və kalium tərkibi udulmuş əsasların cəmi kimi götürülür. Beləliklə, torpaqşünaslıq elmi müasir dövrədək əhəmiyyətli inkişaf yolu keçmişdir. Hazırda bu elmin müddəaları torpaq münasibətlərinin formalaşması, ekoloji tarazlığın qorunması və kənd təsərrüfatı məhsullarının istehsalında mühüm rol oynayır. Regionlarımızın ekoloji cəhətdən bərpası və burada aqrar sahənin canlandırılmasında bir sıra mövcud problemləri yaradan faktorları nəzərə almaqla tətbiq olunan elmi yanaşma vacibdir.

Əlövsət Quliyev

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru / Aqrar elmlər üzrə elmlər doktoru