Tut Ağacinin İnnovativ Texnologiyalarla Becərilməsi Yolu İlə İpəkçiliyin İntensivləşdirilməsi

Bütün dövrlərdə insanlar mütərəqqi becərmə texnologiyalarını tətbiq edərək kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etməyə çalışmışlar. Perspektivli üsullardan biri ağacların şpalerlərdə (beton və ya dəmir dirəklərdə) becərilməsi üsulu ilə tut plantasiyalarının formalaşdırılmasıdır. Bu da əl əməyini minimallaşdırmağa və yemlik yarpaqların mexanikləşdirilmiş üsulla yığılmasına imkan verir. Tut, üzüm, kivi, böyürtkən, moruq və qarağat kimi bitkilərin şpaler formasında becərilməsi qədim vaxtlardan mövcuddur. Bu əkin üsulu vasitəsilə bitkilərdən maksimal məhsul alınması, məhsul yığımının asanlaşdırılması, plantasiyaya qulluq və mühafizə üzrə aqrotexniki tədbirlərin görülməsi mümkündür.

Tut plantasiyalarının salınması aşağıdakı mərhələlərdən ibarətdir:

1. İlk öncə 2-2,5 metrdən çox olmayan məsafədə tinglərin əkilməsi üçün paralel cərgə və suvarma şırımları yaradılmalıdır;

2. Şpalerlər 5-7 metrdən bir yerləşdirilməli və 4 cərgədə polad məftillə bir-birinə bağlanmalıdır;

3.Yuxarı cərgədəki məftildən I və II yaş dövründə olan tut ipəkqurdunun yemlənməsi üçün cavan yarpaqların toplanması ilə əlaqədar istifadə olunmalıdır.

Dünya bazarında ipəkçilik məhsullarına olan tələbat artmaqda davam edir. Tut ağacı yarpağından əsas yem bazası kimi istifadə edən ölkələrdə ixtisaslaşdırılmış maşın xətti yaradılmışdır. Yarpaqları yığmaq üçün plantasiyada cərgə aralarında quraşdırılmış asma aqreqatdan istifadə edilir. Sonrakı mərhələdə yarpaqlar çeşidlənərək xüsusi taralarda yem üçün saxlanılır. Optimal mühit şəraitində yüksək məhsuldarlığa malik tut ipəkqurdu cinslərinin bir çoxu əlverişsiz şəraitə düşdükdə məhsuldarlığı kəskin surətdə azalır.

Bu da kənd təsərrüfatının müvafiq sahədə iqtisadiyyatına ciddi ziyan vurur. Buna görə də yarpaqların saxlanılması üçün temperatur 5-70C olmalıdır. Aparılan tədqiqatların əsas məqsədi ipəkqurdu tırtıllarının yem bazasının yaradılması üçün müxtəlif vegetasiyalı tut ağaclarının seçilməsidir. Qeyd olunan aqrotexniki tədbirlərin düzgün tətbiqi nəticəsində tut plantasiyalarından keyfiyyətli yarpaq əldə etmək mümkündür. Yarpağın yemlik keyfiyyəti tut ipəkqurdunun inkişafı və baramanın biotexnoloji xüsusiyyətlərinə əsasən müəyyənləşir. İpəkçilikdə üstünlük təşkil edən ağbaramalı ipəkqurdu cinsləri yemin keyfiyyətinə müsbət təsir göstərir. Bu da onların bioekoloji xüsusiyyətlərindən biridir. Tacikistanda Baytarlıq Diaqnostika Mərkəzinin laboratoriyalarında toksikoloji, radiobioloji və bakterioloji tədqiqatlar aparılmışdır. Nəticədə tut ağacının yemlik dəyərinin sort, yarpağın yetişmə müddəti və budaqda yerləşməsindən asılı olduğu müəyyənləşdirilmişdir. Tədqiqatlara əsasən müəyyən olunmuşdur ki, qidalılıq komponentlərinə görə tut bağında ən keyfiyyətli yarpaqlar cavan bitkilərin orta yarusundakı budaqlarda yerləşir. Belə ki, bu yarpaqlarda 1,90% kalsium, 2% fosfor, 3,30% ümumi azot, 20,67% xam protein, 5,23% yağ və 75-78% nəmlik olur. Bu göstəricilər budağın aşağı və yuxarı yaruslarındakından daha çoxdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ölkəmizdə ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görmüşdür. Qarşıda duran əsas məsələ ipəkqurdu üçün dayanıqlı yem bazasının yaradılmasıdır. Bu məqsədlə ölkənin müxtəlif regionlarında tut ağacı plantasiyaları salınır.

Tədqiqatlarda tut ağacı yarpağının uzun müddətli saxlanılması üsullarının öyrənilməsi də nəzərdə tutulur. Abşeron rayonunun Pirşağı qəsəbəsi ərazisində salınan yemlik tut ağacı plantasiyasında zəruri aqrotexniki tədbirlər həyata keçirilmişdir. Plantasiyanın kütləvi yarpaq yığımına hazırlanması üçün müxtəlif gübrələrin verilməsi, erkən yarpaq alınması, habelə tırtılların hansı yemə üstünlük verməsi məsələlərinin araşdırılması mütləqdir. Araşdırılan hər bir sortun ümumi məhsuldarlığı bir hektardan alınan yarpaq, barama, xam ipək məhsulu və pul gəliri ilə xarakterizə olunur. Bunun üçün ilk növbədə qurdların yemləndirilməsində istifadə edilən və yeni aqrotexniki şəraitdə becərilən diploid, triploid və tetraploid tut sortlarının müqayisəli şəkildə yarpaq məhsuldarlığı müəyyən edilmişdir. Bu zaman V yaşında olan tut ipəkqurdlarının yemə tələbatının daha çox olduğu ortaya çıxmışdır. Alınmış nəticələrə əsasən sortların iqtisadi səmərəliliyi də öyrənilmişdir. Tut ipəkqurdunun inkişafı üçün yaz mövsümünün ekoloji amilləri çox əlverişlidir. Belə ki, bu mövsümdə tut ipəkqurdunun normal böyüməsi üçün lazım olan optimal ekoloji şərait asanlıqla təmin olunur. Yay və payız mövsümlərinin ekoloji amilləri isə çox əlverişsizdir. Çünki bu dövrdə temperatur tələb olunandan xeyli yuxarı, nisbi rütubət isə aşağı olur. Buna görə də tut yarpaqlarının keyfiyyəti vegetativ qocalma nəticəsində xeyli pisləşir. Mövsümi yemləmələrə dözümlü hibridlərin yaradılması da il ərzində artıq məhsul əldə edilməsinə kömək edir.

Sialə Rüstəmova

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru / Aqrar elmlər üzrə fəlsəfə doktoru