Qarabağ Düzənliyi Şəraitində Payızlıq Buğda Sortlarının Səpini

Dənli bitkilər içərisində buğda öz istehsal həcmi və qidalılıq dəyərinə görə alternativi olmayan məhsul kimi mühüm strateji əhəmiyyətə malikdir. Ona görə də buğda bitkisinin məhsuldarlıq və keyfiyyətinin artırılması, həmçinin istehsalının səmərəliliyinin yüksəldilməsi vacib məsələlərdən biridir. Buna da seleksiya yolu ilə yüksək məhsuldar və adaptiv xüsusiyyətlərə malik sortların yaradılması, becərmə texnologiyalarının intensivləşdirilməsi hesabına nail olmaq mümkündür.

Taxıl istehsalının artırılmasının əsas yolları aşağıdakılardır:

• Torpağa səmərəli gübrələrin verilməsi;

• Optimal səpin müddəti və normalarının müəyyənləşdirilməsi;

• Yeni intensiv tipli sortların təsərrüfatlara tətbiqi;

• Keyfiyyətli toxum materiallarından istifadə edilməsi;

• Əkinlərin xəstəlik, zərərverici və alaq otlarından mühafizə olunması.

Qarabağ düzənliyi şəraitində adi səpinlərə nisbətən resursmühafizəedici innovativ tirəli səpin texnologiyalarında payızlıq yumşaq buğdalar 2,5-8,6 s/ha, bərk buğdalar 1,2-8 s/ha, arpalar isə 1,6-4 s/ha artıq dən məhsulu formalaşdırır. Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılmış “Mətin”, “Əsgəran” və “Xəzri” payızlıq yumşaq buğda sortları sınaqdan keçirilmişdir. Bu sortların tirəli səpin üsulunda gübrəsiz və gübrəli variantları ilə Tərtər Bölgə Təcrübə Stansiyasında tədqiqat işi aparılmışdır. Tədqiqatda sahəsi 49,7 m2, ləklərin ara məsafəsi 1 m, təkrarların ara məsafəsi 0,5 m olmaqla, cəmi 81 variant təcrübədən keçmişdir.

2019-2020-ci illərdə apardığımız tədqiqatlardan məlum olmuşdur ki, Qarabağ düzənliyi torpaqlarında adi və tirəli səpin üsullarından, mineral gübrələrin verilmə normalarından asılı olaraq yeni yaradılmış intensiv payızlıq buğda sortlarının dən məhsuldarlığında artım müşahidə edilmişdir. Belə ki, adi səpin üsulunda gübrəsiz 3 mln. ədəd cücərən toxum səpilmişdir. “Mətin” sortundan 33,8 s/ha, N90P60 variantından 52,2 s/ha və N120P90 variantından 53,7 s/ha dən məhsulu əldə olunmuşdur. Tirəli səpin üsulunda bu göstəricilər uyğun olaraq 37,7; 63 və 66,3 sentnerədək yüksəlmişdir. Yeni intensiv payızlıq buğda sortlarının dən məhsuldarlığı gübrələrin verilmə normalarından asılı olaraq dəyişir. Nəticədə becərilən sortlar arasında “Mətin” sortu üstünlük təşkil etmişdir. Tirəli səpində buğdanın dən məhsulu adi səpinə nisbətən 6,2 s/ha artıq olmuşdur.

 

 

Buğdanın məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, müasir sortların potensial məhsuldarlığı ilə real məhsuldarlığı arasında hələ də uyğunsuzluq vardır. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün əkinçilik sisteminin təkmilləşdirilməsi və genetik metodlarla yeni sort modeli hesabına məhsuldarlığın artırılması vacibdir.

İmran Cümşüdov

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru / Aqrar elmlər üzrə fəlsəfə doktoru