Vahid Əkinçilik Sistemi

Vahid əkinçilik sisteminin əsas vəzifəsi torpaqlardan səmərəli istifadə edilməsi, bitkilərin məhsuldarlığı və torpağın münbitliyinin artırılması məqsədilə müxtəlif metodların hazırlanması və tətbiq edilməsidir. Bu metodlar bir-biri ilə sıx şəkildə bağlıdır və vahid əkinçilik sisteminin səmərəliliyini müəyyən edir. Bundan başqa, torpaq-iqlim şəraitindən asılı olaraq suvarma, qurutma, kimyəvi meliorasiya və meşə zolaqlarının salınması üsulları da vahid əkinçilik sisteminə daxildir.

Vahid əkinçilik sistemi kənd təsərrüfatı bitkilərindən davamlı məhsul əldə edilməsi məqsədilə torpağın münbitliyinin bərpasına yönəldilmiş aqrotexniki, meliorativ və təşkilati-iqtisadi tədbirlər kompleksidir.

Ərazidə sahə vahidinə düşən günəş enerjisindən səmərəli şəkildə istifadə etməklə bu məqsədə nail olmaq mümkündür.

Günəş enerjisinin bitkilər tərəfindən maksimum dərəcədə mənimsənilməsi onların inkişafında və məhsuldarlığının artırılmasında mühüm rol oynayır. Torpaq münbitliyinin bərpasına isə normativ əsaslarla hesablaşma metodlarından istifadə edərək aqrotexniki və meliorativ tədbirlərin həyata keçirilməsi ilə nail olunur. Bu zaman iqtisadi və sosial əlaqələr də mütləq nəzərə alınmalıdır.

Vahid əkinçilik sisteminin tərkib hissələri aşağıdakılardır:

• Torpağın becərilməsi sistemi;

• Növbəli əkin sistemi;

• Gübrə sistemi;

• Bitki mühafizəsi sistemi;

• Toxumçuluq sistemi;

• Meliorativ tədbirlər sistemi;

• Ekoloji nəzarət sistemi;

• Maşın sistemi;

• Torpağın su və külək eroziyasından mühafizəsi üzrə tədbirlər sistemi.

Torpağın becərilməsi sistemi ekoloji və torpaqqoruyucu olmalıdır. Torpağın becərilmə texnologiyaları və üsulları torpaq-iqlim şəraiti, aqrolandşaft, bitkilərin bioloji xüsusiyyətləri, hidroloji şərait və fitosanitar vəziyyətə görə müəyyən edilir. Növbəli əkinlərdə torpaq sahələri səthi, dərindən, laydırlı və laydırsız üsulların növbələşməsini nəzərdə tutan müxtəlif dərinliklərdə becərilir. Torpaqların vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün onların becərilməsi minimallaşdırılır. Növbəli əkin sistemi əkin sahələrinin strukturu, torpaq-iqlim və bazar şəraiti, yemə olan tələbat, texniki resurslar, istehsal texnologiyaları və təsərrüfatın iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla torpaqların aqroekoloji qruplaşmasına əsaslanır. Gübrə sistemi məhsulun keyfiyyətini artırmaq, eləcə də torpağın münbitliyini bərpa etmək üçün üzvi və mineral gübrələrin istifadəsini nəzərdə tutan kompleks aqronomik və təşkilati tədbirlərdir. Üzvi və mineral gübrələrin optimal miqdarda verilməsi daha səmərəlidir. Bitki mühafizəsi sistemi əkinlərin fitosanitar potensialının tənzimlənməsi və idarə olunması sistemidir. Səmərəli bitki mühafizə sistemi zərərverici orqanizmlər və alaq otlarının yayılma proqnozu əsasında işlənib hazırlanır.

Toxumçuluq sistemi və ya təsərrüfatdaxili toxumçuluğun təşkili aşağıdakılardan ibarətdir:

- Toxum istehsalının planlaşdırılması;

 - Sort və toxum nəzarəti;

- Toxum materialının saxlanması;

 - Toxumun səpinə hazırlanması;

 - Sort dəyişkənliyi və yenilənməsi;

- Payızlıqlar üçün keçici toxum fondlarının yaradılması.

Meliorativ tədbirlər sistemi torpaq və əkin sahələrinin mikroiqliminin yaxşılaşdırılmasından ibarətdir. Buraya su hövzələrinin yaxşılaşdırılması, aqromeşə meliorasiyası, torpaqların rekultivasiyası və meliorativ becərilməsi kimi tədbirlər daxildir. Ekoloji nəzarət sistemində nitrat turşusu və pestisidlərin torpaq örtüyünə təsiri, səthi və qrunt sularının çoxillik bitkilər, quşların təbii yuvalama və həşəratların yayılma yerləri, həmçinin ətraf mühit obyektlərinə toplanması müşahidə edilir. Maşın sistemi bitkilərin becərilməsi və yığımının mexanikləşdirilməsi prosesindən ibarətdir. Maşın kompleksləri bitkilərin becərilmə texnologiyalarına uyğun olaraq formalaşdırılmalıdır.

Vahid əkinçilik sistemi konkret təsərrüfat və müəssisələr üçün aşağıdakı məsələləri həll etməlidir:

• Bioiqlim potensialı, torpaq, bitki, su, texniki, əmək və digər resursların səmərəli istifadə olunmasını təmin etmək;

• Minimum əmək və resurs sərf etmək yolu ilə maksimum miqdarda keyfiyyətli məhsul əldə etmək üçün optimal şərait yaratmaq;

• Torpağın münbitliyini artırmaq;

 • Eroziya proseslərinin inkişafı və ətraf mühitin çirkləndirilməsi risklərini aradan qaldırmaq.

 Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında vahid əkinçilik sistemi tam tətbiq olunmur. Bu səbəbdən əkinə yararlı torpaqlarımızın 60%-i eroziya və deqradasiyaya uğramışdır. Həmin sahələrdə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta göstəricilərdən xeyli aşağıdır. Əgər Azərbaycanda vahid əkinçilik sistemi tam və tələb olunan səviyyədə tətbiq olunarsa, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 1,5-2 dəfə artar və torpaqların münbitliyinin bərpasına da nail olmaq olar.

Faiq Xudayev

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru / Aqrar elmlər üzrə fəlsəfə doktoru