Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi

Bu gün biz keçən ilin yekunlarını müzakirə edəcəyik, 2021-ci ildə görüləcək işlər haqqında danışacağıq. Keçən ilin və son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur kapitulyasiya aktına imza atıb təslim oldu. Biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Şanlı qələbəmiz bizim güclü iradəmizi və xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Biz göstərdik ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Bununla da məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi.

Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilən vəzifələrə uyğun olaraq bu il də tədbirlər davam etdirilmişdir. Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlar aqrar sektorun inkişafı üçün yeni imkanlar yaratmışdır. Kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam etdi. Belə ki, bitkiçilikdə 1%, heyvandarlıqda isə 2,9% artım müşahidə olunmuşdur. Pandemiya dövründə kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilmişdir. 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilmişdir. İşğaldan azad edilən ərazilər hesabına növbəti illərdə əkin balansının təqribən 10% artırılması nəzərdə tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa mənfi təsir göstərmişdir. Buna baxmayaraq, taxılçılıqda məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib. Qeyd etmək lazımdır ki, suvarma problemi yaşamayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub 40 sentneri ötmüşdür. Hətta bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq 60 sentnerə qədər çatmışdır.

İlkin rəqəmlərə görə, ötən illə müqayisədə 2,5% çox tərəvəz, 4,2% çox meyvə və giləmeyvə, 15% çox tütün, 2,1% çox kartof istehsal edilmişdir. Həmçinin pambıq sahəsində məhsuldarlıq 33,5 sentner, tütün üzrə məhsuldarlıq 22,1 sentner, şəkər çuğunduru üzrə məhsuldarlıq 481 sentner, çəltik üzrə məhsuldarlıq isə 32,8 sentner olmuşdur.

Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb. İlkin nəticələrə görə, ət istehsalında 3,1%, süd istehsalında isə 1,7% artım müşahidə olunmuşdur.

2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14%-ni təşkil edib. Bu il intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək.

Ötən ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilmişdir. Bu günədək sistemdən 546 mindən çox fermer qeydiyyatdan keçib.

Fermerlərin tələbatını ödəmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilmişdir. Bütün bunlarla yanaşı, 3400-dən çox fermerə də mikrokreditlər verilmişdir.

Fermerlərin təbii fəlakət və digər risklərdən qorunması üçün aqrar sığorta sistemi formalaşdırılmışdır. Ötən ilin noyabr ayından heyvandarlıq və bitkiçilik sahəsi üzrə sığorta məhsulu fermerlərə təqdim edilib. Su məsələləri komissiyasının koordinasiyası ilə fermerlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə tədbirlər davam etdirilir. “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə mövcud suyun ədalətli və vaxtında bölüşdürülməsi üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib edilərək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dərc olunmuşdur. Hazırda payızlıq əkinlərin su tələbatının formalaşdırılması üzrə işlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi ilə “Azərkosmos” ASC tərəfindən işğaldan azad olunmuş ərazilərdə çoxillik əkmələrin peyk təsvirləri əsasında faktiki əkinaltı torpaqların xəritələşməsi işi aparılmışdır. Hazırda həmin torpaqlarda əkinlərin aparılması və aqrotexniki qulluq tədbirlərinin göstərilməsi ilə bağlı ilkin işlərə başlanılıb.

Bu il aqrar sahədə həyata keçirilən islahatlardan bəhrələnərək Kənd Təsərrüfatı Nazirliyi əsas diqqətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsi, bu xidmətlərin daha əlçatan edilməsi, innovativ üsulların tətbiqi və ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəltmişdir.

Prezident İlham Əliyevin yekun nitqi

Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi qabaqcadan prioritetlər seçməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahələri üzrə çox böyük potensialları var. Kəlbəcər və Laçın rayonlarında çox böyük otlaq sahələri vardır. Azad edilmiş torpaqlarda sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, bağçılıq və heyvandarlıq sahələri çox inkişaf etmişdi. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var. Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün azad edilmiş torpaqlarda suvarma işləri sürətlə aparılmalıdır. Su mənbələrinin kifayət qədər çox olduğunu nəzərə alsaq, bu ərazilərdə ən müasir suvarma sistemləri təşkil edilməlidir. Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işlərinə artıq başlanılıb. Hazırda bu torpaqlarda payızlıq əkin aparılır. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz bu ildə bütün dünya və Azərbaycan xalqı görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır. İl başlayıb, bizim hamımıza uğurlar, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir!