Yem istehsalının artırılması, əkin sahələri, biçənək və otlaqların genişləndirilməsi ölkəmizdə heyvandarlığın inkişaf etdirilməsi üçün başlıca şərtdir. Möhkəm yem bazası yaratmaqla heyvandarlıq məhsullarının artırılması mümkündür. Heyvanların yemləndirilməsi üçün becərilən əsas yem bitkiləri bunlardır: birillik və çoxillik yem otları, yerkökü, yem çuğunduru, kartof, yerarmudu, habelə qarğıdalı, günəbaxan, yem kələmi, noxud, soya, mərci kimi dənli-paxlalı və çovdar, vələmir, arpa, darı kimi dənli bitkilər.
Birillik dənli bitkilər botanik xüsusiyyətləri və kimyəvi tərkibinə görə aşağıdakı qruplara bölünür:
• Əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir;
• Darıyabənzər taxıl tipli bitkilər – darı, düyü, qarğıdalı;
• Paxlalı dənli bitkilər – noxud, lobya, mərci, paxla və soya.
Qarğıdalı taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Bu bitkidən kənd təsərrüfatının bir çox sahələrində istifadə edilir. Məsələn, qarğıdalı dənindən nişasta, şəkər, bal, yağ, E vitamini, askorbin və qlütamin turşuları əldə edilir. Qarğıdalı dəni quşçuluq üçün ən qiymətli yemdir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır.
Bu bitkidən çox keyfiyyətli silos alınır. Qarğıdalı silosu yaxşı həzm olunmaqla yanaşı, pəhriz xüsusiyyətinə də malikdir. Bir sələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür.
Cənub bölgəsində bu bitkinin gecikmiş və ya təkrar səpinləri bir ildə 2 dəfə məhsul yığmağa imkan verir. Qarğıdalı 9 botaniki qrupa bölünür: bərk, dişəbənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli.
Azərbaycanda bərk qarğıdalı sortu daha çox əkilir. Qarğıdalı dənində 60-70% karbohidrat, 12% zülal, 4-6% yağ olur. Qarğıdalı şaxtaya, xüsusən payız şaxtalarına daha həssasdır.
Havanın temperaturu 30 dərəcədən aşağı olduqda bitkilərin inkişafı dayanır. Bu hal uzun müddət davam etdikdə yarpaq və gövdə saralıb quruyur, ondan hazırlanmış silos öz keyfiyyətini itirir. Qarğıdalı quraqlığa nisbətən dözümlü bitkidir. Bir sentner quru kütlə əmələ gətirmək üçün 20-30 ton su tələb edir. Bu göstərici vələmir və arpa bitkilərinə nisbətən azdır. Lakin yüksək məhsul almaq üçün daha çox su tələb edir. Ona görə də qarğıdalıdan 35-40 sentner dən məhsulu və ya 350-400 sentner yaşıl kütlə almaq üçün yay aylarında yağıntının miqdarı 260-300 mm olmalıdır. Süpürgələməyə 10 gün qalmış və ya 20 gün keçdikdən sonra rütubətliliyin olmaması məhsuldarlığı xeyli azaldır.
Heyvanların qida rasionunda yonca və xaşa kimi çoxillik yem otlarının əhəmiyyəti böyükdür. Erkən yazdan payızın axırlarına qədər bu otlardan heyvanlar üçün yem hazırlanır. Çoxillik otlar biçənək bitkisi olmaqla yanaşı, onlardan senaj, silos, quru ot, briket və ot unu istehsal edilir. Bu bitkilərin yaşıl kütləsi və quru otu yüksək yemlilik dəyərinə malikdir. Quru otun hər kiloqramında 0,5-0,6 yem vahidi vardır. Yonca A, C, V1, V2, PP, E və K vitaminləri ilə zəngindir. Mütləq quru maddəyə görə yonca otunda 18% zülal, 2,7% yağ, 30,2% sellüloza, 39,4% azotsuz ekstraktiv maddələr və 9,7% kül vardır. Yoncanın yaşıl kütləsi, quru otu, senajı və ondan hazırlanmış ot unu yüksək qidalılıq dəyərinə malikdir.
Düzgün yemləmə nə deməkdir?
Heyvanlar qəbul etdiyi yemi asanlıqla həzm etdikdə və bu yem bütün fizioloji tələbləri ödədikdə buna düzgün yemləmə deyilir. Heyvanların diri çəkisi, məhsuldarlığı, fizioloji vəziyyəti və yaşını nəzərə alaraq yem rasionları tərtib edilir. Düzgün tərtib edilmiş rasionda heyvan orqanizmi üçün zəruri olan zülal, karbohidrat, yağ, mineral maddələr və vitaminlər olmalıdır. Ona görə də gündəlik qida rasionu qaba, şirəli və qüvvəli yemlərdən hazırlanır.
Heyvan yalnız bir növ yemlə qidalandıqda öz orqanizmi üçün zəruri olan qida maddələrinin çoxunu ala bilmir və xəstələnir.
Qida rasionu uzun müddət eyni tərkibli olarsa, heyvanların iştahı azalır və bu da məhsuldarlığa mənfi təsir göstərir. Odur ki, rasiona daxil edilən yemlər vaxtaşırı dəyişdirilməlidir. Lakin mədə-bağırsaq sistemi eyni rasiona uyğunlaşdığına görə bir yemdən digərinə birdən-birə keçid etmək olmaz. Bütün bunlarla yanaşı, heyvanların sağlamlığı və məhsuldarlığına yemləmə rejiminin təsiri böyükdür. Heyvanlar həmişə eyni vaxtda yemləndikdə onlarda vaxta aid şərti refleks əmələ gəlir. Rejimsiz yemləmə mədə-bağırsaq sisteminə zərər verir.
Zülal – həyatın əsasıdır. Zülal maddələri orqanizmin həyat fəaliyyətini təmin edir. Yem payında zülal çatışmazlığı boğaz heyvanlar, südlük inəklər və cavan heyvanları zəiflədərək məhsuldarlığı azaldır.
Zülallar mürəkkəb birləşmələr olmaqla, müxtəlif bioloji fəallığa malik amin turşularından ibarətdir. Tam və qeyri-tam dəyərli olmaqla zülallar 2 qrupa bölünür. Heyvan və bitki zülalları bir-birindən fərqlənir. Heyvan zülallarının əksəriyyəti süd, ət, sümük unu, balıq unu və s. tam dəyərli zülallar sırasına daxildir. Bitkilərdə amin turşuları o qədər də çox olmur.
Dənli bitkilərin çoxunda triptofon və lizin olduqca azdır. Paxlalı bitkilər isə digər bitkilərdən fərqli olaraq əvəzedilməz amin turşuları ilə zəngindir. Heyvanların amin turşuları ilə düzgün təmin edilməsi üçün qida rasionu bir neçə növ yemdən tərtib edilməlidir.
Karbohidratlar – yem bitkilərinin əsasını təşkil edən azotsuz üzvi maddələrdir. Heyvan orqanizmində karbohidratlar artıq olarsa, piyə çevrilir və ehtiyat kimi toplanır. Az miqdarda olduqda orqanizmdəki yağ və zülallar parçalanaraq karbohidratlara çevrilir. Heyvanlar, xüsusilə inək və camışlar şirəli yemlərin tərkibində olan karbohidratları daha rahat mənimsəyir.
Mineral maddələr – cüzi miqdarda çatışmadıqda heyvanlarda maddələr mübadiləsi pozulur, bununla da xəstəliklər baş verir. Heyvanın həyat fəaliyyətini təmin etmək üçün natrium, kalsium, kalium, fosfor, xlor, kükürd, dəmir və manqan kimi elementlər vacibdir.
Kalium orqanizmə bitki yemləri vasitəsilə daxil olur, natrium isə bitkilərdə yox dərəcəsindədir, ona görə də otyeyən heyvanlara əlavə olaraq xörək duzu verilir. Xörək duzu verilmədikdə orqanizmdə natriumla kaliumun nisbəti dəyişir və maddələr mübadiləsi pozulur.
Heyvanların fizioloji vəziyyəti və yaşından asılı olaraq xörək duzu müəyyən norma ilə verilir. Bununla yanaşı, heyvanların qida rasionuna təbaşir, sümük unu və fosfor gübrəsi əlavə edilir. Təbaşir və sümük unu qaramalın məhsuldarlığını artırmaq üçün hər başa 50 qram, buzovlara isə 5-15 qram verilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlıqda yem təminatının gücləndirilməsi məqsədilə bir sıra innovativ layihələr həyata keçirilir. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin həyata keçirdiyi intensiv yemçilik layihəsi buna nümunədir.
Mirzə Həsənov
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Quş xəstəlikləri şöbəsinin müdiri
Aqrar elmlər üzrə fəlsəfə doktoru