Yeni doğulmuş buzovların doğumdan sonrakı müddətdə xəstəliklərə yoluxma riski yüksəkdir. Bir qrup bakteriya və viruslar orqanizmdə infeksiyanın yaranmasına səbəb olur. Buna görə də heyvandarlıq təsərrüfatlarında yeni doğulan buzovların 80-90%-i xəstələnə və ya ölə bilər. Xəstəlikdən sağ çıxanlarda isə inkişafdan qalma və ya damazlıq keyfiyyətinin itirilməsi kimi hallarla qarşılaşmaq mümkündür. Xəstəliklərin əsas səbəblərindən biri boğazlıq dövrü ilə əlaqədardır. Bu dövrdə plansız yemləməyə məruz qalan inəklərdə çətin doğuşla yanaşı, fizioloji olaraq sağlam olmayan balaların doğulması hadisəsi də müşahidə edilir. Şəkər çuğunduru, keyfiyyətsiz yonca, qarğıdalının saralmış hissəsi və samanla intensiv yemləmə zəif balaların doğulması və ya görmə qabiliyyətinin itirilməsinə səbəb olur. Qida rasionunda kifayət qədər beta-karotin və ya A vitamininin olmaması qış aylarında doğulan balalarda xəstəliklərə qarşı müqaviməti azaldır. Beta-karotinin təbii mənbəyi yaşıl yemlərdir. Həmçinin ana heyvan başqa bir tövləyə köçürülüb orada doğum etdikdə yeni doğulmuş balanın immun sistemi zəif olur.
Bundan əlavə, boğazlıq dövründə həddindən artıq piylənmə, hərəkətsizlik, təsərrüfatda gigiyenik qaydalara əməl edilməməsi, heyvanların günəş işığından faydalana bilməməsi və qocalıq kimi amillər yeni doğulmuş buzovların sağlamlığına mənfi təsir göstərir. Buna görə də yaşlı heyvanlar arasında təbii və ya süni mayalanmanın qarşısı alınmalıdır. Boğaz heyvanların süd sağımı doğuşdan ən azı 6-8 həftə əvvəl dayandırılmalıdır. Buna qurutma dövrü deyilir. Qurutma dövründə yemləmədə məhsuldarlıq payı nəzərə alınmamalı və heyvanlara konsentrat yem verilməməlidir. Yeni doğulmuş buzovlar bədən temperaturunun sabit saxlanılmasında çətinlik çəkirlər. Çünki ana bətnində steril şəraitdə inkişaf edən buzov xarici mühitə çıxdıqda ətraf mühitə uyğunlaşa bilmir.
Buna görə də bala doğulduqdan dərhal sonra ona ağız südü verilməlidir. Buzovun lazımi miqdarda ağız südü qəbul etməməsi xəstəliklərə tez yoluxmasına səbəb ola bilər. Ağız südündə quru maddənin miqdarı adi südün
tərkibinə görə 2-2,5 dəfə çoxdur. Həmçinin zülalın miqdarı 18% olmaqla, adi südə nisbətən 4-5 dəfə çoxdur. Bu baxımdan ağız südü həyati əhəmiyyətə malikdir. Yeni doğulmuş buzovlarda həzm sistemi 36-48 saatdan sonra fəaliyyətə başlayır. Doğumdan sonrakı ilk saatlarda verilən ağız südü mədə və bağırsaqlarda heç bir dəyişikliyə səbəb olmadan birbaşa qan dövranına daxil olur. Buzovlarda immun sistemini formalaşdırmaq üçün
doğumdan sonrakı ilk 3 saat ərzində canlı çəkinin 5%-i və 24 saat ərzində canlı çəkinin 10%-i qədər ağız südü verilməlidir. Doğumdan yarım saat sonra buzov ayağa qalxmalıdır. Artıq miqdarda südün verilməsi zamanı bağırsaqlarda bakteriyalar sürətlə inkişaf etdiyinə görə iltihaba səbəb olur. Lazım olandan daha çox ağız südü hasil olduğu halda, qalan mayenin dondurulması tövsiyə edilir. Buzovlar üçün ən təhlükəli xəstəliklərdən biri diareya
(ishal) xəstəliyidir. Xəstəlik nə qədər tez aşkarlanarsa, bir o qədər yaxşı olar. Buzova yaxınlaşanda dərhal ayağa qalxmırsa, belini əyib başını aşağı salırsa, döşənəkdə qanlı və ya açıq-boz rəngli kütlə görünürsə, bu simptomlar xəstəliyə işarədir. Baytar gələnə qədər buzova kifayət qədər su verilməlidir.
Diareyanın iki növü vardır: infeksion və qidadan qaynaqlanan. Qidanın səbəb olduğu diareya çox vaxt özü müalicə olunur və ölümcül deyildir. Lakin patogenlərin inkişafı üçün əlverişli şərait yarada biləcəyinə görə ciddi qəbul edilməlidir. Bakteriya və ya virusların səbəb olduğu infeksion diareya sanitar vəziyyətin qənaətbəxş olmamasından irəli gəlir. Güclü və sağlam buzov əldə etmək üçün onlara steril şərait yaratmaq lazımdır. Sidiklə islanmış döşənəklər ammonyakın yaranmasına səbəb olur. Heyvanların dərisi və tüklərinin quru olduğu, ventilyasiyanın havanı təmizlədiyi, lakin çox qurutmadığı bir mühit yaradılmalıdır. Döşənək yaş olarsa, dəyişdirilməli və yaxud yerə daha çox küləş tökülməlidir.
Ramin Abbasov
Respublika Süni Mayalanma Mərkəzində direktorun müşaviri
Azərbaycan Dövlət Aqrar Universiteti
Baytarlıq təbabəti fakültəsində baş müəllim