Fındıq Sortlarının Pomoloji Xüsusiyyətləri

Ölkəmizdə hazırda 34946 hektar sahə gərzəkli meyvə bitkilərinə ayrılmışdır. Bu bitkilər içərisində əkin sahəsi və yayılma arealına görə fındıq bitkisi ikinci yeri tutur. Fındıq 8-10 gövdəli kol şəklində olan bitkidir. Çiçək tumurcuqları birillik budaqlarda yaranır. Belə budaqlar 10 il ərzində məhsul verir. Məhsul verdikdən sonra budaqlar kəsilib atılır. Budama zamanı pöhrələr kəsilir, keçən il məhsul vermiş budaqlar isə 2-3 tumurcuğa qədər qısaldılır. Bu bitki kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır. Pöhrələr qabaqcadan nişanlanmış kollardan götürülür. Əsasən 2-3 illik pöhrələr çıxarılır. Fındıq Şəki-Zaqatala, Dağlıq Qarabağ, Quba-Xaçmaz bölgələrində cır halda geniş yayılmışdır. Son illərdə aparılan tədqiqatlar nəticəsində bu bölgələrdə 20-yə yaxın yeni fındıq sortunun pomoloji xüsusiyyətləri öyrənilmişdir. Respublikamızda xalq seleksiyasının məhsulu olan Ata-baba, Yağlı fındıq, Gəncə fındığı və Əşrəfi sortları ilə yanaşı, gətirilmə Kudryavçik sortu da geniş becərilir.

Q1-G1

Xalq seleksiyası yolu ilə seçilmişdir. Əsasən Qusar rayonu ərazisində yayılmışdır. Avqust ayında yetişir, meyvəsi yumru, orta kütləsi isə 3,1 qramdır. Kolun hündürlüyü 4,2 m, eni 1,5 m, yığcam çətirə malik, təxminən 7-10 gövdəlidir. Bir kolun məhsulu orta hesabla 10,4 kq-dır. Mozaika xəstəliyinə yoluxa bilir. Tozlayıcıları Ata-baba və Qalib sortlarıdır.

Ata-baba

Xalq seleksiyası sortudur. Sort sentyabr ayında yetişir. Meyvələrin forması yastı, orta kütləsi 2,8 qram, qabığı isə qalındır. Kolun hündürlüyü 6-8 m, sıx çətirli, təxminən 8-10 gövdəlidir. Məhsuldarlığı 10-12 kq-a çatır. Tozlayıcıları Saçaqlı və Qalib sortlarıdır.

QU1-N1

Quba rayonu ərazisində geniş yayılmışdır. Gecyetişən sort olduğu üçün yığım vaxtı sentyabrın sonuna təsadüf edir. Meyvələrin orta kütləsi 2,1 qramdır. Kolun hündürlüyü 5-7 m, eni 2 m, sıx yarpaqlanan çətirə malik, təxminən 5-7 gövdəlidir. Tozlayıcıları Ata-baba və Saçaqlı sortlarıdır.

Q1-A1

Xalq seleksiyası sortudur. Qismən Quba rayonu ərazisində yayılmışdır. Orta yetişkənliyə malikdir. Yığım vaxtı avqust ayına təsadüf edir. Kolun hündürlüyü 7 m olub olub kürəşəkilli çətirə malikdir. Əkildikdən 4 il sonra məhsula düşür. Məhsuldarlığı orta hesabla 9,5 kq təşkil edir. Tozlayıcıları Ata-baba və Saçaqlı sortlarıdır.

Zaqatala-9

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun seleksiya sortudur. Yetişmə zamanı avqustun sonlarıdır. Meyvələrin orta kütləsi 1,8-2,3 qram, qabığı nazik və ətirlidir. Kolun hündürlüyü 7-12 m olub seyrək çətirə malikdir. Məhsuldarlığı 10-13 kq-dır. Tozlayıcıları Saçaqlı və Yağlı fındıq sortlarıdır.

Ələddin Sadıqov
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvə bitkilərinin seleksiyası şöbəsinin müdiri
Aqrar elmlər üzrə elmlər doktoru