Ölkəmizdə toxumçuluğun mövcud vəziyyəti

Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri də toxumçuluqdur. Məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması da prioritet məsələlərdən biridir. Buna görə də toxumçuluğun mövcud vəziyyəti ilə bağlı sizə suallarımız olacaq.

Ölkəmizin toxum tələbatı nə qədərdir?

Müasir dövrdə toxumçuluq elmi bazaya əsaslanan, araşdırma, təcrübə və müşahidələr əsasında inkişaf edib iqtisadi səmərə verən bir sahədir. Ölkəmizdə 1 milyon hektar taxıl əkin sahəsinin olduğunu nəzərə alsaq, 200 min ton taxıl toxumuna tələbat vardır. Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda istehsal imkanlarının artırılması, o cümlədən ölkə üzrə ərzaq təminatının möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində toxumçuluğun inkişafına böyük diqqət göstərilir. 

Toxumçuluq sahəsinin gücləndirilməsi üçün hansı addımlar atılır?

Respublikamızda toxumçuluq sahəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çoxşaxəlidir. İlk növbədə ölkəmizdə toxumçuluğun inkişafını təmin etmək üçün hüquqi baza yaradılmışdır.

Bu tədbirlərə toxumçu və fermerlərin maarifləndirilməsi, habelə istehsalçılara ilkin toxum təmizləmə avadanlıqlarının alınmasında maliyyə dəstəyinin göstərilməsi daxildir. Bütün bunlarla yanaşı, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda toxum istehsalı ilə məşğul olan fermerlərə subsidiyaların verilməsi, aqrar sığortanın inkişaf etdirilməsi, çoxlu sayda özəl toxumçuluq təsərrüfatlarının yaradılması və uğurla fəaliyyət göstərməsi də məhz bu tədbirlərin nəticəsidir. 

İstehsalçıların daha çox hansı toxumlara tələbatları var?

Əlverişsiz iqlim amillərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsiri məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Ən ciddi risklər isə əkinçilik sahəsində yaranır. Yağıntıların qeyri-bərabər paylanması nəticəsində
bölgələrdə qış mövsümündə quraqlıq hökm sürür, payızda əkilmiş taxılın kollanma fazası aşağı olur və bitkilər sükunət dövrünü normal keçirmir. 

Azərbaycan Toxumçular Assosiasiyası bu sahənin inkişafına necə təsir göstərir?

Azərbaycan Toxumçular Assosiasiyası koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək regionlarda toxumçuluq sahəsinin inkişafına müsbət təsir göstərməyə çalışır. Daxili bazarın yüksək keyfiyyətli toxum sortları ilə təmin
edilməsi toxumçuların fəaliyyətindən asılıdır. Buna görə də biz daim regionlara səfər zamanı toxumçularla görüşür, istehsala və məhsuldarlığa təsir edən amillərlə maraqlanır, bu sahənin inkişafına dair təklifləri qeyd edərək müxtəlif qurumlara məlumat veririk. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Toxumçularla görüşlər zamanı aqrar sahədə olan yeniliklər barədə məlumat verilir, həmçinin bu
mövzu üzrə müzakirələr aparılır. 

Fermerlərə tövsiyələriniz nələrdir?

Fermerlərə tövsiyəm budur ki, mənşəyi məlum olan, Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılmış məhsuldar toxum sortlarından istifadə etmələridir.

Mədinə Əliyeva
Azərbaycan Toxumçular Assosiasiyasının sədri