Pambıq sovkası (Chloridae armigera Hb.) (qoza qurdu) kәnd tәsәrrüfatı bitkilәrinin әn qorxulu zәrәrvericisi hesab olunur. Bu zәrәrverici tәqribәn 350 yabanı vә mәdәni bitki ilә qidalanır. Azәrbaycanda 50-ә yaxın, o cümlәdәn, pambıq, pomidor, qarğıdalı, yonca vә bir çox paxlalı bitkilәrlә qidalanaraq mәhsuldarlığı xeyli aşağı salır, hәmçinin mәhsulun әmtәәlik keyfiyyәtinә mәnfi tәsir göstәrir.
Pambıq sovkası Azәrbaycanda 3-4 nәsil verir. Birinci nәsil әsasәn qarğıdalı, bostan-tәrәvәz bitkilәri vә bәzi alaq otlarında, ikinci vә üçüncü nәsli isә pambıq aqrosenozunda inkişaf edir. Qeyd olunmuş bitkilәrdә pambıq sovkasına qarşı mübarizә әsasәn onun I vә II nәsillәrinә qarşı aparılır. Әksәr hallarda zәrәrvericinin I nәslinin inkişafı dövründә onun miqdarı II nәslә nisbәtәn az olur. Bәzi illәrdә onun inkişafı kütlәvi olur. Belә hallarda bitkidә ilk qönçә vә çiçәklә bәrabәr kiçik qozaların zәdәlәnmәsi baş vә bu halda bitkinin aşağı yarusu tamamilә qozasız olur.
Pambıq sovkasının ayrı-ayrı nәsillәri illik iqlim şәraitindәn asılı olaraq müxtәlif inkişaf dövrü keçir. Bu da kәpәnәklәrin uçuş müddәtindәn vә qışlamış pupların diapauzasından asılıdır. Diapauza keçirәn pupların 10%-i torpaqda sağ qalarsa, yay dövründә hәddindәn çox zәrәr verә bilәr. Bu halın qarşısını almaq üçün zәrәrvericiyә qarşı vaxtında vә düzgün mübarizә tәdbirlәrinin aparılması vacibdir.
Artıq elm vә tәcrübәdә sübut edib ki, pambıq sovkasına qarşı aparılan çoxsaylı dәrmanlamalarla zәrәrvericinin maksimum mәhv edilmәsinә nail olmaq qeyri-mümkündür. Çünki bu dәrmanlamalar pambıq biosenozunda fәaliyyәt göstәrәn faydalı, yırtıcı vә tüfeyli növlәrinin kütlәvi qırılmasına sәbәb olur. Pambıq sovkasına qarşı aparılan mövcud mübarizә taktikası yaranmış vәziyyәtdәn çıxış yolu olmaq әvәzinә, zәrәrvericiliyin daha da artması ilә nәticәlәnirdi.
Әkinçiliyin müasir inkişaf mәrhәlәsindә әtraf mühitin kimyәvi çirklәnmәdәn qorunması әn aktual mәsәlә kimi ön plana çәkilmişdir. Bu sәbәbdәn respublikada becәrilәn pambıq, qarğıdalı, pomidor vә s. әkinlәrinin zәrәrvericilәrdәn mühafizә olunmasında müasir mütәrәqqi mübarizә metodu olan inteqrir mübarizәnin hazırlanmasının vә tәtbiqinin zәruriliyi qarşıya qoyulmuşdur.
İnteqrir mübarizә proqramında pambıq sovkasına qarşı bioloji mübarizәdә bakterial mәnşәli Dendrobasillin, Bitoksibasillin, Boverin vә Endobakterin kimi preparatların istifadәsinә xüsusi әhәmiyyәt verilir. Çünki bioloji mübarizә vasitәlәri kimyәvi mübarizә üsulundan aşağıdakı üstünlüklәri ilә, o cümlәdәn, qәnaәtbәxş bioloji sәmәrәsinә, seçicilik tәsirinә, entomofaqlara vә tozlayıcı hәşәratlara tәsirinin azlığına, hәşәratlarda davamlılığın yaranması ehtimalının olmamasına, gözlәmә müddәtinin qısa olmasına, bitkilәrin bütün inkişaf mәrhәlәlәrindә istifadәsinә, bitki mәhsulunun keyfiyyәtinә tәsir etmәmәsinә, xarici mühitdә vә bitki mәhsullarında toplanmamasına vә istiqanlılar üçün tәhlükәsizliyinә görә fәrqlәnir. Bakterial preparatların daha bir üstünlüyü ondan ibarәtdir ki, onları insektisidlәr, funqisidlәr vә akarisidlәrlә birlikdә istifadә etmәk mümkündür.
Aparılmış tәcrübәlәrdәn müәyyәn edilmişdir ki, bakterial preparatlar pambıq sovkasının kiçik yaşlı tırtıllarına yüksәk toksiki tәsir göstәrir. Pambığın 2%-li Dendrobasillin, Bitoksibasillin, Boverin vә Endobakterin kimi preparatların suspenziyası ilә dәrmanlanması pambıq sovkasının kiçik vә orta yaşlı tırtılların 55-60 % mәhvinә sәbәb olur. Bu preparatların sәmәrәsindә çәtin hәll olunan maneә ondan ibarәtdir ki, mikrobioloji preparatlar tәdrici tәsir göstәrir. Onların sәmәrәsi 8-10 günә özünü göstәrir. Belә ki, tırtılın bağırsağına düşmüş infeksiya inkişaf edәrәk xәstәlik törәtmәlidir vә daxili orqanları parçalamalıdır.
Mikrobioloji preparatların daha bir müsbәt cәhәti ondan ibarәtdir ki, pambıq aqrobiosenozunun faydalı hәşәratlarına mәnfi tәsir göstәrmir vә hәmin sahәdә pambıq sovkasının yırtıcı vә tüfeylilәrinin qorunmasına vә çoxalmasına әlverişli şәrait yaranır.
Pambıq sovkasının miqdarının bioloji mәhdudlaşdırılmasında yuxarıda qeyd olunan mübarizә sxemindә, dendrobasillin istifadә edilmiş sahәyә trixoqramma vә habrobrakon tüfeylilәrinin buraxılması müsbәt nәticә verir. Burada, trixoqrammanın buraxılmasında mәqsәd, sahәdә zәrәrvericinin yumurtasının miqdarını azaltmağa, bakterial preparatların istifadәsi sovkanın kiçik yaşlı tırtıllarının, habrobrakon tüfeylisinin buraxılması isә orta vә iri yaşlı tırtılların mәhv edilmәsinә yönәldilir. Bununla yanaşı, pambıq sovkasına qarşı aversetin tәrkibli bioloji pestisid olan Fitoverm preparatının istifadәsi tırtılların 80-85% mәhvinә sәbәb olur.
Pambıq sovkası ilә mübarizәdә daha bir istiqamәt cinsi feromon tutucularından istifadә olunmasıdır. Cinsi feromon tutucularının kömәyi ilә zәrәrvericinin erkәk cinslәrinin kütlәvi tutulması pambıq sahәsindә erkәk kәpәnәklәrin azalmasına sәbәb olur. Bununla bağlı olaraq dişi kәpәnәklәrin mayalanma prosesi pozulduğundan onların qoyduğu yumurtalar mayasız olur vә onlardan tırtıl çıxmır. Belәliklә, feromon tutucularının istifadәsi pambıq sovkası ilә mübarizәdә әhәmiyyәtli nailiyyәtlәrin qazanılmasına imkan yaradır.
İnteqrir mübarizә sistemindә zәrәrli orqanizmlәrә qarşı mübarizәdә hәmçinin davamlı sortların istifadәsinә yüksәk әhәmiyyәt verilir. Davamlı sortların istifadәsi fitosanitar vәziyyәti yaxşılaşdırır, әksәr hallarda faydalı hәşәratların fәaliyyәtini artırır, pestisidlәrin vә digәr fizioloji aktiv maddәlәrin müqayisәli istifadәsini tәmin edir.
Pambıq sovkası әleyhinә inteqrir mübarizәni hәyata keçirmәk üçün onun әsas elementlәrinin, o cümlәdәn, pambıq zәrәrvericilәrinin iqtisadi ziyanlı hәdlәrinin (İZH) öyrәnilmәsi, selektiv preparatların seçilmәsi, aqrobiosenozda tәbii entofaqlarının növ tәrkibinin dәqiqlәşdirilmәsi vә pambıq sovkasının miqdarını mәhsul üçün tәhlükәsiz hәddә endirmәyә qadir olan tәbii entomofaqların sәmәrәli miqdarının (ESM) öyrәnilmәsi kimi mühüm mәsәlәlәrin hәlli dә vacibdir.
Pambıq sovkasına qarşı müxtәlif aqrosenozlarda inteqrir mübarizәnin tәtbiqi zamanı onun әsas prinsiplәrinә riayәt olunmalıdır. O cümlәdәn, sahәdә pambıq sovkasının miqdarının iqtisadi ziyanlı hәddә çatdığı dövrdә onun miqdarı aqrobiosenozun faydalı komponentlәri ilә müqayisә edilmәli vә ancaq zәrәrvericinin miqdarı entomofaqlar üzәrindә üstünlük tәşkil etdiyi halda kimyәvi mübarizәnin aparılmasına qәrar verilmәlidir. Eyni zamanda, inteqrir mübarizә çәrçivәsindә preparatların istifadәsinә zәrәrvericilәri kütlәvi mәhv etmәk vasitәsi kimi deyil, zәrәrvericilәrin miqdarını tәnzimlәyәn vasitә kimi baxılmalıdır.
İnterqrir mübarizә әn proqressiv mübarizә sistemi olaraq pambığın sovkadan mühafizәsinә çәkilәn xәrcin azalmasına vә tәsәrrüfatda әhәmiyyәtli mәblәğdә pul vәsaitinә qәnaәt olunmasına imkan verir. İnteqrir mübarizә sisteminin әn mühüm üstünlüyü, hәmçinin, sosial-gigiyenik nöqteyi nәzәrdәndir. Bu mübarizә metodu havada, suda vә qida maddәlәrindә pestisidlәrin qalığını aradan qaldırır vә insanların sağlamlığının qorunmasına zәmanәt verir.
Nәzakәt İsmayılzadә
Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin
Kәnd Tәsәrrüfatının Rәqabәt Qabiliyyәtinin Güclәndirilmәsi Layihәsinin Bitki Sağlamlığı üzrә mütәxәssisi