Son zamanlar bitki xәstәliklәrinә vә zәrәrvericilәrinә qarşı zәhәrli kimyәvi dәrman preparatlarından geniş istifadә olunması nәticәsindә әtraf mühitin çirklәnmәsi vә ekoloji tәmiz qida mәhsullarından istifadә olunmaması onkoloji vә digәr xәstәliklәrin cavanlaşmasına vә onların geniş yayılmasına gәtirib çıxarmışdır.
Azәrbaycanda ekoloji tәmiz kәnd tәsәrrüfatının әsası ötәn әsrin 90-cı illәrinin sonunda qoyulmuş, 2008-ci ildә “Ekoloji tәmiz kәnd tәsәrrüfatı haqqında” Azәrbaycan Respublikasının Qanunu qәbul olunmuşdur. Ölkәmizdә ekoloji tәmiz kәnd tәsәrrüfatının inkişaf etdirilmәsi üçün ötәn vaxt әrzindә hüquqi-normativ baza formalaşmış, Azәrbaycan Respublikası Prezidenti tәrәfindәn bu mәsәlә ilә әlaqәdar 3 Fәrman tәsdiq edilib, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin müvafiq qәrarları qәbul olunub, “Azәrbaycan Respublikası regionlarının 2019–2023-cü illәrdә sosialiqtisadi inkişafı Dövlәt Proqramı”nda ekoloji tәmiz kәnd tәsәrrüfatı mәhsullarının istehsalı ilә bağlı hәdәflәr müәyyәn olunmuşdur.
Respublikaya son zamanlar 1600 adda zәhәrli kimyәvi maddәlәr idxal olunur. Zәrәrverici, xәstәlik vә alaq otlarının mәhv edilmәsi üçün profilaktiki (aqrotexniki) tәdbirlәri vaxtında tәtbiq etmәklә qarşısının alınması vә yaxud bioloji mübarizә üsullarından istifadә edilmәsi әvәzinә, reanimasiya tәdbiri olaraq zәhәrli kimyәvi preparatlardan istifadә olunmasına üstünlük verilir. Bu preparatlar xәstәlik vә zәrәrvericilәrin mәhvi ilә yanaşı, bitkiyә stress tәsir göstәrәrәk bitkinin mәhsuldarlığı 20-30% aşağı salır, torpaq faunasını vә florasını mәhv edir vә sonda bu vә ya digәr formada sәrbәst radikallar şәkilindә insan vә heyvan orqanizminә daxil olmaqla sağalmayan xәstәliklәrin yaranmasına sәbәb olur.
Kәnd Tәsәrrüfatı Nazirliyi ekoloji kәnd tәsәrrüfatı, әtraf mühitin davamlı idarә olunması, informasiya mәslәhәt xidmәtlәrinin göstәrilmәsi, marketinq araşdırmaları, aqrar sahәdә infrastrukturun yaradılması, icmanın inkişafı vә texniki dәstәyi daxil olmaqla hәr bir yardım göstәrir.
FAO-Türkiyә Tәrәfdaşlıq Proqramı vә Azәrbaycan Respublikasının Hökumәti ilә әmәkdaşlıq nәticәsindә “Azәrbaycanda Orqanik Kәnd Tәsәrrüfatı” hazırkı durum vә gәlәcәk inkişaf potensialı mövzusunda 3 dildә (Azәrbaycan, rus vә ingilis dillәrindә, Bakı-2018) 97 sәhifәlik 1 kitab, 5-dәn çox buklet vә broşür nәşr olunmuşdur.
Beynәlxalq tәcrübәnin öyrәnilmәsi mәqsәdilә ekoloji kәnd tәsәrrüfatı sahәsindә araşdırmalar aparılmış vә dünyanın 179 ölkәsindә orqanik kәnd tәsәrrüfatı fәaliyyәtinin mövcudluğu vә 85 ölkәdә ekoloji kәnd tәsәrrüfatı haqqında milli qanunvericilik aktlarının qәbul edildiyi müәyyәn olunmuşdur.
Kәnd Tәsәrrüfatı Nazirliyi Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutu ilә Azәrbaycan Milli Elmlәr Akademiyasının Torpaqşünaslıq vә Aqrokimya İnstitutunun Qax şәhәrindә yerlәşәn Ekoloji Tәmiz Kәnd Tәsәrrüfatı üzrә Regional Tәcrübә vә Resurs Mәrkәzi arasında 17 may 2019-cu ildә bağlanmış әmәkdaşlıq müqavilәsinә әsasәn, Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutunda yaradılmış pomidor vә badımcan sortlarının institutun istixanasında yetişdirilmiş 1500 әdәd şitili әkilmişdir.
Әkin zamanı institut tәrәfindәn istehsalat üzrә direktorun müavini Hikmәt Nәsibov, “mәrkәz” tәrәfdәn isә direktor, professor Amin Babayev vә Mәrkәzin digәr әmәkdaşları iştirak etmişlәr. Әmәkdaşlıq müqavilә üzrә davam etdirilir.
Respublikanın müxtәlif bölgәlәrindә 5 bioloji laboratoriya (Kürdәmir, Sabirabad, Gәncә, Lәnkәran vә Abşeron) yaradılmış vә hәmin laboratoriyalarda müasir innovativ texnologiyaların tәtbiq olunması istiqamәtindә müәyyәn işlәr hәyata keçirilir. Bu da son nәticәdә ölkәmizdә ekoloji tәmiz kәnd tәsәrrüfatı mәhsul istehsalına öz töhfәsini verәcәk.
Әn çox yayılmış zәrәrvericilәrә qarşı mübarizә tәdbirindә aşağıdakı fitonsid tәrkibli bitkilәrdәn mәlhәmlәr hazırlanıb tәtbiq olunması xırda fermer tәsәrrüfatlarına, hәmçinin torpaq mülkiyyәtçilәrinә tövsiyyә olunur.
Boymadәrәn – çiçәklәyәn vaxt yığılır vә qurudulur. Xırdalanmışından 800 qr götürülәrәk suda qaynadılır, yarım saat saxlanılır, 10 litr suda 2 gün qalır. Mәnәnә, ballıca, alma güvәsi vә yarpaq yeyәn zәrәrvericilәrә qarşı mübarizәdә istifadә olunur.
Sarımsaq – cövhәri (40-50 qr 10 litr suda qaynadılır, istifadә edәndә 20-30 qram tәsәrrüfat sabunu әlavә edilir). Mәnәnәyә, hörümçәk gәnәsinә, mişarçı hәşarata qarşı mübarizә aparır. Qarışqanın çox gedib-gәldiyi yerә sarımsaq dilimlәri qoyduqda onlar hәmin yerdәn uzaqlaşır. 50-150 qram sarımsaq әt maşınından keçirilir, hәvәngdәstәdә әzilir, 10 litr suda hәll edilәrәk, süzülür, hәr 5-6 gündәn bir pomidor bitkisinә çilәnir. Makrosporioz, fitoftora, strik xәstәliklәrinә qarşı istifadә edilir.
Acı bibәr – 100 qram tәzә, xırda doğranmış bibәr 1 litr suda, zәif odda 1 saat qaynadıqdan sonra soyudulur, 2 gün şüşә qabda saxlanılır. 50 qram mәhlulun üzәrinә 10 litr su әlavә edilәrәk xırda tırtıllara qarşı istifadә olunur. İlbizlәrә qarşı mübarizә aparmaq üçün 500 qram acı bibәr xırdalanır, bir saat 5 litr suda qaynadılır, mәhlul şüşә qabda 2-3 gün saxlanılır. Bu qarışığın 0,5 litri 10 litr suda hәll edilәrәk bitkilәrә çilәnir.
Çobanyastığı – 1 hissә qurudularaq xırdalanmış xammala 10 hissә isti su әlavә edilәrәk, 12 saat saxlanılır. Süzәndәn sonra 5 miqdarı qәdәr su ilә duruldulur. Sorucu ziyanvericilәrә, mişarçı hәşarata (pililşik) sürfәlәrinә qarşı istifadә olunur.
Tütün – döyülür, toz halına salınır. 100 qram tütün tozuna 200 qram әhәng tozu qarışdırılaraq soğan cәrgәlәrinin kәnarına soğan milçәyinә qarşı torpağa sәpilir.
Fәrman Kәrimov
Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyi Bitkiçiliyin Tәşkili vә Monitorinqi şöbәsinin müdir müavini