Dünyada pambıq istehsalı sahəsində ən qabaqcıl ölkələrdən hesab edilən Çin Xalq Respublikasında becərilən pambığın 95%-i Xinijang Muxtar Vilayəti ərazisində əkilir. Həmin sahələrin 99%-də səpin prosesi damlama suvarma və polietilen örtük istifadə edilməklə cərgə arası 80-90 sm, 2-3 sıralı və hər hektarda 250-275 min bitki sıxlığı olmaqla yeni texnologiya əsasında aparılır.
Azərbaycan ilk dəfə olaraq 2019-cu ildə 10 hektar sahədə pambığın Çin texnologiyası ilə səpini, aqrotexniki qulluq və yığım işləri həyata keçrilib. Çin texnologiyası ilə pambıq əkinində üç texnoloji əməliyyat bir gedişdə və bir aqreqat vasitəsilə yerinə yetirilir. Səpin 87 sm ara məsafəsində iki sırada, sıra arası məsafə isə 13 sm olmaqla aparılır. Səpinlə birlikdə sıra arasına damcılama boruları düzülür və sahənin üzərinə polietilen örtük çəkilir. Pambıq səpininin düz xətt üzrə aparılması üçün traktorun kabinəsinə GPS quraşdırılır və həmin qurğu vasitəsilə traktorun sükanı idarə edilir. Çin Xalq Respublikasında bu texnlogiyanın tətbiqi nəticəsində hər hektardan 8-9 ton məhsul yığılmasına nail olunur.
Texnoloji ardıcıllıq
Pambıq bitkisinin becərilməsi aşağıdakı ardıcıllıqla həyata keçrilir:
Torpaq nümunələrinin götürləməsi və aqrokiməyi analizlərin aparılmasına;
Şum altına gübrə verilməsi və əkin sahəsinin 35-40 sm dərinlikdə şumlanması;
Lazer mala vasitəsilə sahənin hamarlanması;
Dərin yumşaldıcı ilə torpağın 50-60 sm dərinlikdə yumşaldılması;
Səpinqabağı malalama;
Alaq otlarına qarşı seçici herbisidlərdən istifadə;
Səpinin aparılması;
Damlama üsulu ilə suvarma və yemləmə gübrəsinin verilməsi;
Cərgəarası kultivasiya işlərinin aparılması;
Xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması;
Boy tənzimləyici stimulyatorlardan istifadə (ucvurma);
Pambıq sahələrinin defolyasiyasa və desikasiya olunması;
Məhsul yığımı.
Tətbiq olunan texnologiyanın üstünlükəri
Çin texnologiyasının tətbiqi nəticəsində əl əməyindən istifadə azalır, sudan və torpaqdan səmərəli istifadə olunur. Polietilen örtük vasitəsilə erkən səpin həyata keçirmək olur, torpaqdan su itkisinin (buxarlanmanın) qarşısı alınır və alaq otlarına qarşı səmərəli mübarizə aparmaq mümkün olur. Eyni zamanda, su çatışmayan ərazilərdə bu texnologiyanın tətbiqi sayəsində keyfiyyətli məhsul istehsal olunur. Nəticədə istehsal olunan məhsulun maya dəyəri aşağı düşür, məhsuldarlıq 3-4 dəfə artır və rentabellik yüksəlir.
Məhsul yığımı
Pambığın qozaları eyni vaxtda yetişmədiyinə görə yığım həm əllə, həm də maşınla aparılır. Birinci yığım maşınla aparılır. Maşınla yığımı tətbiq etmək üçün qozaların yetişməsi zəruridir. Bunun üçün yarpaqlar süni yolla tökülməlidir. Yarpaqların qabaqcadan tökülməsi üçün defolyasiya edilir. Yarpaqların hamsı tökülmədikdə bitkinin gövdəsini tam qurutmaq üçün desikasiya tətbiq olunur. Xam pambığın maşınla yığılması qozaların açılmasından asılı olaraq iki mərhələdə həyata keçirilir.
İmran Cümşüdov
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru