Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eazi-START” startap mərkzində çalışan komanda ilə birlikdə “HealWith” adlı mobil tətbiq üzərində işləyirik. Bu mobil tətbiq vasitəsilə bitki xəstəliklərini, bir sıra zərərvericiləri, qida çatışmamazlığı əlamətlərini aşkar etmək mümkündür. “HealWith” cib aqronomu rolunu oynayır.
Tətbiq necə işləyir?
Tətbiqin köməyilə xəstələnmiş bitki yarpağının və ya yoluxmuş hissəsinin şəkli çəkilir. Bitkinin fotosu çəkildikdən sonra şəkli xüsusi öyrədilmiş neyron şəbəkəyə göndərilir, o isə bir ekspert kimi bitki haqqında informasiya verərək, hansı xəstəliyə tutulduğunu müəyyənləşdirir. Proqram, həmçinin, bitkinin xəstəliyinin müalicə üsullarını da nəzərdə tutur.
Məsələn, pomidoru mumlu yastıca və yaxud başqa bir xəstəlikdən yoxlamaq üçün yalnız “HealtWith” işləmək və bitkinin şəklini çəkmək kifayətdir. Proqram bir neçə saniyə ərzində diaqnoz qoya bilir. Şəkillər serverimizdə saxlanılır. Tətbiq bitki xəstəliklərini təyin edən alqoritmləri inkişaf etdirməyə qadirdir.
Komandamız süni intelekt üzrə 2 mütəxəssis, 4 nəfər proqramçı və dizaynerdən ibarətdir. Əlavə olaraq bizə bitki mühafizə xidmətində çalışan ekspertlər kömək edir. Bizim sistem tam olaraq süni intellekt üzərində qurulub. Süni intellektin öyrədilməsi zamanı hər bir xəstəlik üçün mindən çox fotoşəkil təhlil edilir. Əslində bizim startapımız iqtisadi startapdır. Əgər fermerlər bizim proqramdan istifadə etsələr, gələcəkdə xəstəlikləri qısa müddətdə tapmaqla onların qarşısını ala biləcəklər. Bu da öz növbəsində fermerin xərclərini azaldacaq, məhsuldarlığı artıracaq.
Hazırda “HealtWith” proqramında 4 xəstəlik tam olaraq öyrənilib. Onlardan biri bizim regionda çox geniş yayılmış “mumlu yastıca” deyilən xəstəlikdir.
Xəstəliyin təsviri
Sanki bitkinin hər tərəfini ağ rəngdə pambıq tor bürüyüb və yarpaq inkişafdan qalıb. Məlumat üçün deyək ki, bəzən Hollandiyadan alınmış torfların tərkibində həmin xəstəliyin sporları olur. Bu sporlar əlverişli mühitə düşən kimi bitkini məhv edir. “Mumlu yastıca” ev və həyət bitkilərində geniş yayılıb. Daha çox yağışdan sonra aktivləşir.
Xəstəliyin təsviri
Digər xəstəliklər armud və almalarda “pas” deyilən xəstəlikdir. Bitki yarpaqlarının üstündə ləkə-ləkə pas əmələ gəlir.
Bu iki xəstəliyi proqram artıq rahat tanıyır. Kənd Təsərrüfat Nazirliyindən xəstəliklər haqqında şəkil və informasiya dəstəyi göstəriləcək. Proqram artıq sinaqdan keçrilib.
Layihə Kənd Təsərrüfat Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutu, Bitki Mühafizə Xidməti dəstək verir. Bu qurumlardan geniş yayılmış xəstəliklərin siyahısı, onların şəkilləri, ətraflı məlumat və xəstəliklərlə mübarizə üsulları artıq bizə göndərilib. Sadəcə onların böyük həcmdə məlmat bazaları yoxdur. Xəstəliklərin fərqli rakurslarda şəkilləri olmalıdır ki, biz onu süni intellektə öyrədək. Əgər hər xəstəliyin 500-dən çox şəklini əldə etmək mümkün olarsa, bu, süni intellekti müəyyən dərəcədə öyrədə bilmək deməkdir. Təbii ki, sistemə şəkillər əlavə olunduqca, o, daha da təkmilləşəcək.
Öyrədilmiş xəstəliklər arasında hələ ki, zərərəvericilərin törətdiyi xəstəliklər yoxdur. Çünki belə xəstəlikləri müəyyənləşdirməkdən ötrü əlavə ötrücülər və qurğular lazımdır. Ən vacib məqamlardan biri də budur ki, bitkilərin bəzi xəstəlikləri gözlə görünmür. Bu da proqramın işində çətinlik yaradır.
Biz hazırda ən çox ixrac olunan məhsulları araşdırmağa başlamışıq. İlk növbədə bu xəstəlikləri sistemə öyrətsək, layihəmiz iqtisadi cəhətdən çox səmərəli olacaq. Kiçik fermerlər bu üsulla ən azı məhsullarını qoruyub saxlaya bilərlər. Bizim investorumuz olarsa, proqramı pulsuz təklif etməyi düşünürük. Məqsədimiz bu proqramın köməyi ilə ölkəmizə xeyir gətirməkdir.
Əgər bizim proqram təminatımızdan hər 20 fermerdən biri istifadə etsə, 10 il ərzində 3,45 milyon manat gəlir götürmək mümkündür. Ola bilsin ki, 10 il üçün bu rəqəm az görünsün , amma biz istifadəçilərin sayının artacağına inanırıqş.
Hazırda komandamızın əsas məqsədi tətbiqin daha çox xəstəlikləri tanıması istiqamətində öyrətmə prosesini həyata keçirməkdir. Bu xəstəliklərin sayı artıqda internetə qoşulmuş, kamerası olan istənilən qurğu vasitəsi ilə bitkiləri monitorinq etmək imkanı yaranacaq. Məsələn, kənd təsərrüfatı maşınlarına və ya dronlara əvvəlcədən quraşdırılmış kameralar vasitəsilə tətbiqin böyük məhsul sahələrini izləmək imkanına malikdir.
Qeyd edək ki, tətbiqin alfa versiyasını bu ilin sonunda “Play market”ə yerləşdirməyi düşünürük. Alfa versiyada istifadəçilərin köməyi ilə sistemə yeni şəkillərin əlavə olunması planlaşdırılır. Bu, gələcəkdə xəstəliklərin tanınmasının kefiyyətini artırmağa kömək edəcək. Eyni zamanda, yeni tip xəstəlikləri də sistemə əlavə etmək mümkün olacaq.
Elviz İsmayılov
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eAzi Start” Startap mərkəzinin koordinatoru, “Ümumi və Tətbiqi riyaziyyat” kafedrasının müəllimi