Azərbaycanda fındıqçılığın mövcud vəziyyəti və prespektivləri

Qeyri-neft sektorunun inkişafı, ixracın diverisfikasiyası dövlətimizin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Bu siyasət və ölkədə qərzəkli meyvəçiliyin gələcək inkişaf perspektivləri nəzərə alınaraq “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin inkişafına dair Dövlət proqramı” layihəsi hazırlanıb.  Layihə bu istiqamətlərdə aparılan işlərin daha da gücləndirilməsini və fındıq bitkisinə aid əkin sahəsinin 42 min hektar artırılaraq, 80 min hektara, hər hektardan əldə olunan məhsuldarlığın isə 2-2,5 tona çatdırılmasını nəzərdə tutur. Proqramın həyata keçirilməsi Azərbaycanda fındıq bitkisinə olan daxili təlabatın ödənilməsinə, fındıqçılğın geniş yayıldığı rayonlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, regionların aqrar sənaye potensialının artmasına, idxaldan aslılığın azalmasına, rəqabətin qorunmasına, yeni texnologiyaların tətbiqinə, fındıq ixracının çoxalmasına və bütövlükdə ölkənin iqtisadi potensialının güclənməsinə öz təsirini göstərəcək.

İnsanlar lap qədim dövrlərdən fındıqdan istifadə etməyə başlayıblar. Qafqazda fındıq bizim eradan 2-3 min il əvvəl becərilib. VII əsrdən etibarən Azərbaycanda da fındıq yetişdirməyə başlayıblar.

X əsrin sonlarından etibarən Şəki-Zaqatala bölgəsində fındıq əsas gəlir mənbələrindən biri sayılırdı. Qafqaz təbii iqlim şəraitinə görə başqa bitkilər kimi fındıq üçündə çox əlverişlidir. Bu şərait nəzərə alınaraq Azərbaycanda böyük ərazilərdə fındıq bağları salınıb, sonralar iəs yerli əhali də ən məhsuldar sortları seçərək yetişdirib.

Sovet hakimiyyəti qurulduqdan sonra Şəki-Zaqatala bölgəsində fındıqçlığın inkişafına xüsusi diqqət yetrilib.

Azərbaycanda 6 ixtisaslaşdırılmış fındıqçılıq sovxozu yaradılıb. 1952-ci ildə fındıq bağlarının ümumi sahəsi 9050 hektar olduğu halda, 1982-ci ildə bu göstərici 16,1 min hektara çatdırıldı. 6 min hektara yaxın sahə köhnə bağlardan ibarət idi. Həmin bağlarda becərilən fındığın 93 faizini yerli “Ata-Baba” sortu, 7 faizini isə Soçi və Tuapsedən introduksiya olunmuş sortlar təşkil edirdi.

Azərbaycanda fındığa təlabat yüksək olsa da, əhalinin ylnız 15-20 faizi bu məhsulla təmin olunur. Fındığın qiymətli qida məhsulu olmasına baxmayaraq, onun yayılma arealı məhdudur. Halbu ki Azərbaycan bu bitkinin becərilməsi üçün əlverişli iqlim şəraitinə malikdir. Son dövrlərdə Quba-Xaçmaz, Gəncə-Qazax və digər bölgələrdə fındıq sahələri artırılır.

Azərbaycanda Şəki-Zaqatala bölgəsində, Zaqatala rayonunun Pərzivan kəndindəki  Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutunun DM-də müxtəlif sortlarla zəngin fındığ bağı var. Burada həm yerli, həm də introduksiya edilmiş və seleksiya yolu ilə əldə olunmuş sortların genofondu yaradılıb. 2004-cü ildən etibarən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutunun Quba YTT-da Quba-Xaçmaz bölgəsindən toplanmış fındıq sortları üzərində tədqiqatlar aparılır.

2008-ci ildən  etibarən AMEA-nın Genetik Ehtiyyatlar İnistitutunun Şəki və Tovuz TB-də fındığın genofondu yaradılır. Azərbaycanda fındıq istehsalının 75,9 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, son 5 ildə respublikamızda fındıq bitkisinin əkin sahələri 151.2 faiz artıb. Yuxarıda da qeyd olunduğu kimi, respublikamızdakı fındıq bağlarının əsas hissəsi Şəki-Zaqatala zonasının payına düşür. Belə ki, son 5 ildə Şəki-Zaqatala iqtisadi rayonun da fındıq bağlarının  ümumi sahəsində 122,2 hektar artım müşahidə olunub.

Məlumdur ki, respublikamızın torpaq-iqlim şəraiti qərzəkli bitkilərdən yüksək məhsul almaq üçün tamamilə əlverişlidir. Son 5 ildə fındıq bitkisinn məhsuldarlığında 2,4% artım müşahidə olunub 2018-ci ilin məlumatına görə, Şəki-Zaqatala iqtisadi rayonunda fındıq bitkisinin orta məhsuldarlığı 3,3% artaraq 1,25 t/ha təşkil edib. İqtisadi zonalar arasında orta məhsuldarlıq üzrə ən aşağı göstərici Aranda müşahidə olunub.

Fındıq istehsal olunan iqtisadi rayonlarda ən çox becərilən sortlar

Fındıq bitkisinin məhsuldarlığnı artırmaq üçün əsas şərtlərdən biri sortun düzgün seçilib  əkilməsidir. Azərbaycanda fındıq istehsal edən iqtisadi rayonlardan Abşeronda “Yağlı Fındıq”, “Qalib”, “Qızıl fındıq”,  Gəncə-Qazax bölgəsində “yağlı fındıq”, “ Qalib”, “Qızıl fındıq”, “Gəncə Fındığı”, Şəki-Zaqatala iqtisadi rayonunda “yağlı fındıq”, “Ata—baba”, “Əşrəfi”, “Qalib”, “Qızıl fındıq”, “çərkəz, kudryavçik,ağ lombard, saçaxlı, azəri, arzu, ataulla, barlı, bomba, qaxfaraş, nəsimi, topqara, pərzivan zərifi, Quba-Xaçmaz bölgəsində yağlı fındıq, qalib, qızıl fındıq və s sortlar becərilir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutunun əməkdaşları tərəfindən seleksiya yolu ilə məhsuldar, quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı “Arzu”, “Barlı”, “Topqara”, “Göbələkli”, “Tala”, “Elbarı”və s. fındıq sortları yaradılıb.

Azərbaycanda fındıq sektorunda mövcud vəziyyət

  1. Azərbaycan dünyada fındıq istehsalı və ixracı üzrə Türkiyə və İtaliyadan sonra 3-cü yerdədir;
  2. Ölkəmizdə Şəki-Zaqatala iqtisadi rayonu fındıq istehsalına görə 75,9 faizlik göstərici ilə liderdir;
  3. Azərbaycanda fındığın müxtəlif sortlarının yetişdirilməsi ənənəsi əsrlər boyunca davam edib və indidə müvəffəqiyyətlə inkişaf etdirilir. Bu sortlardan fındıqçılıq üçün əlverişli şəraiti ilə fərqlənən Şəki-Zaqatala bölgəsində daha çox yetişən, özünəməxsus dadı və müsbət keyfiyyətləri ilə seçilən “Ata-baba” sortunu xüsusi qeyd etmək olar;
  4. Zaqatala fındıq zavodunda emal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Avropa, MDB ölkələri və Orta Şərqə də ixrac olunur;
  5. Böyük İpək Yolu dövründən başlayaraq, sonrakı illərdə də Azərbaycan fındığı dünyanın müxtəlif ölkələrinə ixrac olunan kənd təsərrüfatı məhsullarının sırasında əsas yerlərdən birini tutub;
  6. Quru meyvə şəklində istehlak edilən fındıq həm də şokalad, biskvit və dondurma sənayesinin ən mühüm xammalıdır;
  7. Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında il ərzində 25-30 min ton fındıq yetişdirilir;
  8. Yetişmə, böyümə və emal edilmə şəraitinə görə ekoloji təmiz məhsul sayılan Azərbaycan fındığı dünya bazarında xüsusi yer tutur;
  9. Fındıq yetişdirilməsi üçün mövcud münbit şəraitə baxmayaraq, təəssüfki, Azərbaycanda fındıq bağlarına qulluq lazimi səviyyədə deyil;
  10. Ölkəmizdə istehsal olunan fındığın əsas hissəsi kiçik kəndli fermer təsərüfatlarının payına düşdüyündən və onlarında maliyyə imkanlarının məhdud olduğundan bu təsərrüfat subyektlərinin ixrac prosesində iştirakı arzu olunan səviyyədə deyil.

Azərbaycanda fındıq bitkisinin istehsalının artırılması və ölkənin bu məhsul üzrə ixracatçı dövlətə çevrilməsi üçün prioritet istiqamətlər aşağıdakılardan ibarətdir:

  • Fındıq satışı və ixarcı ilə məşğul olan kooperativlərin təşkilinin dəstəklənməsi
  • Fındıq sektorunun güzəştli şərtlərlə sığortalanması məqsədilə dövlət tərəfindən müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçrilməsi
  • Fındığ emalı cəhətdən sübut olunmuş üsullarla qurudulub satışa çıxarılması
  • Fındıq istehsalçılarına Sahibkarlığın inkişafı fondunun xətti ilə güzəştli kreditin verilməsi
  • Fındıq istehsalçılarının dəstəklənməsi məqsədilə subsidiyaların ayrılması
  • Azərbaycan Fındıq İxracatçıları Birliyinin formalaşdırılması
  • Fındıq ixracatçılarına subsidiyaların  verilməsi
  • Fındıq ixracatçılarına güzəştli kreditlərin verilməsi
  • Məhsulların tanıdılması məqsədilə Avropa İttifaqı ölkələrinə səfər proqramlarının təşkili
  • Fındıq festivalının təsis edilməsi və hər il keçrilməsi
  • Növbəti Beynəlxalq Fındıq Konqresinin Azərbaycanda keçrilməsi
  • Yeni fındıq sortlarının Azərbaycana gətrilməsi

Meyvəçilik və Çayçılıq İnstitutu müasir italiyan texnologiyasının tətbiqiən başlayıb. Bu texnologiya fındıqçılıqda ənənəvi əkin üsulunun (ocaq və ya çala) daha müasir təkgövdəli əkin üsulu ilə əvəzlənməsindən ibarətdir.

Ənənəvi üsulla fındıq bağlarının salınmasında əsasən 8x8 m əkin sxemindən istifadə edilməklə, 1 hektar sahədə 156 ədə fındıq kolu əkilir. Bu üsulla əkilən fındıq kolları 6-cı ilədn başlayaraq məhsul verir, tam məhsuldarlıq isə 16-cı ildən etibarən əldə olunur və hər hektarda 1,5 ton təşkil edir. Bu üsulla əkilən fındıq bağlarında bir koldakı gövdələrin sayı 15-20 yə çatır. Yaxşı olardı ki, belə bağlarda məhsuldar gövdələrin sayı 4-5 ədəd olsun və digər gövdələr tamamilə əğv edilsin.

İtalyan texnologiyası ilə salınan fındıq bağlarında 5x4 m əkin sxemindən istifadə olunur və bir hektardakı kolların sayı 500-ə çatır. Bu tip sahələrdə fındıq kolları 4-cü ildən etibarən məhsul verməyə başlayır. Tam məhsuldarlıq isə 9-cu ildən başlayaraq əldə olunur və bir hektarda 2,5 ton təşkil edir. 18 illik məhsul istehsalı üzrə göstəriciləri müqayisə etdikdə, aydın şəkildə görmək olar ki, ənənəvi üsulla cəmi 10,53 ton, yeni texnologiya əsasında isə 29,15 ton məhsul əldə olunur.

 

 

İlham Qurbanov

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru