Yüksək məhsuldarlığa nail olmaq üçün əlverişli iqlim şəraitində torpağın münbitliyinin artırılması əsas şərtlərdən biridir. Münbitlik–torpağın bitkini qida elementləri və su, onun kök sistemini isə hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpaq münbitliyinin 4 növü fərqləndirilir: təbii, süni, potensial, effektiv və ya iqtisadi.
Təbii biogeosenozlar altında mövcud olan torpağın münbitliyi avtotrof bitkilərin həyat fəaliyyətini təmin etməyə yönəlmiş bioloji, kimyəvi və fiziki proseslərin kompleks təsiri kimi səciyyələndirilə bilər. Lakin insanın təsərrüfat fəaliyyəti və təbii komplekslərə müdaxiləsi nəticəsində bu proseslər ardıcıl və planlı şəkildə dəyişdirilərək bitkinin ekoloji tələbinin daha dolğun ödənilməsinə yönəldilir. Bu da öz növbəsində torpağın təbii münbitliyinin süni münbitliklə əvəzlənməsinə gətirib çıxarır.
Aqroekosistemlərin quruluşu və burada münbitliyin formalaşması təbii ekosistemlərdən fərqli şəkildə baş verir.
Bu aşağıdakı səbəblərlə əlaqədardır:
AQROEKOSİSTEM və TƏBİİ EKOSİSTEMLƏRDƏ MÜNBİTLİYİN FƏRQİ
• Aqroekosistemlərdə məhsulun formalaşmasında günəş enerjisi ilə yanaşı əlavə mənbələrdən alınan enerji də iştirak edir ki, bu da onun məhsuldarlığını qat-qat artırmağa imkan verir.
• Çoxmərtəbəli və çoxkomponentli təbii ekosistemlərdən fərqli olaraq yüksək məhsul almaq məqsədilə aqroekosistemlər insan tərəfindən məqsədyönlü şəkildə sadələşdirilir.
• Aqroekosistemlərdə torpaqların fiziki, bioloji və kimyəvi xassələri kənd təsərrüfatı bitkilərinin ekoloji tələblərinə uyğun olaraq dəyişdirilir.
• Aqroekosistemlərdə sistemdaxili tənzimləmə və idarəolunma qanunauyğunluqlarla deyil, insan amilinin təsiri altında formalaşır.
Bəhruz Nuriyev
Kənd Təsərrüfatı Təyinatlı torpaqlarla
iş sektoru üzrə baş məsləhətçi