Quşçuluq heyvandarlığın geniş yayılan və gəlirli bir sahəsi olduğundan bu sahədən səmərəli istifadə edilməsinə dövlət qayğısı xeyli artmışdır.
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan "Quşçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi hökümət tərəfindən maliyyələşdirilmişdir. Belə ki, quşçuluq sahəsində yeni fermer və fərdi təsərrüfatlar yaradılır, hidroponik və digər innovativ texnologiyalardan istifadə olunmaqla quşçuluq məhsullarının artırılması istiqamətində müvafiq işlər görülür.
Quş ətinin istehsalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi bu sahənin inkişafında əvəzsiz rol oynamışdır.
Quşçuluğun inkişafı, eləcədə quşçuluq məhsulları istehsalının artırılması, ilk növbədə broyler yetişdirmək üçün seçilən cücələrin sağlam, çevik və eyni kütləli olmasından çox asılıdır.
Yəni inkubatora qoyulan yumurtaların kütləsi 55-60 qr olduqda bir günlük cücələrin kütləsi 35-40 qr olur. Sağlam cücələr vaxtında və kütləvi çıxır, tez böyüyür, ölüm azalır. Sağlam cücələr çıxışdan 6-8 saat sonra seçilir, inkişafdan qalanlar isə çıxdaş edilir.
Hidroponik Yaşıl Yem texnologiyasının quşçuluq fermer təsərrüfatında tətbiqi nəticəsində 2019–cu ildə hər toyuqdan alınan ümumi yumurtanın miqdarı 11,6 %, hər ətlik cücədə (broylerdə) çəki artmı (200qr) – 13,3 %, inkubatordan çıxan cücələrin sayı isə 12,2 % artmışdır.
Yem payında Hidroponik Yaşıl Yemin tətbiq olunması nəticəsində təsərrüfatın səmərəliliyi yüksəlmiş, hər quşa verilən yem xərci aşağı düşmüşdür. Hidroponik üsulla yaşıl yemin cücərdilməsinin tam tsikli 5 – 6 gün çəkir. Buğda əvvəlcə xüsusi qablarda yuyulur, bununla dən toksiki göbələk sporlarından və tozdan təmizlənir, sonra hər qaba 1-1,2 kq dən cücərmə üçün sərilir. İkinci gündən etibarən cücərti alınır.
Üçüncü gün dənin kök sistemi şaxələnərək vegetativ inkişafa başlayır, dördüncü-beşinci günlərdə isə həm köklər, həm də yaşıl kütlə sürətlə inkişaf edir. 1 kq yaşıl yemin tərkibində 20-25 % zülal, 4-5 % yağ, 35-50 % azotsuz ekstaktiv maddələr, 9-11 % mineral duzlar və 10-15 % sellüloza var. Quşlar yemi toxumları ilə birgə yeyir. Davamlı hidroponik yaşıl yemlə qidalanma broylerin sağlamlığına, gündəlik çəki artımına, keyfiyyətli quş əti istehsalına müsbət təsir göstərir.
Broylerin innovativ inkişafını təmin etmək üçün cücələrin yem normasının düzgün tərtib edilməsi broylerin tez böyüməsinə və saxlanma faizinin yüksək olmasına imkan yaradır. Yemə olan tələbat broylerin yaşından və canlı kütləsindən asılıdır.
Körpə cücələrə birinci beş günlükdə bişmiş yumurta, buğda umacı, alt südü, təzə hidroponik yaşıl yem, əzilmiş balıq qulağı və sair verilir. Yumurta təmiz suda qaynadılmalı və sоnra qabıqla birlikdə əzilib dоğrandıqdan sоnra yem şəklində verilməlidir. Yemə əlavə 2-3 w% хörək mayası qatmaq da məsləhətdir. Bu halda maya yemdə vitaminlərin miqdarını çохaldır.
Cavan quşlarda maddələr mübadiləsinin nоrmal vəziyyətdə getməsi körpə cücələrə yaхşı baхılmasından çох asılıdır. Belə ki, isladılmış yem qarışığı 30 günlüyə qədər cücələrə gündə 3-4 dəfə (bir norması hidroponik yaşıl yem olmaqla), sоnra isə 2-3 dəfə verilir. 10 günlüyə qədər cücələr hər iki saatdan bir, 30 günlüyədək 3 saatdan bir yemlənir. Broylerin hər başına birinci həftə 12-15 qr, ikinci həftə 20-21 qr, üçüncü həftə 40-45 qr, dördüncü həftə 60-65 qr, beşinci həftə 75- 85 qr, altıncı-yeddinci həftələr 90-100 qr və səkkizinci həftədən sonra 100-110 qr yem verilir. Bu cür yemlənən broylerin canlı kütləsi 7-8 həftəlikdə 1500-1600 qr və daha da yüksək olur.
Qarışıq yemlər uzun müddət verildikdə onun hər tonuna 10-15 qr antibiotik əlavə edilməlidir. Antibiotik broylerin tez böyüməsinə stimullaşdırıcı təsir göstərməklə bir çox bağırsaq xəstəliklərinin qarşısını alır. Yüksək dozalı antibiotiklərdən uzun müddət istifadə etdikdə isə əksinə broylerin boy inkişafı ləngiyir. Bütün antibiotiklər cücələrin kəsilməsinə 8-10 gün qalmış yem payından çıxarılmalıdır. 49-63 gündən sonra broylerlər kəsim və emal sexinə göndərilir. Kəsimə 6-8 saat qalmış broyleri yemsiz saxlayırlar. Qalın döşənək üzərində aşağıdakı texnologiya tətbiq edilir: hər kv.m sahəyə 0,7-1 kq sönmüş əhəng, onun üzərinə 5-7 sm qalınlığında qarğıdalı gövdəsi, torf, ağac kəpəyi və yaxud xırdalanmış küləş döşənir. Yetişdirmə dövrünün sonuna kimi hər quşa 1,5-2,0 kq döşənək istifadə edilir. Qışda hər kv.m sahədə 10-12 baş, yayda isə 9-10 baş cücə saxlanılır.
Broylerin döşənək üzərində bəslənməsi
Döşənək üzərində bəslənmə zamanı bir binada ildə 4-5 partiya ətlik cücə yetişdirmək mümkündür. Hər partiya yetişdirildikdən sonra bina təmizlənir, zərərsizləşdirilir, yenidən döşənək salınır və növbəti partiyanı qəbul edir.
Broylerin yetişdirilməsində havalanmanın təsiri
Broylerin inkişafında hava mübadiləsinin əhəmiyyəti böyükdür. Həmçinin broyler yetişdirilən bina gün ərzində ilk həftədə 18 saat, tədricən azaldılaraq 14 saat işıqlandırıldıqda ətlik cücələrin çəki artımında yaxşı nəticə alınır. Cücələr ilk gündən öz temperaturlarını tənzim edə bilmədikləri üçün bina daxilində temperatur dəyişkənliyi onlara kəskin şəkildə təsir göstərir. Havanın soyuq və nəmli olması böyrəklərin zədələnməsinə, nəm və soyuq döşənək güclü ishala, toz, ammonyak və karbon qazı isə tənəffüs orqanlarının müxtəlif xəstəliklərinin baş verməsinə səbəb olur. Quşçuluq təsərrüfatlarında istifadə olunan suyun və yemin keyfiyyətinə nəzarət edilməsi də böyük əhəmiyyətə malikdir.
Suların üzvi maddələrlə çirklənməsi təhlükəli nəticələrə səbəb ola bilər.
Quşları keyfiyyətli su ilə təmin etmək üçün bunun tərkibinə
ziyansız oksidləşdirici vasitələr daxil edilməlidir. Bu məqsədlə daha çox limon turşusu və xlordan istifadə edilir.
Suvarıcı qablarda isə həmişə təmiz su оlmalıdır.
Mirzə Həsənov
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi