Alaq otlarının vurduğu ziyan və onlara qarşi mübarizə tədbirləri

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı olmasının əsas səbəblərindən biri də alaq otlarıdır. Alaq becərilən bitkilər arasında özbaşına bitən bitkidir.
Yonca sahəsində müvafiq olaraq 120-125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında isə 148 növ alaq bitir. Mədəni bitkilərə nisbətən alaq otlarının torpağın dərin qatına işləyən güclü kök sistemi var. Buna görə də torpaqda olan su ehtiyatından daha çox yararlanaraq öz inkişafına görə həmişə mədəni bitkiləri qabaqlayır.
Torpaqda qida elementlərinin nisbətinə, onun fiziki xassələrinə, aqrofitosenozun su, hava, istilik və işıq rejiminə çox əhəmiyyətli dərəcədə təsir etməklə, alaq bitkiləri, həmçinin torpaqdakı qida elementlərinin əksər hissəsini mənimsəyir və torpağa verilən gübrələrin səmərəliliyini azaldır. Alaqlar sahədə sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirərək günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, zəifləməsinə və nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Bu da mədəni bitkilərdə assimilyasiya prosesini zəiflədir. Taxıl bitkiləri üzərində yayılmış turpəng, qanqal, kəkrə, sarmaşıq kimi alaqlar buna misal ola bilər. Bəzi zəhərli alaqlar–qaymaqçiçəyi, dəmirotu, dağsarmaşığı, sahə bozalağı süd məhsullarının keyfiyyətinə mənfi təsir göstərir. Bunlarla yanaşı, dəmyə əkin sahələrində məhsuldarlığa ciddi ziyan vuran çayır, qanqalın müxtəlif növləri olan göy qıllıca, yaşıl qıllıca, toyuqdarısı da yayılır.
Alaqların əksəriyyəti toxum vasitəsilə çoxalır və külli miqdarda toxum verir. Alaq toxumlarının cücərmə qabiliyyəti torpağa düşdüyü dərinlikdən asılıdır.
Taxıl biçildikdən və sahə bitki qalıqlarından təmizləndikdən dərhal sonra 8-10 sm dərinlikdə üzləmə aparılmalıdır.

Alaqlara qarşı mübarizə üsulları:

Aqrotexniki mübarizə;

Aqrotexniki üsullar alaqları məhv etməkdən başqa su, hava, istilik və qida rejimini də nizamlayır.
Alaq bitkiləri ilə aqrotexniki mübarizə tədbirləri iki mərhələdə aparılır:
Mədəni bitkilər tarlalara səpilənə qədər olan dövrdə
Mədəni bitkilərin vegetasiya dövründə
Alaq otları ilə mübarizənin mədəni bitkilər tarlalara səpilənə qədər olan dövrdə aparılması daha əlverişlidir. Çünki bu dövrdə hələ mədəni bitkilər olmur, tarlada mexaniki becərmə işləri sərbəst aparılır.

Bioloji mübarizə

Alaq otları ilə bioloji mübarizədə mədəni bitkilərin böyüməsi və inkişafı üçün əlverişli şəraitin yaradılması əhəmiyyətli rol oynayır.
Müəyyən olunmuşdur ki, qızılsarmaşığın rütubətli gövdəsi üzərinə alternariya göbələyinin sporları düşdükdə cücərir, sürətlə inkişaf edib çoxalaraq 2-3 həftəyə alağı məhv edir.
Fitomiza milçəyi yumurtalarını kəhrə çiçəyinin üzərinə qoyur, nəticədə zədələnmiş kəhrə meyvə vermir.
Torpağın kəhrə toxumları ilə zibillənməsinə qarşı mübarizə aparmaq üçün milçək çoxaldılaraq tarlaya buraxılır. Qeyd edək ki, fitomiza milçəyi yay dövründə 3-4 nəsil verir.
Kəhrə ilə zibillənmiş tarlaların bir hektarına 500-1000 ədəd yumurta qoyulur. Fitomiza milçəyindən istifadə etməklə bostan bitkiləri 3-4 il, tütün bitkiləri əkinlərində 4-5 il müddətində kəhrənin qarşısını almaq olur.

Bioloji mübarizədə növbəli əkin sisteminin də böyük əhəmiyyəti vardır. Növbəli əkin sistemi tətbiq edilən taxıl, kənaf və yonca tarlalarında alaq otlarının 3,5 dəfə azalması buna bariz nümunədir.
Alaq otları ilə mübarizədə şumun necə aparılmasının böyük əhəmiyyəti vardır. Şum dərin aparıldıqda alaq otlarının toxumları, kök pöhrələri və kökümsov gövdələri torpağın dərin qatlarına düşərək az cücərti verir. Torpaq laydırlı kotanla şumlandıqda az, laydırsız kotanla şumlandıqda çox alaqlı olur.

Kimyəvi mübarizə

Müasir dövrdə alaq otlarına qarşı kimyəvi mübarizədə üzvi və qeyri-üzvi maddələrdən ibarət herbisidlərdən geniş istifadə olunur. Bitkilərə daxil olma xarakterinə görə herbisidlər yarpaqdan, kökdən və həm yarpaqdan, həm də kökdən daxil olmaqla bir-birindən fərqlənən üç qrupa bölünürlər.
Kökdən daxil olan herbisidlər torpağa səpilməklə, alaq cücərtiləri alınana qədər və sonrakı müddətlərdə tətbiq edilir. Yarpaqdan daxil olan herbisidlər isə alaq bitkilərinin yerüstü orqanlarının ilk inkişaf mərhələlərində istifadə olunur. Həm kökdən, həm də yarpaqdan daxil olan herbisidlər vegetasiya müddətində torpağa səpilir və yaxud bitkilərin yerüstü orqanlarına çilənir.
Herbisidlər fizioloji fəal maddə olduğuna görə bitkilərə daxil olduqda onlarda gedən biokimyəvi proseslərdə iştirak edir. Havanın nisbi rütubəti çox olduqda yarpaq səthində şeh əmələ gəldiyindən herbisidlərin bitkiyə daxil olması üçün əlverişli şərait yaranır.
Quru havada isə herbisidlərin bitkiyə daxil olması çətinləşir. Herbisidlərin günün səhər və axşam saatlarında səpilməsi daha məqsədəuyğun hesab edilir.

Faiq Xudayev
Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru