Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” ölkənin kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilə qədər olan müddət üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əks etdirir.
Strateji Yol Xəritəsi kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq və regionlarda əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılmasını nəzərdə tutur. Bu hədəflər aşağıdakılardır:
• Ərzaq təhlükəsizliyi dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi
• Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin halqaları üzrə artırılması
• Maliyyəyə çıxışın asanlaşdırılması
• Kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın artırılması
• Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi
• Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması
• Ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirinin idarə olunması
• Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi
• Kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi
Kənd təsərrüfatı sahəsində güzəştli kredit, lizinq və subsidiyaların təminatı Strateji Yol Xəritəsində 3-cü strateji hədəf kimi qeyd edilən “Maliyyəyə çıxışın asanlaşdırılması” hədəfinə aiddir.
Bu hədəfin qoyulması ölkədə rəqabətə davamlı kənd təsərrüfatı sektorunun formalaşdırılması zərurətindən irəli gəlir və özündə 3 fərqli məqsədi birləşdirir:
1. Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi
2. Aqrar sığortanın inkişaf etdirilməsi
3. Aqrar sahəyə investisiya qoyulması
“Maliyyəyə çıxışın asanlaşdırılması” strateji hədəfinin ilk prioriteti olan “Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi” üzrə 7 müxtəlif tədbirin görülməsi planlaşdırılır:
1. Kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi
2. Kredit Zəmanət Fondunun yaradılması imkanlarına baxılması
3. İnnovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması
4. Kreditlər üçün girov bazasının genişləndirilməsi
5. Kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması
6. Aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması
7. Kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması
Yuxarıda qeyd olunan tədbirlərin nəticəsi olaraq girovsuz və innovativ kreditlərdən istifadə üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, daşınmaz girovdan başqa digər girov növlərilə kreditləşmə mexanizminin formalaşdırılması, qeyri-işlək kreditlərin həcminin azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması və maliyyə çıxışlarının genişləndirilməsi gözlənilir.
Bu prioritet üzrə əlavə 665 mln. manat həcmində maliyyə vəsaitinə çıxış imkanının yaradılması nəzərdə tutulur. Kənd təsərrüfatı kreditlərinə zəmanət fondu konsepsiyası hazırda İpoteka və Kredit Zəmanət Fondunun funksiyaları çərçivəsində öz həllini tapmışdır.
Tədbirlər arasında birinci olaraq vurğulanan və xüsusi əhəmiyyət kəsb edən “Kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi” tədbiridir ki, bu tədbir “Maliyyəyə çıxışın asanlaşdırılması” strateji hədəfinin həyata keçirilməsi istiqamətində tədqiqat bazası rolunu oynayır. Kredit tələbinin proqnozlaşdırılması üçün kənd təsərrüfatı sektorunun Ümumdaxili Məhsulda (ÜDM) payı və kənd təsərrüfatı sektoru üzrə kredit göstəriciləri əsas götürülmüşdür.
Yuxarıdakı cədvəldən göründüyü kimi kənd təsərrüfatı sektoru üzrə ÜDM-in miqdarı son 4 ildə ilbəil artmışdır, lakin 2016 və 2017-ci illərdə kənd təsərrüfatı sektorunun ÜDM-də payı hər iki il üçün təqribən stabil olsa da (9.3 % və 9.4 %), 2018-ci ildə ölkə üzrə ÜDM-in daha çox artması nəticəsində kənd təsərrüfatı sektorunun ÜDM-də payı bir qədər azalmış (8.8 %), 2019-cu ilin sonunda isə kənd təsərrüfatı sektoru üzrə ÜDM-in daha çox artması nəticəsində bu göstərici yüksəlmişdir (9.5 %).
Ölkə üzrə cəmi kreditlər ilə kənd təsərrüfatı sektoruna verilən kreditlərin müqayisəsi də bizə sektorun kreditləşmədə nə qədər genişləndiyini təhlil etməyə imkan verir.
2017-ci ildə 2016-cı ilə nəzərən ölkə üzrə cəmi kreditlərdə və kənd təsərrüfatı sektoruna verilən kreditlərdə azalma (müvafiq olaraq, 29 % və 3 %) müşahidə olunsa da, 2018-ci ildə əvvəlki illə müqayisədə artım olmuşdur (cəmi kreditlərdə 11 %, sektora verilən kreditlərdə isə 10 %). 2019-cu ildə isə 2018 ilə müqayisədə artım daha da güclənmişdir (cəmi kreditlərdə 17 %, sektora verilən kreditlərdə isə 16 %).
2016-2018-ci illər ərzində maliyyə dərinliyinə baxsaq, ölkədə azalma trendi müşahidə olunmaqdadır. Belə ki, 2015-ci il devalvasiyaları verilən kreditlərin həcmini aşağı salaraq maliyyə dərinliyinə də mənfi təsir göstərmişdir. 2017-ci ildə kreditlərin həcmi 2016-cı illə müqayisədə 29 % aşağı düşmüş (müvafiq olaraq 16.4 mlrd. manatdan 11.8 mlrd. manata), 2018-ci il ərzində isə bir qədər qalxmışdır (11% və ya 1.3 mlrd. manat). Lakin 2019-cu ildə maliyyə dərinliyi göstəricisi 18.7 %-dək yüksəlmişdir. Belə ki, bu ildə ÜDM əvvəlki ilə nəzərən 4.6 %, verilən cəmi kreditlər isə 17.7 % artmışdır.
Maliyyə dərinliyi göstəricilərinin təhlili kreditləşmə üzrə proqnozların verilməsi baxımından əhəmiyyətlidir. İqtisadiyyatın sektorlar üzrə kreditləşmə səviyyəsini müəyyən etmək üçün də müvafiq olaraq həmin sektorun maliyyə dərinliyini təhlil etmək lazımdır.
Göründüyü kimi 2014-cü ildən etibarən kənd təsərrüfatı sektorunun kreditləşməsi kəskin azalır (2015-ci ildə 2014-cü ilə nəzərən 40 % azalma). Araşdırma göstərir ki, kənd təsərrüfatı sektoruna verilən kreditlər, kənd təsərrüfatı sektorunun ÜDM-də payı ilə müqayisədə daha çox azalıb. Maraqlı məqamlardan biri də 2017-ci il ərzində sektorun ÜDM-də payının artmasına baxmayaraq sektor üzrə kreditləşmə səviyyəsinin aşağı düşməsidir ki, bunu da kənd təsərrüfatı sektoruna göstərilən dövlət dəstəyi ilə (subsidiyalar ) izah etmək olar. 2015-ci ildən bəri ilk dəfə 2018-ci ildə kənd təsərrüfatı sektoru üzrə verilən kreditlərdə artım, bu sektorun ÜDM-də olan payının illər üzrə artımını üstələyir (kreditlərdə artım 9.5 %, kənd təsərrüfatı üzrə ÜDM-də artım 6.5 %). 2017-ci ildən başlayaraq sektorda kreditləşmə səviyyəsində artım müşahidə edilməkdədir.
Kənd təsərrüfatı üzrə maliyyə dərinliyinin təhlilindən sonra sektor üzrə verilən kreditlər barədə məlumatlar (2009-2019), onların emalı və ekonometrik qiymətləndirilməsi bizə 2020-ci il üçün kənd təsərrüfatı sektorunun kreditə olan tələbini müəyyən etməyə imkan verir.
Son 10 ilin trendini nəzərə alaraq, ən kiçik kvadratlar üsulunu tətbiq etməklə 2019-cu il üçün ölkə üzrə kənd təsərrüfatı sektorunda kreditləşməyə olan tələb proqnozlaşdırılmışdır.
Ekonometrik reqressiyanın tətbiqi proqnozun maksimum 676 milyon manat olacağını deməyə əsas verir. Kreditə olan tələbi proqnozlaşdırmaq üçün daha öncə 2020-ci il üçün ölkə üzrə ÜDM və kənd təsərrüfatı sektorunun bu ÜDM-də payı müəyyən edilməlidir.
Maliyyə Nazirliyinin hesablamalarına görə 2020-ci il üçün ölkə üzrə ÜDM təqribən 82.7 mlrd. manat olacağı gözlənilir. Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) hesablamalarına görə isə 2020-ci ildə kənd təsərrüfatı sektoru üzrə ÜDM təqribən 9.2 mlrd. manat olacaq.
Rəşad Kərimov
"Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi"
layihəsinin dəyər zəncirinin inkişafı katibliyinin rəhbəri