HEYVANDARLIQDA RÜŞEYMİN TRANSPLANTASİYASI TEXNOLOGİYASININ TƏTBİQİ

Heyvandarlıq – dünya kənd təsərrüfatının ikinci mühüm sahələrindən biri olmaqla əhalini qiymətli ərzaq məhsulları ilə, yüngül sənayeni xammalla, bitkiçilik sahəsini isə üzvi gübrələrlə təmin edir. Heyvandarlıq sahəsi dünyanın hər yerində müvəffəqiyyətlə inkişaf etdirilməkdədir.
Respublikamızda son 15 ildə əsas heyvandarlıq məhsullarının istehsalında davamlı artım müşahidə edilir. Bu artım əlaməti həm ümumi, həm də adambaşına düşən göstəricilərdə qeydə alınmışdır.
2019-cu ilin məlumatına əsasən, heyvandarlıq sektorunda 3,670 milyard manatlıq məhsul istehsal edilib və 13 % artım baş vermişdir.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “2019-2023-cü illər üçün Strateji İnkişaf Planı” na daxil edilən konkret tədbirlərdən biri də heyvandarlıqda rüşeymin transplantasiyası texnologiyasının tətbiq edilməsidir. Bu, dövrün ən aktual tələbidir.
Ölkəmizdə naxır strukturuna görə mal-qaranın sayı 1 milyon 195 minə yaxınlaşır. Hədəfimiz daha çox iribuynuzlu mal-qaranın saxlanması deyil, daha çox məhsuldar olmasıdır. Buna görə də heyvanların cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması istiqamətində süni mayalanma işləri həyata keçirilir.
Embrion köçürmə üsulu kənd təsərrüfatı heyvanlarının yetişdirilməsində istifadə olunan intensiv üsullardan biridir. Bu üsul yüksək damazlıq keyfiyyətinə malik olan heyvanların qısa müddət ərzində artmasına və heyvandarlıqda gəlirin yüksəlməsinə kömək edir.
İribuynuzlu mal-qaranı ənənəvi üsulla yetişdirdikdə hər bir inəkdən 3 və ya 5 buzov alınır. Nəticədə qiymətli genotipə malik dişi heyvanların alınması məhdudlaşır.

Embrion köçürmə donor heyvanların cinsiyyət üzvlərindəki rüşeymin resipient heyvanların cinsiyyət üzvlərinə köçürülməsi deməkdir. Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır.
Bu heyvanda hormonal yolla poliovulyasiya törətdikdən sonra onu yüksək məhsuldar törədicinin sperması ilə mayalandırır və bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə heyvanlar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla yanaşı, transplantasiya üçün yararlı rüşeymlər verə bilsinlər.
Bu məqsədlə doğum zamanı və sonrakı dövrdə heç bir patologiya ilə üzləşməmiş 4–5 yaşında sağlam və süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər. Bir il ərzində bir donor inəkdən 40-a qədər buzov almaq mümkündür.
Təyin olunmuşdur ki, embrion qişadan çıxdıqda virus və mikrob agenti ilə yoluxur. Bu isə qiymətli heyvanların vaxtından əvvəl çıxdaş edilməsinə gətirib çıxarmaqla damazlıq təsərrüfatlarında böyük iqtisadi ziyana səbəb olur.
Dondurulmuş embrionların yer kürəsinin bütün nöqtələrinə çatdırılması diri heyvanın nəqlindən daha ucuz başa gəlir.
Embrion transplantasiyasını tətbiq etdikdə 3 il müddətində sürü yaratmaq olar. Bu isə dünya istehsal səviyyəsinə çıxmaq deməkdir. Bu texnologiyanın istifadəsi zamanı əkiz heyvan almaq və embrionu mikrocərrahi üsulla hissələrə bölməklə əkizlərin doğuşunu tezləşdirmək mümkündür. Belə bir proqnoz var ki, gələcəkdə heyvan alveri embrion alveri ilə əvəz olunacaq.

Embrion köçürmənin üstünlükləri:
- Heyvanların baş sayının az müddət ərzində artırılması
- 3 il ərzində arzu olunan yeni heyvan tiplərinin
yaradılması
- Zərərli genlərin və anormal xromosomların aşkar
edilməsi
- Heyvanların xəstəliyə davamlılığının yüksəldilməsi
- İstənilən cinsli embrionların əldə edilməsi

Məsələn, dünyada Holştin friz cinsinin yayılma arealını nəzərə alsaq belə bir mənzərə qarşımıza çıxar ki, bu cins daha çox Yaponiya, ABŞ, Almaniyada yayılmışdır və burada embrion köçürmə yolu ilə alınan heyvanlarda süd məhsuldarlığı daha yüksək olmuşdur.
Adətən inəklər ildə bir bala verir. Təxminən 2-3 % inəklər iki və ya daha çox bala verirlər. Genetik qanunauyğunluğa əsasən doğulan balaların 51 % -ni erkəklər, 49 % -ni isə dişilər təşkil edir.
Odur ki, inəklərin cinsiyyətinə görə seçilmiş toxumlarla mayalandırılması mühüm əhəmiyyət kəsb edir. Bu zaman buzovlardan 90 % -i dişi alınır. Bu cür tədbirlərin aparılması onu deməyə əsas verir ki, rüşeymin köçürülməsi texnologiyası kənd təsərrüfatı heyvanlarının törəyib artırılmasına xidmət edən əsas biotexnoloji üsuldur.

Mahir Hacıyev
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru