Əhali tərəfindən geniş şəkildə əkilib-becərilən tərəvəz bitkilərindən biri kələmdir. Buna səbəb ölkəmizdə mövcud torpaq-iqlim şəraitinin əlverişli olmasıdır. Kələmin ilin müxtəlif fəsillərində yetişə bilməsi və uzun müddətli saxlanma qabiliyyətinə malik olması ondan ilboyu istifadə etməyə imkan verir.
Kələm yüksək qidalılıq dəyərinə sahibdir. Həm təzə, həm də duza və sirkəyə qoyulmuş halda yeyilir. Tərkibində şəkər, mineral duzlar, turşular, C, P, B1, B2, K vitaminləri, A, D provitaminləri və digər xeyirli maddələr vardır. Foli turşusu və U vitamini onun əhəmiyyətini daha da artırır.
Xalq təbabətində kələmdən ürək-damar, mədə, qurd, qaraciyər xəstəliklərinin və öd daşlarının müalicəsində istifadə edilir. Son zamanlar brokkoli kələminin şirəsinin xərçəng hüceyrələrini məhv etməsi barədə məlumatlara da rast gəlinir. İnsanlar üçün qida və müalicə əhəmiyyətindən başqa kələm mal-qara və ev quşları üçün yem kimi də işlədilir.
Dünyada kələmin 10-a yaxın becərilən mədəni növü məlumdur. Bunlardan yer kürəsinin hər yerində, o cümlədən də Azərbaycanda geniş yayılanı baş kələmdir. Baş kələmi çoxillik otlar, paxlalı və bostan bitkiləri, xiyar, pomidor, soğan və kökümeyvəlilərdən sonra əkmək olar. Tezyetişən yazlıq baş kələmin şitilləri yazda əkildiyi üçün torpağın becərilməsi payızdan başlanmalı, sələf bitkilərin məhsulu yığılandan sonra sahə bitki qalıqlarından təmizlənməlidir.
Hər hektara 40 t peyin və illik normanın 60 %-i qədər fosfor, 20 % azot və 20 % kalium verildikdən sonra torpaq 25-30 sm dərinlikdə şumlanır. Dondurma şumu (qış şumu) erkən yaza qədər olduğu kimi saxlanılır.
Yazda torpaq əkinqabağı ya laydırsız kotanla 15-18 sm dərinlikdə ikinci dəfə şumlanır, ya da 12-15 sm dərinlikdə kultivasiya edilib malalanır. Ondan sonra su şırımları və kanalları açılır.
İyun-avqust aylarında aparılacaq yay əkinləri üçün sahələrin hazırlanmasına yazdan başlanır. Səpin üçün təzə, tam yetişmiş, dolu, sort təmizliyi və cücərmə qabiliyyəti yüksək olan toxumlar ayrılmalıdır. 1 hektarlıq şitil almaq üçün 400-500 q kələm toxumu tələb olunur.
Baş kələm müxtəlif mövsümlərdə istifadə olunduğu üçün toxumları da müxtəlif müddətlərdə səpilir. Məsələn payızlıq sortların toxumları sentyabrın 10-dan 25-dək səpilir, şitilləri isə noyabr ayında əkilir.
Həm faraş, həm də yüksək məhsul almaq üçün sağlam və qüvvətli şitil yetişdirmək vacibdir. Bunun üçün alaqsız, münbit, küləkdən qorunan torpaq sahəsi ayrılır, 20-25 sm dərinlikdə şumlanıb malalanır, eni 1 m, uzunluğu sərbəst olan ləklər hazırlanır. Ləklərin hər kvadrat metrinə 8-10 kq çürümüş peyin, 40-50 q superfosfat, 20-30 q azot və 10-15 q kalium gübrəsi verilib torpağa qarışdırılır.
Qeyd etmək lazımdır ki, 1 ha sahənin şitilini almaq üçün 400-500 q toxum və 150-200 kv.m şitillik sahəsi lazımdır. 1 kv.m şitillikdən 150-200 ədəd normal şitil alınır. 1 ha şitillikdən isə 1,2-1,5 milyon ədəd (20-30 ha üçün) şitil alınır. Əkin üçün şitilin ən yaxşı yaşı 40-45 gün hesab olunur.
Şitillər 2-3 dəfə əlavə yemləndikdən sonra təmiz su ilə yuyulur. Seçilən şitillər arat edilmiş sahəyə bir-birindən 30-50 sm ara ilə cərgələrin su yatağının yan tərəfinə əkilir. Onlar ən aşağıdakı sağlam yarpağın əsasına qədər ürəkçik torpaqdan kənarda qalmaqla basdırılır, sonra isə suvarılır.
Əkinlərə qulluq işləri torpağın yumşaldılmasından, əlavə qida və su verilməsindən, alaqlara və zərərvericilərə qarşı mübarizə tədbirlərindən ibarətdir. Bitkilərin normal böyüyüb inkişaf etməsi üçün sahələri suvarmaq lazımdır. Suvarmaların sayı cənub rayonlarında çox, şimal rayonlarında isə az olur.
Baş kələm texniki yetişkənliyə çatanda yığılır. Yığımın gecikdirilməsi məhsul itkisinə səbəb ola bilər. Bu zaman kələmin başı partlayır və çürüyür.
Məhsul başlarının texniki yetişkənliyə çatmasını onu əmələ gətirən yandakı yarpaqların parlaqlığı, ağımtıl rəng alması və ya bərkiməsi ilə müəyyən etmək olar.
Məhsul əvvəl seçmə yolla, sonra isə kütləvi surətdə yığılır. Yığımda bitkinin rozet yarpaqları yuxarıdan aşağıya doğru qoparılır, başın üzərində 2-3 ədəd nisbətən ağ rəngli yarpaq və 3-4 sm xarici gövdə saxlanılır. Üstdə saxlanan yarpaqlar məhsulu çirklənmədən və zədələrdən qoruyur.
Yığılan məhsul başları təmizlənərək çeşidlənir və yeşiklərə qablaşdırılaraq nəzərdə tutulan məntəqələrə göndərilir.
Elmar Allahverdiyev
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru