Meyvəçilik aqrar iqtisadiyyatın önəmli bir sahəsidir və son dövrlərdə çox sürətlə inkişaf edir. Hazırda dünyada meyvə bağlarının ümumi sahəsi 90 milyon hektara yaxın olub, əkin sahəsinin 6 %-ni təşkil edir.
Bağçılıq sahəsində respublikada aparılan sosial-iqtisadi islahatlar meyvə-giləmeyvə istehsalının sürətli inkişafına zəmin yaradır. Respublika əhalisinin 1 il ərzində meyvə-giləmeyvəyə olan tələbatı insan artımı ilə əlaqədar olaraq hər il artmaqdadır.
Elmi-Tədqiqat Qidalandırma İnstitutu hər nəfər üçün 76 kq meyvə-giləmeyvə istehsal olunmasını orta fizioloji norma kimi müəyyənləşdirmişdir.
Azərbaycanın zəngin torpaq-iqlim şəraiti yalnız tropik meyvə bitkiləri istisna olmaqla bütün meyvə-giləmeyvə bitkilərinin becərilməsi üçün olduqca əlverişlidir.
Bildiyimiz kimi, dünya üzrə mövcud olan 12 iqlim tipindən 9-u respublikamızda var və bu da aqrar istehsal potensialının artırılması, daxili istehsal hesabına əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, respublikanın idxalçı ölkədən ixracatçı ölkəyə çevrilməsi və iqtisadi gəlirin yüksəlmə istiqamətində unikal imkanlar yaradır.
Meyvəçilik yüksək iqtisadi gəlirə malikdir. Sənaye meyvəçiliyinin uğurlu inkişafı və intensiv məhsul istehsalı yüksək aqrotexnoloji qaydalar əsasında təşkil olunmuş mütərəqqi tinglik təsərrüfatları şəbəkəsindən keçir.
Müasir meyvəçilik intensiv yolla inkişaf etdirilir, adi intensiv bağların hər hektarında 600-800 ağac, yüksək intensiv bağların hər hektarında 1800-2000 ağac, super intensiv bağların hər hektarında 5000-10000 ağac, ultra superintensiv bağlarda isə 50-120 min ədəd ağac əkilir. Bu bağlardan 40-80 ton yüksək keyfiyyətli məhsul yığılır.
Bağların məhsuldarlığının yüksəldilməsində sort həlledici əhəmiyyət kəsb edir. Hektardan orta hesabla 20 tondan az məhsul verən sortların becərilməsi tövsiyə edilmir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən son 5 ildə respublikamızda meyvə və giləmeyvə bitkilərinin əkin sahələri 48,8 % artmışdır.
Meyvəçiliyin inkişafında meyvə tingliyinin həlledici rolunu nəzərə alaraq, onun sahəsinin genişləndirilməsi və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatlarının yaradılması vacibdir.
Azərbaycanda toxum və ting bazarı hazırda formalaşma mərhələsindədir və istehsalçıların keyfiyyətli toxum və tinglərlə təmin edilməsi zəruridir.
Yüksək keyfiyyətli toxum və tinglərə qoyulan ilkin investisiya kiçik təsərrüfat subyektləri üçün çox baha başa gəldiyinə görə fermerlərin əksəriyyəti növbəti mövsümdə toxuma və tingə olan tələbatlarını ödəmək üçün onları öz təsərrüfatlarında yetişdirir.
Sağlam ting istehsalı böyük maya dəyərinə malik olmaqla bərabər onun istehsalı prosesi də dövlət nəzarətində olmalıdır. Tinglikdə istehsal prosesi bütövlükdə mexanikləşdirilməli və yaxud avtomatlaşdırılmalıdır.
Nümunəvi təşkil olunan tinglik təsərrüfatına aşağıdakı şöbələr aiddir:
Toxumluq ana bağ
Qələmlik ana bağ
Klon calaqaltılar şöbəsi
Calaqlıq və ya formavermə şöbəsi
Fumiqasiya kamerası
Biotexnoloji laboratoriya
Tinglərin saxlanma kamerası
Bu şöbələrdən xüsusilə qələmlik ana bağ və klon calaqaltılar şöbəsi virus və mikroplazma mənşəli xəstəliklərdən azad və sağlamlaşdırılmış əkin materialı ilə salınmalıdır.
Tinglikdə istehsal olunan əkin materialı ilə gələcək məhsuldar bağların fitosanitar vəziyyətinin əsası qoyulur. Ümumiyyətlə, sağlamlaşdırılmış əkin materialı istehsalı həm iqtisadi, həm də ekoloji baxımdan çox mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan əkin materialının sertifikatlaşdırılması günün aktual problemlərindəndir.
Sertifikatlaşdırma-təsərrüfat şəraitində bütün vegetasiya dövründə əkin materialının keyfiyyətinə kompleks şəkildə nəzarət etməkdir.
Bunun üçün tinglik təsərrüfatlarında müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrlar və güclü maddi-texniki baza olmalıdır. Mütəxəssislər əkin materialının istehsalı boyu bütün prosesləri dəqiqliklə izləməli və qeydiyyatlar aparmalıdır.
Fitosanitar monitorinq zamanı əsas məsələ tinglik üçün seçilmiş ərazidə torpağın (substrat) və anaclıqların salınması üçün əkiləcək bitkilərin əkinqabağı diaqnostikasıdır.
Torpağın diaqnostikası zamanı onun fitoparazitlərlə xüsusilə də virus daşıyıcısı olan nematodlarla, fitopatogen göbələklər və kök xərçəngi törədiciləri ilə yoluxma dərəcəsi ölçülməlidir.
Əldə edilmiş məlumatlar elektron xəritədə öz əksini tapmalıdır. Virusdan azad sağlam və sağlamlaşdırılmış əkin materialı adi qaydada yetişdirilmiş tinglər ilə müqayisədə eyni ekoloji şəraitdə abiotik və biotik amillərin zərərli təsirinə daha davamlı olmaqla hektardan 1,5-3 dəfə çox məhsul verir.
Tinglik təsərrüfatlarının əsas xarakterik xüsusiyyəti sahə vahidində daha çox bitki əkilməsidir ki, bunun da müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Çünki sahə vahidində bitkilərin həddindən artıq sıx yerləşdirilməsi xəstəlik və zərərvericilərin inkişafı və yayılması üçün daha əlverişli şərait yaradır.
Bu səbəbdən də tinglik təsərrüfatlarında fitosanitar nəzarətin zəif olması və yaxud da heç olmaması səbəbindən tinglər özləri zərərvericilərin və fitopatogen mikroorqanizmlərin daşıyıcısına çevrilir.
Müasir dövrdə mövcud olan əsas problemlərdən biri də əksər təsərrüfatlarda hansısa Qərbi Avropa ölkəsindən gətirilən və “brend” hesab edilən sortlar yerli şəraitdə sınaqdan keçirilməmiş əkilir. Bu isə son nəticədə ciddi fəsadlara yol açır.
Eyni zamanda gətirilmə sortlar respublikamızda əvvəllər becərilən qiymətli və daha keyfiyyətli sortların sıxışdırılmasına səbəb olur. Bu baxımdan bilirik ki, son dövrlərdə yerli meyvə-giləmeyvə sortlarının
əksəriyyəti yox olmaq üzrədir. Halbuki yerli sortların malik olduqları qiymətli bioloji xüsusiyyətlərdən və dəyərli təsərrüfat göstəricilərindən seleksiya vasitəsilə yeni sortların alınmasında istifadə edilə bilər.
Qeyd olunan məsələlərin həll ilə gələcəkdə xaricdən ting idxalına son qoymaqla yanaşı, Azərbaycanın genofondunun qorunmasına, bölgələr üzrə bağçılığın sürətli və davamlı inkişafına xidmət edəcəkdir.
Hüseyn İdrisov
Azərbaycan Dövlət Aqrar Universiteti
Bağçılıq kafedrasının müdiri