Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün müşavirəsi keçirilib

Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq.
Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır.
Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir.
Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər. Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır.
Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq.
Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.
Əvvəllər qeyd etdiyim kimi biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar.
Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.

Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər

Birinci rübdə kənd təsərrüfatının artımı 3,7 faiz olmuşdur. Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur.
Bu il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur. Xüsusilə hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək.
Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. Əlbəttə ki, kiçik sahibkarlar da yaddan çıxmamalıdır. Bilirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin bəzi təklifləri var.
Aqrar sektorda fəaliyyət bu gün xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün zəruri tədbirlər görülür.
Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv dövrünə təsadüf edir. Bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib.
Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb.
Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb

Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb.
Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir.
Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir.
Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib.
Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır.
Hal-hazırda fermerlərimizin üzləşdiyi çətinliklərdən biri də iqlim dəyişiklikləri ilə bağlıdır. Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib.
Fermerlərimizin qarşılaşdığı digər çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Bir neçə gün əvvəl imzalanan fərmana əsasən fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb.

Prezident İlham Əliyevin yekun çıxışı

Bir daha demək istəyirəm ki, son illər kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklər baş verir. Elektron Kənd Təsərrüfatı Proqramı icra edilir. Fermerlərə subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilib və artıq kartlar da verilibdir. Bu, çox müsbət haldır, yəni, kənd təsərrüfatı müasir standartlara cavab verməlidir.
Belə olan halda, əlbəttə ki, həm məhsuldarlıq artacaq, həm kənddə işləyən insanlar əmək sərf edəcəklər, həm də daxili bazarı təmin edəcəyik və xarici bazarlara da daha geniş çeşiddə məhsullarla çıxa biləcəyik. Kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır.
Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək.
Hesab edirəm ki, qeyd etdiyiniz məsələlərin həlli üçün, əlavə vəsait ayrılmalıdır. Mikrokreditlərin verilməsi üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu məqsədlər üçün 30 milyon manat vəsait ayrıla bilər və müvafiq Sərəncam layihəsi də hazırlansın, mənə təqdim edilsin.