Dabaq xəstəliyi və onunla mübarizə

Dabaq xəstəliyi kənd təsərrüfatı heyvanlarının, xüsusən cütdırnaqlı heyvanların iri infeksion və şiddətli kantagioz xəstəliyi olmaqla süzülən viruslar tərəfindən törədilir. Xəstəlik mədə-bağırsaq traktının, əsasən də ağız boşluğunun selikli qişasında vezikulyar zədələrin və başın tüksüz sahələrində eroziyaların əmələ gəlməsi ilə xarakterizə olunur. Bəzi hallarda insanlar da bu xəstəliyə tutulurlar. Heyvanlarda dabaq xəstəliyi ilk dəfə XV əsrdə ortaya çıxmışdır. 1922-ci ildə fransız alimləri tərəfindən virusun ilk dəfə 2 müxtəlif tipi – O və A tipi müəyyən edilmişdir. Hal-hazırda bu xəstəliyin S, Asiya-1, Asiya-2, sat1, sat2, sat3 tipləri və onların müxtəlif variantları mövcuddur. Hər tip yalnız özünə görə immunitet yaratmaq qabiliyyətinə malikdir. Azərbaycanda Asiya-1 tipi epizootiya şəklində müşahidə edilmişdir. Xəstəliyin yüksək kontagioz olması, bir çox heyvan növlərinin həssaslığı, çoxsaylı immunobioloji tiplərin və yarımtiplərin mövcudluğu uzun müddət virusun xarici mühitdə və orqanizmdə qalması kimi mühüm amillər sanitariya işlərinin aparılması üçün ciddi problemlər yaradır. Bu da dövlətlər arasında iqtisadi əlaqələrin
inkişafına mane olur. Ciddi mübarizə tədbirlərinin görülməsi və həssas heyvanların peyvəndlənməsi üçün külli miqdarda vəsait tələb olunur. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hər hansı bir ərazidə dabaq baş verdikdə yaşlı heyvanlar arasında tələfat az olsa da, onların ət və süd məhsuldarlığı əsaslı surətdə azalır. Dabaq xəstəliyinə yoluxmuş heyvanlar çəkilərini itirməklə laktasiya dövründə bir daha əvvəlki məhsuldarlığına qayıtmır. Xəstəlik cavan heyvanlardan quzu və buzovların kütləvi halda tələfatına səbəb olur. 

Xəstəliyin diaqnostikası

Epizootoloji məlumatlara, klinik əlamətlərə və laborator müayinələrə əsasən xəstəliyin diaqnozu qoyulur. Dabaq baş verdikdə virusun tipi və serovariantını tez bir zamanda təyin etmək infeksiyanın yayılmasının qarşısını almaq üçün vacib şərtlərdəndir.
Dabaq virusunun tiplərinin bir-birindən fərqləndirilməsi üçün son zamanlar seroloji üsulla tipləşdirmə qaydası öyrənilmişdir. Komplementin birləşmə reaksiyası onunla fərqlənir ki, burada müayinə olunan materialda əks-cisim yox, antigen axtarılır.
Əgər brusselyozun müayinəsində heyvanın qan serumundan istifadə edilirsə, dabaq xəstəliyində pozitiv serum olmaqla dabaq aftasından alınmış toxumanın 10%-li emulsiyasından istifadə edilir. Bu zaman müayinə olunan virusun hansı tip serumla reaksiya verməsi müəyyən edilir və mütəxəssislər xəstəliyə qarşı mübarizəni təşkil edirlər.

Xəstəliyin yayılması

Xəstəliyin əsas mənbəyi dabağa tutulmuş heyvanlardır. Törədici xəstə heyvanların ağız suyu, südü, nəcisi, əti və yunu ilə ətrafa yayılır. Dabaq virusu başqa viruslara nisbətən fiziki, kimyəvi və xarici mühitin təsirlərinə davamlıdır.
Xəstəliyin ilk klinik əlamətləri heyvanlarda iştahanın pozulması, südün azalması, bədən hərarətinin yüksəlməsi, ağızda qabarcıqların əmələ gəlməsi və selikli mayenin axması ilə başlayır. Qabarcıqlar partladıqdan sonra onların yerində yaralar əmələ gəlir.
Dabaq virusu otlaqda iyul və avqust aylarında 1-7 gün, sentyabr-oktyabr aylarında 3-20 gün konservləşib qalır.
Mənfi temperatur virusu konservləşdirir. 50 dərəcə müsbət temperaturda 30 dəqiqə ərzində, 100 dərəcədə isə dərhal parçalanır. Dabaq xəstəliyinə təkdırnaqlılardan başqa
14 dəstə, 33 ailə, 105 növə mənsub cütdırnaqlı heyvanlar yoluxur. Təbii şəraitdə xəstəliyə yoluxanlar daha çox qaramal, camış, qoyun, donuz, nisbətən az isə dəvə və marallardır.

Xəstəliyin müalicəsi və profilaktik-mübarizə tədbirləri

Yaşayış məntəqələrində olan ayrı-ayrı təsərrüfatlarda dabaq xəstəliyini vaxtında aradan qaldırmaq üçün xəstə heyvanları müalicə etməkdən başqa onların yemləndirilməsi şəraiti, habelə yemlərin keyfiyyətini yaxşılaşdırmaqla karantin tədbirlərinə ciddi yanaşmaq lazımdır.
Xəstə heyvanların ağız boşluğunda olan yaraların tez bir zamanda sağalması üçün yara olan yerləri kalium-permanqanatın zəif məhlulu ilə gün ərzində 2-3 dəfə yumaq lazımdır. Bu məqsədlə sirkə turşusunun zəif məhlulundan və ya digər dezinfeksiyaedici dərman maddələrindən istifadə etmək yaxşı nəticə verir.
Heyvanlarda dabaq və ya buna oxşar xəstəliklər baş verdikdə bu heyvanları təcili surətdə naxırdan, sürüdən ayırmalı, baytara tez xəbər verməli və təsərrüfatda olan bütün heyvanlar dabaq vaksini ilə peyvənd edilməlidir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstəlik baş vermiş məntəqədə karantin elan edilməlidir.Beynəlxalq Epizootik Büronun Baytarlıq Kodeksinə uyğun olaraq 3 kompleks epizootiya əleyhinə tədbirlərin görülməsi vacibdir. Bunlardan birincisi baytarlıq-sanitariya tədbirlərinin aparılması, ikincisi yoluxmuş sürünün məhv edilməsi, digəri isə vaksinoprofilaktikadır. Bu üsulların tətbiqi konkret epizootik vəziyyətə uyğun aparılır.
Bu üsulların hər birinin müsbət və mənfi tərəfləri vardır. Baytarlıq-sanitariya tədbirlərinə əməl olunması və yoluxmuş naxırın məhv edilməsi çox effektli və radikal üsuldur, çünki bu, birbaşa xəstəlik mənbəyinin məhvinə yönəlmişdir.

Rafiq Muradov
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Kənd Təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri şöbəsinin müdiri
Baytarlıq üzrə fəlsəfə doktoru