Qarğıdalı hibridlərinin məhsuldarlığına iqlim dəyişikliklərinin təsiri

Qarğıdalı bitkisi bütün dünya ölkələrində əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında, heyvandarlığın və quşçuluğun yem bazasının gücləndirilməsində potensial imkanlara malik mühüm dənli bitki kimi becərilir. Son dövrlərdə ölkəmizdə qarğıdalı məhsullarına artan tələbat və onun qida rasionumuza sürətlə daxil olması bu bitkiyə diqqəti xeyli artırmışdır.
Respublikamızda daxili tələbatın müəyyən bir hissəsi yerli istehsal hesabına ödənilir. Daxili tələbatın tamamilə ödənilməsi üçün mövcud yerli seleksiya sortları ilə yanaşı, becərmə şəraitinə uyğun yüksək məhsuldar qarğıdalı hibridlərinin yaradılması da idxal asılılığının aradan qaldırılması baxımından zəruridir.
Müasir elmi nailiyyətlərdən geniş və hərtərəfli istifadə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına imkan yaradır. Mühit amilləri bitkilərin böyüməsi və inkişafı dövründə onlara birbaşa təsir edir.
Bu amillərin bir qismi yüksək məhsuldarlıq potensialının reallaşmasına imkan verir, digər bir qismi isə maneçilik törədir. İqlimin stress amillərinə genotiplərin davamlılığı yüksəldikcə onların məhsuldarlıq göstəriciləri aşağı düşür və sabitləşir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda aparılmış tədqiqat işləri göstərir ki, seleksiya yolu ilə seçilmiş və hazırlanmış başlanğıc materiallardan istifadə etməklə yüksək adaptiv imkanlara malik sortlar və hibridlər yaratmaq mümkündür.
Qarğıdalının seleksiyası sahəsində ən mühüm nailiyyətlərdən biri də abiotik və biotik amillərə davamlı hibridlərin yaradılmasıdır. Bu baxımdan qlobal iqlim dəyişiklikləri fonunda mövcud sortlarla yanaşı, məhsuldar, tezyetişən və isti iqlim şəraitində iki dəfə məhsul verə bilən qarğıdalı hibridlərinin yaradılması böyük əhəmiyyət kəsb edir. Son illərdə dünya miqyasında baş verən iqlim dəyişiklikləri, xüsusilə də qlobal istiləşmə prosesi kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq göstəricilərini xeyli aşağı salmışdır. Buna görə də yeni yaradılmış hibridlərin torpaq-iqlim şəraitinə görə uyğunlaşma qabiliyyəti yüksək olmalıdır.

Material və metodlar

Elmi-tədqiqat işləri 2016-2019-cu illəri əhatə etmişdir. Tədqiqat materialı kimi 2016-2018-ci illərdə 11, 2018-2019-cu illərdə isə 15 kombinasiya öyrənilmişdir.
Təcrübə işləri üç təkrarda, hər biri 10 m2 olan ləklərdə aparılmışdır. Təcrübə işləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasındakı Pərzivan təcrübə sahəsində aparılmışdır. Təcrübə sahəsi dəmyə, boz qonur, şabalıdı və qumsal torpaqlardan ibarətdir. Torpağın su saxlama qabiliyyəti aşağı səviyyədədir. Sahənin şum qatı pH neytraldır.

Nəticələr və onların müzakirəsi

Bitkilərin normal həyat qabiliyyəti ancaq müəyyən temperatur və nəmlik səviyyəsi çərçivəsində mümkündür. Havanın temperatur göstəricisinin yuxarı qalxması, torpağın həddindən artıq qızması, atmosfer yağıntılarının
azlığı vegetativ orqanların formalaşdığı və generativ orqanların əmələ gəldiyi dövrdə bitkilərin inkişafına mənfi təsir edir. Sınaqdan keçirilən qarğıdalı hibridlərinin məhsuldarlıq göstəriciləri iqlim amillərinin təsiri nəticəsində dəyişir. İlk növbədə bu amillərin bitkilərin vegetasiya dövründə illər və aylar üzrə dəyişməsinə fikir vermək lazımdır. 2016-2019-cu təcrübə illərinin meteoroloji analizi cədvəl 1-də verilmişdir. Təcrübə sahələrində əkinlər əlverişli
iqlim şəraitində, adətən aprel ayının 3-cü ongünlüyündə, əlverişsiz iqlim şəraiti olan illərdə isə may ayının 1-ci ongünlüyündə aparılmışdır. İlkin cücərtilərin alınması may ayına təsadüf etmişdir. Bütün illər üzrə (2016-2019-cu
illər) may ayı bitkilərin böyüməsi və inkişafı üçün əlverişli olmuşdur.
Qarğıdalı bitkisinin vegetativ kütləsinin formalaşması və generativ orqanlarının əmələgəlmə prosesləri, əsasən iyun ayına, çiçəkləmə, mayalanma və dən dolumu dövrü isə iyul ayına təsadüf etdiyindən bu ayların iqlim göstəriciləri
ümumi məhsulun formalaşmasında xüsusi çəkiyə malik olur. 2016-2018-ci illərdə vegetasiya dövründə, əsasən iyun və iyul aylarında atmosfer yağıntılarının miqdarı 165,5 mm, 166,8 mm və 199,4 mm olduğu halda, 2019-cu ildə bu göstərici cəmi iki ay ərzində 69,9 mm olmuşdur. İyun ayının orta temperatur göstəricisi 2019-cu ildə əvvəlki illərə nisbətən 3,1-4,3 0C və çoxillik orta göstərici ilə müqayisədə 2,5 0C yüksəkdir. Havanın maksimum
temperatur göstəricisi 2019-cu təcrübə ilində əvvəlki illərlə müqayisədə 3,1-3,9 0C, çoxillik orta göstəricidən isə 2,9 0C yüksək olmuşdur. 

Yağıntıların miqdarı və orta, maksimum və minimum temperatur göstəriciləri

Havanın minimum orta temperatur göstəricisi 2019-cu ildə iyunda digər illərlə müqayisədə 2,4-3,4 0C, çoxillik göstərici ilə
müqayisədə isə 2,1 0C yüksək olmuşdur. Bölgənin meteoroloji məlumatlarının analizi göstərir ki, 2019-cu il stress amilləri
ilə zəngin olmuşdur. Həmin ilin iyun və iyul aylarında yağıntıların miqdarı gözlənilən səviyyədən xeyli aşağı düşmüş, orta,
maksimum və hətta minimum temperatur göstəriciləri isə çoxillik orta göstəricidən yuxarı olmuşdur.

Ümumiyyətlə, 2018 və 2019-cu təcrübə illərində 15 nümunə öyrənilmiş və bütün nümunələrdə məhsuldarlıq göstəriciləri
təyin edilmişdir. Dəyişən iqlim şəraitinin məhsuldarlıq göstəricilərinə təsiri nümunələr üzrə fərqli olmuşdur.

2018-2019-cu illər üzrə qarğıdalı hibridlərinin məhsuldarlıq göstəriciləri

Təcrübə illərinin meteoroloji göstəricilərinin analizi və çoxillik orta göstəricilərlə müqayisəsi 2018-ci vegetasiya ilini nisbi olaraq əlverişli, 2019-cu vegetasiya ilini isə əlverişsiz, stresli iqlim şəraitli il kimi hesab etməyə imkan
verir. Əlverişli iqlim şəraiti olan 2018-ci ildə Zaq.68 x Fəxri, Zaq.68 x Emil, Qürur x Emil, Popul.2008 x Zaq.420 kombinasiyaları daha məhsuldar olmuş və onların göstəriciləri 110,4-125,6 s/ha arasında dəyişmişdir.
Məhsuldar hibridlər nisbətən əlverişsiz iqlim şəraiti olan 2019-cu təcrübə ilində öz məhsuldarlıq göstəricilərini 15,1-37,7 s/ha aşağı salmışdır. İki hibrid kombinasiyası isə əlverişsiz iqlim şəraitində yüksək məhsuldarlıq
göstəricilərini qoruyub saxlaya bilmişdir. Bunlar Qürur x Fəxri və Fəxri x Zaq.420 hibridləridir.

Rayonlaşdırılmış və perspektiv sortlar arasında aparılmış kombinasiyalar onu göstərir ki, yerli sortların adaptasiya qabiliyyəti yüksək olduğuna görə bu materiallar gələcəkdə təmiz xətlərin yaradılmasında başlanğıc material kimi də istifadə oluna bilər. İki ilin orta məhsuldarlıq göstəricilərinə görə isə Zaq.68 x Fəxri, Qürur x Fəxri və Popul.2008 x Zaq.420 hibridləri fərqlənmiş, onların məhsuldarlığı 108,4-112,1 s/ha arasında olmuşdur. Alınmış nəticələr dəyişkən iqlim şəraitinə adaptiv olan plastik hibridlərin və onların valideyn formaları olan təmiz xətlərin yaradılması işinin davam etdirilməsini vacib edir. Nümunələrin qarşılıqlı genotip və mühit şəraitində öyrənilməsi nəticəsində müxtəlif iqlim şəraitində yüksək fərdi adaptasiya hesabına sabit məhsul verən hibridlərin seçilməsi mümkündür. 

Sevindik Dünyamalıyev
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi
Aqrar elmlər üzrə fəlsəfə doktoru