Kənddən-Şəhərə

Kәnd Tәsәrrüfatı Nazirliyinin tabeliyindә Dövlәt Aqrar Ticarәt Şirkәti 8 iyun 2018-ci ildә tәsis edilib. Şirkәtin mәqsәdi fermerlәrә metodiki tövsiyyәlәrin verilmәsi, tәdarük şirkәtlәri ilә fermerlәrin әlaqәlәrinin qurulmasına dәstәk, fermerlәrin bazara çıxışı istiqamәtindә mәslәhәt xidmәtlәrinin verilmәsi, kiçik vә orta fermer tәsәrrüfatı sahiblәrinin yetişdirdiklәri mәhsulların satışına vә onların müxtәlif satış kanallarına çıxışına dәstәk göstәrmәk, fermer üçün yeni satış kanalları yaratmaq, aqrar sahәdә sosial mәsuliyyәt anlayışı çәrçivәsindә maariflәndirici xüsusi bülletenlәrin vә digәr nәşrlәrin buraxılmasından ibarәtdir.
Dövlәt Aqrar Ticarәt Şirkәtinin әsas missiyası dövlәtin hәyata keçirdiyi aqrar siyasәt konsepsiyasına dәstәk olaraq, ölkәdә istehsal olunan kәnd tәsәrrüfatı mәhsullarının yerli vә xarici bazarlara rahat, maneәsiz vә rәqabәtә dayanıqlı şәkildә çıxışını tәmin edәrәk kәnd tәsәrrüfatı mәhsulları istehsalçılarının inkişafına nail olmaq, kәnd tәsәrrüfatı mәhsullarının istehsalının artırılmasını tәmin etmәk, bununla da ölkә iqtisadiyyatına töhfә vermәkdәn ibarәtdir.
Dövlәt Aqrar Ticarәt Şirkәti öz fәaliyyәtini alıcılar vә satıcılar arasında әlaqәnin qurulması, ixracata yönәldilmiş istehsalın tәşviqi vә yerli mәhsulların brendlәşmәsi, daxili vә xarici bazarda kәnd tәsәrrüfatı mәhsullarına yaranmış tәlәbә uyğun olaraq mәhsulların istehsal hәcminin artırılması mәqsәdi ilә istehsalçılara tәlәb olunan maliyyә dәstәyinin verilmәsi, xarici ölkәlәrin rәsmi qurumları vә beynәlxalq tәşkilatlarla danışıqlar apararaq mәhsulların birgә istehsala hazırlığı vә satışının tәşkil edilmәsi vә bu kimi digәr istiqamәtlәr üzrә hәyata keçirir.

Sosial layihә - “Kәnddәn Şәhәrә”
“Kәnddәn Şәhәrә” Dövlәt Aqrar Ticarәt Şirkәtinin kiçik vә orta fermer tәsәrrüfatı sahiblәrinin yetişdirdiyi, elәcә dә yerli istehsal әrzaq mәhsullarının satışına dәstәk mәqsәdilә hәyata keçirdiyi layihәdir. Layihәnin keçirilmәsindә әsas mәqsәd ölkә әhalisini keyfiyyәtli kәnd tәsәrrüfatı mәhsulları ilә tәmin etmәk üçün kiçik vә orta fermer tәsәrrüfatı sahiblәrinin mәhsullarının satışına dәstәk göstәrmәkdәn, bununla da kәnd tәsәrrüfatı mәhsulları istehsalçılarının inkişafına nail olmaq vә onların sosial rifahını yaxşılaşdırmaqdan ibarәtdir.
 Layihәnin fәaliyyәt planına uyğun olaraq “Kәnddәn Şәhәrә” adlı satış mәrkәzi, eyni adlı yarmarkaların tәşkili, eyni adlı brend altında kәnd tәsәrrüfatı vә әrzaq mәhsullarının qablaşdırılması nәzәrdә tutulub.
“Kәnddәn Şәhәrә” satış mәrkәzi
Fәaliyyәt planına uyğun olaraq istifadәyә verilәn vә hal-hazırda paytaxtın Sәbail rayonu, Nizami küçәsi 154B ünvanında fәaliyyәt göstәrәn “Kәnddәn Şәhәrә” satış mәrkәzi ilk yerli fermer vә qida istehsalçılarının mәhsullarının satıldığı bir mәkandır. Burada ölkәnin müxtәlif rayon vә şәhәrlәrindә kiçik vә orta fermer tәsәrrüfatı sahiblәrinin yetişdirdiklәri, istehsal etdiklәri mәhsulların satışı hәyata keçirilir. Vәtәndaşlarımız istәnilәn bölgәdәn gәtirilәn ekoloji tәmiz vә sağlam kәnd tәsәrrüfatı vә әrzaq mәhsullarını buradan әldә edә bilәrlәr.
Hәr gün sәhәr saat 08:00-dan axşam saat 22:00-dәk fәaliyyәt göstәrәn satış mәrkәzindә ekoloji tәmiz, tәbii vә keyfiyyәtli kәnd tәsәrrüfatı mәhsulları әldә etmәk olar. Burada hәm xammal, hәm dә emal olunmuş formada yalnız yerli qida mәhsullarının satışı hәyata keçirilir. Satış mәrkәzindә fermerlәr, yerli qida istehsalçıları üçün hәr bir şәrait yaradılıb. Kiçik vә orta fermer tәsәrrüfatı sahiblәri heç bir әlavә ödәniş etmәdәn öz mәhsullarının “Kәnddәn Şәhәrә” satış mәrkәzindә satışını reallaşdıra bilәr. Fermerlәrdәn vә qida istehsalçılarından tәlәb olunan yeganә sәnәd isә Azәrbaycan Qida Tәhlükәsizliyi Agentliyindәn әldә edilmiş müvafiq sertifikatdır. AQTA sertifikatının olacağı tәqdirdә fermerlәrimiz vә qida istehsalçılarımızın mәhsulları “Kәnddәn Şәhәrә” vitrinlәrindә rahatlıqla alıcılara tәqdim edә bilәr. 
Vәtәndaşların çoxsaylı müraciәtini nәzәrә alaraq cari ilin sonunadәk paytaxtın daha bir neçә nöqtәsindә “Kәnddәn Şәhәrә” satış mәrkәzlәrinin istifadәyә verilmәsi planlaşdırılır. Bu fәaliyyәt, hәm dә Strateji Yol Xәritәsindә nәzәrdә tutulan ekoloji tәmiz kәnd tәsәrrüfatı vә әrzaq mәhsullarının satılacağı yaşıl marketlәrin istifadәyә verilmәsi tәlәbindәn irәli gәlir.

www.kenddenshehere.az 
– Onlayn satış platforması
Artıq bir neçә müddәtdir ki, “Kәnddәn Şәhәrә” Elektron Satış Platforması - www.kenddenshehere.az vәtәndaşların istifadәsinә verilib. Әsas mәqsәd - müştәrilәrә daha üstün xidmәt göstәrmәk, onların әrzaq mallarına olan tәlәblәrini daha sürәtli vә rahat şәkildә qarşılamalarını tәmin etmәkdir.
 Texniki tәrәqqinin tәlәblәrinә uyğun olaraq müasir dövrün insanları daha çox onlayn alış-verişә üstünlük verir. Getdikcә onlayn sifarişlәrin sayı artmaqdadır. Bu bir tәrәfdәn elmi-texniki tәrәqqinin imkanlarından, digәr tәrәfdәn insanların vaxta qәnaәt, әlavә әziyyәtdәn uzaqlaşmaq istәyindәn irәli gәlir. “Kәnddәn Şәhәrә” layihәsi çәrçivәsindә onlayn satış platformasının yaradılması da mәhz insanların rahatlığına xidmәt edәn bir vasitәdir. Belә ki, vәtәndaşlarımız evdәn vә ya ofisdәn çıxmadan, saytımıza daxil olaraq istәdiklәri mәhsulları seçib sifariş edә bilirlәr. Bu zaman ödәnişi kartla vә ya nağd ödәmәk imkanı mümkündür. Edilmiş sifarişlәr qeyd olunmuş vaxta müvafiq olaraq vәtәndaşın ünvanına çatdırılır. Dәyәri 20 manatdan yuxarı edilmiş bütün sifarişlәrin çatdırılması ödәnişsiz olaraq hәyata keçirilir.
“Kәnddәn Şәhәrә” yarmarkaları
Paytaxt әhalisinin kәnd tәsәrrüfatı vә әrzaq mәhsullarına artan tәlәbatının daha dolğun ödәnilmәsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymәt artımının qarşısını almaq mәqsәdilә mütәmadi olaraq kәnd tәsәrrüfatı mәhsullarının satış yarmarkaları tәşkil edilir. İlk belә yarmarka ötәn ilin dekabr ayında Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü vә Yeni İl bayramı münasibәtilә paytaxtın Nizami küçәsi 154 ünvanında keçirilib. Cari ilin Novruz bayramı әrәfәsindә paytaxtın 4 ünvanında – Nizami, Xәzәr, Sәbail vә Yasamal rayonlarında, Ramazan bayramı әrәfәsindә isә 2 ünvanında - Yasamal vә Nizami rayonlarında kәnd tәsәrrüfatı mәhsullarının satış yarmarkaları tәşkil olunub. Vәtәndaşların vә fermerlәrin müraciәtlәrinә әsasәn bәzi yarmarkalar gündәlik, bәzilәri isә ancaq hәftә sonları fәaliyyәt göstәrib. Fermerlәrin tam ödәnişsiz olaraq iştirak etdiyi yarmarkalarda onlar xüsusi xalat, piştaxtalar vә tәrәzilәrlә tәmin edilir. Müasir yarmarka konsepsiyası üzәrindә qurulan “Kәnddәn Şәhәrә” yarmarkasında qida tәhlükәsizliyi mәsәlәlәri dә nәzәrә alınıb.
Azәrbaycan Qida Tәhlükәsizliyi Agentliyi ilә әldә edilmiş razılığa әsasәn, yarmarka әrazisindә Qida Tәhlükәsizliyi İnstitutunun sәyyar laboratoriyası fәaliyyәt göstәrir. Mәhsullar laboratoriya yoxlamasından keçirildikdәn sonra satışa buraxılır. Mәhsulların qiymәti isә tәlәb-tәklif әsasında müәyyәn edilir.
“Kәnddәn Şәhәrә” mәhsulları
Qarşıya qoyulmuş mәqsәdә nail olmaq üçün müasir metodlardan istifadә edәn vә innovativ tәşәbbüslәrlә çıxış edәn Dövlәt Aqrar Ticarәt Şirkәtinin fәaliyyәt istiqamәtlәrindәn biri dә mәhsulların vahid ad altında qablaşdırılaraq satışını hәyata keçirmәkdәn ibarәtdir.
 Nәzәrdә tutulan fәaliyyәt planına uyğun, ilk olaraq cәnub bölgәsinin tәbii vә keyfiyyәtli Haşimi düyüsü, Cәliliabad noxudu, 11 bölgәdәn toplanmış bal vә arıçılıq mәhsulları, elәcә dә, meyvә qurularının qablaşdırılması hәyata keçirilib.
900 qramlıq qablaşdırmada olan ‘‘Haşimi düyüsü’’nün keyfiyyәti yüksәk, qiymәti isә daha sәrfәlidir. Digәr mәhsul noxuddur, 700 qramlıq mәhsul orta bazar qiymәtindәn daha münasibdir. Bundan әlavә, 11 bölgәdәn 15 arıçıdan toplanan 10 fәrqli bal növü dә var. Bu ballar 150 vә 300 qramlıq bankalarda qablaşdırılıb. Dördüncü mәhsul isә meyvә qurularıdır. 8 fәrqli mәhsul - alma, nar, nar qabığı, üzüm, alça, xurma, pomidor vә feyxoa quruları tәqdim olunur. Mәhsullar 150, 200, 250 vә 500 qramlıq qablarda paketlәnib. Bundan başqa, Zaqatala fermerlәrinin yetişdirdiyi çay mәhsulunun da 2 növdә qablaşdırılması hәyata keçirilib.
Dövlәt Aqrar Ticarәt Şirkәtinin hәyata keçirdiyi “Kәnddәn Şәhәrә” sosial layihәsi çәrçivәsindә qablaşdırılan mәhsulların qiymәti sәrfәlidir. Buna sәbәb hәm dә mәhsulların birbaşa fermerlәrdәn әldә edilmәsi, böyük biznes marağınının olmaması, eyni zamanda, kiçik vә orta fermer tәsәrrüfatı sahiblәrinin mәhsullarının satışının prioritet hәdәf olmasıdır.
 Dövlәt Aqrar Ticarәt Şirkәti “Kәnddәn Şәhәrә” layihәsi çәrçivәsindә bütün kiçik vә orta fermer tәsәrrüfatı sahiblәrini, elәcә dә, yerli qida istehsaçılarını әmәkdaşlığa dәvәt edir. Әmәkdaşlıq üçün Dövlәt Aqrar Ticarәt Şirkәtinin saytı – www.agrotrade.gov.az, elәcә dә, şirkәtin çağrı mәrkәzinә 050 400 88 99 nömrәsi vasitәsilә müraciәt etmәk mümkündür. Fermerlәrimiz bölgәlәrdә fәaliyyәt göstәrәn Dövlәt Aqrar İnkişaf Mәrkәzlәrinә müraciәt edәrәk suallarını vә istәklәrini bildirә bilәrlәr. Bundan başqa, Şirkәtin sosial media hesabları vasitәsilә dә müraciәtlәr qәbul olunur. Edilmiş bütün müraciәtlәr qeydiyyata alınır vә müvafiq şöbәlәrә yönlәndilir. Әn qısa zamanda bütün müraciәtlәrin cavablandırılması hәyata keçirilir.

Mayis Musayev 
Dövlәt Aqrar Ticarәt Şirkәti İnformasiya vә İctimaiyyәtlә Әlaqәlәr şöbәsinin müdiri