Aqrar sektorun davamlı inkişafında zərərvericilərə qarşı inteqrativ mübarizənin rolu

İnnovasiyalar vasitəsilə
davamlı inkişaf

Təxminən XIX əsrin ortalarından başlayaraq yüksək məhsuldar sortların yaradılması və regionlaşdırılması, kənd təsərrüfatı texnologiyalarında təkmilləşmə aqrar sektorun əhəmiyyətli şəkildə inkişafına gətirib çıxarmışdır. Bunun nəticəsində inkişaf etmiş ölkələrdə həyat səviyyəsinin sürətli yüksəlişi, həmçinin dünya əhalisinin qidalanma keyfiyyətinin müvafiq şəkildə artması baş vermişdir.
Kənd təsərrüfatında baş verən bu inkişaf mühüm ərzaq bitkilərinin məhsuldarlığının artması və kütləvi şəkildə ənənəvi pestisidlərin tətbiqi ilə müvafiq mühafizə tədbirlərinin görülməsi sayəsində mümkün olmuşdur.
XIX və XX əsrlərdə kənd təsərrüfatını narahat edən əsas məsələ dayanıqlı və davamlı inkişaf yox, məhz məhsuldarlığın artırılması idi.
XXI əsrdə kənd təsərrüfatının qarşısında duran əsas məsələ ərzaq ehtiyaclarını qarşılamaqla bərabər, davamlılığı təmin etməkdən ibarət olsa da, bu məsələni
həll etmək elə də asan deyil.
Belə ki, ərzaq məhsullarının istehsalı ilə təbii resursların mühafizəsi daim eyni ərazi uğrunda rəqabətdədir. Bu məsələ xüsusilə inkişaf etməkdə olan və çoxlu əhaliyə malik ölkələrdə kənd təsərrüfatı məhsullarına artan tələbat zamanı önə çıxır.
Davamlı bitki mühafizəsi sistemlərinin inkişafı, onların tətbiqi və qəbul edilməsi üçün texnoloji yeniliklər vacib əhəmiyyətə malikdir. Dayanıqlı kənd təsərrüfatına keçid tədqiqat işlərinin təşkili və prioritet hədəflərin müəyyənləşdirilməsində yanaşmaların dəyişməsi vasitəsilə mümkündür.
Bu yanaşmalar müxtəlif innovasiyaların olduğu mövcud sahələr və ya molekulyar metodlara əsaslanan diaqnostika vasitələrindən ibarətdir. Bu texnologiyalarla yanaşı, əkin sistemlərinin təşkili sahəsindəki yeniliklər inteqrativ mühafizəyə keçidi asanlaşdırmaq üçün zəruridir.
Buna misal olaraq, geniş ərazilərdə və model miqyaslarda texnologiyaların yerləşdirilməsi, aqroekosistemlərdə və ya ekoloji mübarizə strategiyalarında zərərvericilərə qarşı bioloji tənzimləmədən istifadəni göstərmək olar.
Bütün bunlar biotik təzyiqi azaltmaq, pestisidlərə qarşı müqavimətin inkişafına mane olmaq və sortun davamlılığını təmin etmək üçün mühüm vasitələrdir.
Ənənəvi "bir məhsul / bir zərərverici / bir il" yanaşması "çoxillik məhsul və zərərvericilərin qarşılıqlı münasibəti yanaşması" ilə əvəz olunmalıdır.

Müəyyən bir əkin sahəsində zərərverici orqanizmin idarə edilməsi üsulu ilə bağlı yanaşmadan kompleks sistemli bir yanaşmaya keçid vasitəsilə innovasiya sistemi yenilənir. Bu yenilənməyə Tədqiqat və İnnovasiyanın (T&I) təşkili, o cümlədən təcrübələr və tədqiqat metodları daxildir.
Kənd təsərrüfatının müxtəlif sahələri qida zənciri prosesləri üzrə müxtəlif situasiya və strategiyalar ilə xarakterizə olunur. Bu səbəbdən T&I qarşısında duran məsələ hazır model “turnkey” və ya hazır resept “ready mix” həllərinin innovasiyası deyil, əsasən sahənin xüsusiyyətinə uyğun iqtisadi həllərin yerində olması və innovasiya prosesləri çərçivəsində əsas komponentlərin təmin edilməsindən ibarətdir.
Bu zaman strategiyalarının yerli şəraitə uyğunlaşdırılmasına imkan yaranacaqdır. Qida zəncirinin bütün iştirakçıları (yuxarıdan aşağı səviyyəyə qədər) tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrində məhsuldarlığın artırılması və ya qorunması zərərvericilərə qarşı davamlı mübarizə strategiyalarının hazırlanmasına tələbat yarada bilər.

Dayanıqlı bitki mühafizəsi üçün Zərərvericilərə qarşı İnteqrativ Mübarizə (IPM)

Kəskin məhsul itkisinə səbəb olmuş zərərverici orqanizmlərin geniş şəkildə yayılmasından sonra Zərərvericilərə qarşı İnteqrativ Mübarizə( İntegrated Pest Management-IPM ) anlayışına beynəlxalq səviyyədə daha çox diqqət yönəlmişdir.
Buna misal olaraq, 1970-ci illərdə İndoneziyada gübrə və insektisidlərin tətbiqi ilə nəticələnən yüksək məhsul yığımından sonra qəhvəyi düyü cırcıramasının yayılmasını göstərmək olar.

FAO-nun dəstəyi ilə geniş spektrli insektisidlərin qadağan edilməsi, davamlı sortların seçilməsi və IPM mövzusu üzrə fermerlərə təlim keçirilməsi kimi tədbirlər əsasında formalaşmış "sistematik yanaşma" sayəsində problemi effektiv şəkildə həll etmək mümkün olmuşdur.
Avropanın aqrar sektorunda innovasiyaların tətbiqi 128/2009/EC Direktivi ilə nizamlanan IPM prinsiplərinə əsaslanır. Ümumiyyətlə, AB-də aqrar siyasət qısa müddət ərzində pestisid istifadəsinin əhəmiyyətli dərəcədə azaldılmasına yönəldilmişdir ki, bu da bazardan bəzi vacib pestisidlərin aradan çıxması ilə nəticələnmişdir.
Bu səbəbdən aqrar sahənin ziyanlı orqanizmlərə qarşı mübarizəsi qeyri-kimyəvi vasitələrin inkişafı, onların IPM üsulları kompleksinə inteqrasiyası və effektiv mənimsənilməsini təşviq etməkdən ibarət olmalıdır.
Belə ki, ziyanlı orqanizmlərin ani olaraq inkişaf edib geniş miqyasda yayılması ilə ərzaq təhlükəsizliyi məsələsi daha qabarıq şəkildə ortaya çıxa bilər, bu zaman isə bir tərəfdən məhsuldarlığın təmin edilməsi və qorunmasında, digər tərəfdən isə kənd təsərrüfatı sisteminin davamlı inkişafında ənənəvi bitki mühafizə sistemlərini alternativ olaraq IPM üsulları etibarlı şəkildə təmsil edə bilər.
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Dünya Bankı tərəfindən icra edilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində kartof, pambıq, qarğıdalı əkinlərində zərəverici orqanizmlərə qarşı IPM tədbirlərinin təşviq edilməsi məqsədilə fermerlər üçün təlimlər keçirilmişdir.
Əsas məqsəd vahid əkin sahəsinə düşən pestisid yükünü azaltmaq yolu ilə mümkün bioloji mübarizə üsullarından istifadə edərək ətraf mühit üçün daha az toksik təsirə malik pestisidləri bitkilərə tətbiq etməkdir.
Bu zaman ekoloji cəhətdən təmiz məhsul əldə etmək mümkündür. Görülmüş işlərin uğurlu nəticəsi kütləvi informasiya vasitələrində işıqlandırılmış və fermerlər arasında uyğun təbliğatlar aparılmışdır.
Beləliklə, IPM alətlərinin müəyyən bir dəstinin artıq mövcud olduğunu deyə bilərik və onların daha effektiv kombinasiyalarının hazırlanması və istifadəsi mümkündür. Bu zaman əkin sistemlərində ziyanlı orqanizmlərin əmələ gəlməsi və yayılmasına birbaşa təsir göstərən həm biotik, həm də abiotik amillər nəzərə alınmalıdır.
Bu səbəbdən də IPM sisteminin gücləndirilməsi və ənənəvi pestisidlərdən asılılığı azaltmaq üçün istifadə olunan üsul və vasitələrin inkişaf etdirilməsinə, onların qlobal miqyasda qəbul edilməsinə və qeyri-kimyəvi üsullarla kombinasiyasına diqqət göstərilməlidir.
Cəfər Məhərrəmov
Aqrar Kredit və İnkişaf Agentliyi
Layihələr və proqram şöbəsinin müdiri
Tətbiqi biologiya elmləri üzrə fəlsəfə doktoru