Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi

Hər il olduğu kimi, biz bu il də plan üzrə 6 ayın sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bu ənənə öz bəhrəsini verir. Çünki bu toplantılarda həm görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir.
Təbii ki, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar verilir, tədbirlər planı təsdiq olunur. Ancaq həyat yerində durmur. Həyat dəyişir və yeni çağırışlar üzə çıxır. Belə olan halda əlbəttə ki, biz öz planlarımıza da düzəlişlər etməliyik və edirik. Bu düzəlişlərin əsas məqsədi ölkəmizin uğurlu inkişafını sürətləndirmək və bunu təmin etməkdir. Ona görə biz bu gün də ənənəvi olaraq bu məsələləri müzakirə edəcəyik.

Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər

Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilmişdir. Xüsusi karantin rejimi dövründə bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib.
Bu günədək əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi bir problem qeydə alınmayıb. Hazırda əsas diqqət taxıl biçininin yekunlaşmasına yönəlib, ölkə üzrə 1 milyon hektardan artıq taxıl sahəsində məhsul yığımı aparılmaqdadır.
Taxıl biçinində bu günlərdə 1700-dən artıq kombayn iştirak edib və Nazirlik tərəfindən biçinə 700-ə yaxın kombayn cəlb olunub. Hazırkı dövrə qədər 860 min hektardan çox sahədə taxıl biçini aparılıb, sahələrdən bu günədək ilkin olaraq 2,7 milyon tondan artıq məhsul toplanılmışdır. Bugünkü günə taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edir. Müvafiq olaraq buğda üzrə orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1 sentnerdir.
Bu il havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı, xüsusilə bir sıra Aran rayonlarında 100 min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb. Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksəkdir.
Bəzi rayonlarda, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilmişdir. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən Nazirliyin pilot təsərrüfatlarında isə məhsuldarlıq 60 sentnerədək olmuşdur.
Hesabat dövründə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çox tərəvəz, 5,3% çox meyvə və giləmeyvə, 9,7% çox kartof istehsal edilib.
Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib, pambıq sahələrində 100% bitiş alınıb.
Pambıq əkinlərinin gübrə, dərman preparatları və texnika təminatı ilə bağlı tədbirlər həyata keçirilib. Burada da məhsuldarlığa təsir edə biləcək əsas risklərdən biri quraqlıqla bağlıdır.

Bu kontekstdə heyvandarlığın yem bazasının yaxşılaşdırılması məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılmasına başlanılmışdır. İlkin olaraq 35 rayon üzrə 50 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulub.
Artıq 32,6 min hektar sahədə şum və digər səpinqabağı işlər aparılıb, 27,5 min hektar sahədə səpin işləri həyata keçirilib. Digər yazlıq əkinlər üzrə, o cümlədən çəltik, tütün, şəkər çuğunduru, bostan, tərəvəz əkinləri üzrə tədbirlər davam etdirilir.
2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir. Bu günədək 506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib.
Cari tarixdə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənmiş 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülmüşdür.
Eyni zamanda seriya kartlarından təyinatına uyğun istifadə etməyən fermerlərə və şirkətlərə qarşı ciddi tədbirlər görülür. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını öyrənmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari ilin 6 ayı ərzində 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikasının 128 hüquqi və 910 fiziki şəxsə satışı maliyyələşdirilmişdir. Həmçinin hesabat dövründə 4700 baş damazlıq heyvanın güzəştli satışı maliyyələşdirilib.

Prezident İlham Əliyevin yekun çıxışı

Bir daha demək istəyirəm ki, ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda bizim ixrac imkanlarımız da genişləndirilməlidir. Biz heç vaxt unutmamalıyıq ki, ölkəmizin əhalisi artır, ölkəmizə gələn xarici qonaqların sayı 2020-ci il istisna olmaq şərti ilə artır. Belə olan halda daxili tələbat da artacaq.
Daxili tələbat nə qədər artacaqsa, əgər kənd təsərrüfatı istehsalı indiki yerində qalarsa, ixrac imkanlarımız bir o qədər azalacaq. Ona görə kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır. Bütün digər tədbirlərlə yanaşı, əlbəttə ki, su mənbələrinin düzgün müəyyən edilməsi, su itkilərinin azaldılması və suyun əkin sahəsi başına çatdırılması ön planda olan məsələlərdir.
Bilirəm ki, İqtisadiyyat Nazirliyi komissiyada Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlarla birlikdə fəal işləyir ki, bu məsələlər kompleks şəkildə öz həllini tapsın və müasir suvarma sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün əlavə tədbirlər görülsün.

Lazım olarsa, bu, infrastruktur layihə olduğu üçün əlbəttə ki, dövlət dəstəyi göstərilə bilər. Bu məqsədlə sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi məsələsinə də baxılmalıdır.
Hesab edirəm ki, təkrar əkinlə bağlı ilkin təcrübə müsbətdir. Təkrar əkini stimullaşdırmaq, fermerləri maraqlandırmaq üçün dövlət əlavə maliyyə vəsaiti ayırıb. Əlbəttə ki, 50 min hektarda qarğıdalının əkilməsi bizim yem bazamızı böyük dərəcədə formalaşdıracaq və idxaldan asılılıq buna uyğun şəkildə azalacaqdır.
Biz gələn ilə artıq bəri başdan hazırlaşmalıyıq və yerlər düzgün müəyyən edilməlidir. Bunu pilot layihə də adlandırmaq olar və əminəm ki, 50 min hektarda əkilən qarğıdalı və bunun nəticələri digər fermerlər üçün də maraqlı ola bilər.
Eyni zamanda bizim bəzi iri fermer təsərrüfatlarında çox gözəl nəticələr əldə edilib. Bu yaxınlarda bölgələrdə səfərdə olarkən mənə məlumat verildi ki, Tovuz, Samux rayonlarında fəaliyyət göstərən aqropark Samux ərazisində bir hektardan haradasa 60, Tovuz rayonu ərazisində 70 sentnerdən çox buğda məhsulu götürülür.
Ona görə də bu qabaqcıl təsərrüfatların təcrübəsi öyrənilməlidir. Digər fermerləri bu təcrübə ilə tanış etmək lazımdır. Ola bilsin ki, təkcə bir aqropark deyil, bir neçə bizim böyük fermer təsərrüfatımız gözəl nəticələr əldə edir. Bu təsərrüfatların nümayəndələri regional mərkəzlərdə təlim kurslarında iştirak edə bilərlər. Eyni zamanda maraqlı olan fermerləri bu təsərrüfatlara dəvət etmək olar.
Onların gəlişini təşkil etmək olar ki, təcrübə mübadiləsi mütləq olsun. Əlbəttə ki, kiçik fermer təsərrüfatlarında belə böyük nəticələr gözləmək bəlkə də düzgün olmaz. Ancaq biz əgər bütövlükdə məhsuldarlığı daha da yüksək səviyyəyə qaldırsaq, onda elə mövcud əkin sahələrini nəzərə alaraq biz özümüzü daha böyük məhsulla təmin edə bilərik.
Kənd təsərrüfatı üzrə peşə məktəblərinin yaradılması məsələsinə İqtisadiyyat Nazirliyi ilə birlikdə baxılsın. Bu yaxınlarda Gəncə Dövlət Aqrar Universitetinin bazasında yeni korpus açılmışdır. Belə peşə məktəbləri müxtəlif bölgələrdə, müxtəlif kənd təsərrüfatı məhsulları üzrə mütləq yaradılmalıdır. Lazım olarsa, qabaqcıl xarici mütəxəssislər də bu işlərə cəlb edilməlidir.

AĞCABƏDİ RAYONUNDA DƏNLİ BİTKİ TOXUMLARININ EMALI ZAVODU İSTİFADƏYƏ VERİLİB

İyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında Aqrar Sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir.
Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması özündə mühüm amilləri və hədəfləri birləşdirir.

Son illərdə ölkədə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə 5 rayonda, o cümlədən Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi qurulub.

Müəssisənin 1 hektarlıq ərazisində inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular var. Burada abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin emal gücü saatda 5 tondur. Quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98% təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənən toxumlardan 20-30% azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır.
Müəssisədə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialının qəbul edilərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılacaq. Müəssisədə 25 nəfər işlə təmin olunacaq.

DÜZGÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN GÖRÜLMƏSİ NƏTİCƏSİNDƏ YÜKSƏK MƏHSULDARLIĞIN ƏLDƏ OLUNMASI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer təsərrüfatında olub və əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkə üzrə bir milyon hektar taxıl sahəsində biçin aparılacağı və onun 370 min hektara yaxınının arpa sahəsi olduğunu bildirib.

Keçən il quraqlıq olmasına baxmayaraq, 1 hektardan məhsuldarlıq 32 sentnerə yaxın olmuşdur.

Bu il Prezident İlham Əliyev təkrar əkinə vəsait ayrılması ilə bağlı Nazirlər Kabinetinə göstəriş vermişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, bu il Ağcabədidə təxminən 30 min hektarda taxıl əkilib. Onun da 8 min hektara yaxını arpa, 22 min hektarı isə buğdadır. Keçən il Ağcabədidə məhsuldarlıq 35 sentner idi.
Bu ildən növbəli əkinə qayıtmaq məsələsi nəzərdə tutulur. Çünki növbəli əkin olmasa, məhsuldarlıq da təmin edilə bilməz. Ağcabədi rayonunda eyni sahədə növbəli qaydada həm yonca, həm də pambıq əkininə başlanılacaq.
Yonca sahələrində pambıq əkiləndə çox yaxşı məhsul götürmək mümkündür. Pambıq, taxıl və yonca sahələrində növbəli əkin hesabına pambığın da məhsuldarlığı 20%-ə qədər artacaq.
Fermerlerin pambığa olan marağı artmışdır. Keçən il 1 hektardan məhsuldarlıq 29 sentnerə yüksəlmişdir. Bu da Azərbaycanın tarixində ən yüksək göstəricilərdən biridir.
Sovet dövründə 1 hektardan məhsuldarlıq cəmi 3-4 il təqribən 30 sentnerdən artıq olub. Bu il də məhsuldarlıq daha yaxşı olsa, onda fermerlər və işləyənlər daha çox gəlir götürəcəklər.
Keçən ilkinə nisbətən indi sıxlıq yüksəkdir, təxminən
100% bitiş alınıb və ona görə də bu il pambıq istehsalında xeyli yaxşı nəticələr gözlənilir.