“Ağıllı tərəvəz” sistemi

Dünyanın inkişaf etmiş ölkələri kimi Azərbaycan da IV sənaye inqilabına qədəm qoymuşdur. I sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, II sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, III sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdu. IV sənaye inqilabı isə rəqəmsallaşma, texnologiyaların birləşməsi, fiziki və bioloji sferalar arasında sərhədlərin aradan qaldırılmasını səciyyələndirir. Burada insanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot texnikaları, yeni materiallar, genlərin redaktə edilməsi, IoT (əşyaların interneti) və digər sistemlərdən istifadə olunur. IV sənaye inqilabı nəticəsində kənd təsərrüfatında istehsalçıların işini asanlaşdıran texnologiyalar meydana gəlmişdir. Hazırda bütün maşın, avadanlıq və cihazlar sensorlarla təchiz edilərək onların bütün istehsal prosesi boyunca bir-biri ilə əlaqəli şəkildə çalışması təmin olunmuşdur. Beləliklə, kənd təsərrüfatında innovativ texnologiya və təcrübələrin tətbiqi ilə fermer təsərrüfatlarında məhsuldarlığın artması müşahidə olunmuşdur.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Ağıllı tərəvəz” sistemi yaradılmışdır. Artıq kompüter vasitəsilə tərəvəz bitkilərini idarə etmək mümkündür. Bu sistem tərəvəz becərənlərin işini asanlaşdırmaqla yanaşı, suya da qənaət edir.

“Ağıllı tərəvəz” sisteminə əsasən tərəvəzlərin suvarılması, onlara gübrə verilməsi proqram təminatı vasitəsilə həyata keçirilir. Prosesin mərkəzində günəş enerjisi ilə işləyən hava stansiyaları dayanır. Rütubətin idarə edilməsinin təmin olunması məqsədilə quraşdırılan hava stansiyaları geniş imkanlara malikdir.

Hava stansiyası

Hava stansiyalarından kompüter və mobil telefonlara ötürülən məlumatlar fermerlərə cari durumu real zamanda təhlil etməyə kömək edir. Bununla yanaşı, sistem temperatur, günəş radiasiyasının miqdarı, xəstəlik yarada biləcək amillər, küləyin istiqaməti, gücü və sürəti, yağıntıların miqdarı, nisbi rütubətlilik, buxarlanma dərəcəsi kimi göstəriciləri 15 dəqiqədən bir kompüterə ötürərək görülən işlərə tam nəzarət etməyə və bitki yetişdirilməsində məhsuldarlığın artırılmasına imkan yaradır. Qurğular sahədə su və gübrəyə ehtiyac yarandıqda dərhal mərkəzə siqnal ötürür. Ağıllı sistem hesabına bitkilər əl əməyi olmadan avtomatik şəkildə su və gübrə ilə təmin olunur.

Hava stansiyası əkin sahəsində olan nəmlik, nisbi rütubət və temperaturu ölçərək proqram təminatı ilə təmin olunmuş sistemə ötürür. Bu zaman ayrı-ayrı sahələrdə olan nəmliyin miqdarı bilinir və siqnal vasitəsilə həmin ərazi suvarma suyu ilə təmin olunur. Suvarma prosesini həyata keçirmək üçün əvvəlcə su hovuzdan çənlərə axıdılır, daha sonra nasosxana sahənin ümumi parametrlərinə uyğun olaraq suyu sahəyə ötürür. Proqram vasitəsilə əmr verildikdən sonra su boruları vasitəsilə bitkilərin dibinə damla formasında su əlavə edilir. Suvarma prosesi proqramda təyin olunmuş vaxt bitdikdən sonra avtomatik formada yekunlaşır.

Bitkilərə lazım olan su və gübrələr həmin damlalar vasitəsilə verilir. Belə ki, əlavə su israfı olmadığına görə ətraf ərazilərdə alaq otları əmələ gəlmir. Burada yalnız damla suvarma deyil, çiləmə suvarmadan da istifadə olunur. O da tərəvəzin növünə görə müəyyən olunur. Ənənəvi suvarmadan istifadə edəndə torpaq sahələri deqradasiyaya uğrayır və orada şoranlaşma prosesi baş verir. Bu sistem vasitəsilə şoranlaşmanın qarşısı alınır.

Ölkəmizdə fermerlərin “Ağıllı tərəvəz” sisteminə sahib olması onların az işçi qüvvəsi ilə daha çox işlər görməsinə şərait yaradır.

Ağıllı suvarma bir sıra üstünlüklərə malikdir. Suvarma zamanı kimyəvi preparatlar olan insektisid və funqisidlərin yarpaqlardan yuyulub aparılmaması səbəbindən bitkilərin xəstəliklərə yoluxması və torpağın eroziyaya məruz qalması riskləri azalır. Sistemin çevikliyi sayəsində damla suvarma mürəkkəb mikrorelyefə malik olan sahələrin istismar edilməsinə imkan yaradır. Buxarlanma və periferik axına görə yaranan itkilərin azalması nəticəsində suya, həmçinin əmək resursları, elektrik enerjisi və sistemin komponentlərinə qənaət edilir.

Elmar Allahverdiyev

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin idarə heyətinin sədri