Ekoloji təmiz kənd təsərrüfatı

Respublikamızda əhalinin kənd təsərrüfatı məhsulları ilə davamlı təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda bu məhsulların sağlam və keyfiyyətli olması da mühüm əhəmiyyət daşıyır. Əkinçilikdə məhsuldarlığın artırılması məqsədilə istifadə edilən mineral gübrələr, alaq otlarına qarşı mübarizə vasitələri, heyvandarlıqda genetik modifikasiya olunmuş orqanizm (GMO) qalıqlarının olduğu yemlər və çəkiartırıcılar ətraf mühit və canlı orqanizmlərə təhlükə yaradır. Qeyd edilən təhlükələrin qarşısını almaq üçün ekoloji kənd təsərrüfatı sistemlərinə üstünlük verilməsi vacib şərtdir. Hazırda bu təsərrüfatçılıq sistemi dünyаnın 100-ə qədər ölkəsində təqribən 27 milyon hektar sаhədə tətbiq оlunur. Аvstrаliyаdа 42,9%, Аvrоpаdа 23,8%, Lаtın Аmеrikаsındа 23,5%, Şimаli Аmеrikаdа 5,5%, Аsiyаdа 2,8% və Аfrikаdа 1,6% sahə ekoloji təmiz məhsul istehsalına cəlb olunmuşdur. Hаzırdа Аvrоpаdа təхminən 170 min fеrmеr təsərrüfаtındа 6,3 milyon hektara qədər tоrpаq sаhəsi еkоlоji təmiz üsullаrlа bеcərilir. Ekoloji təmiz texnologiyaların tətbiqi ilə yanaşı, torpaq-iqlim şəraitinə uyğunlaşma xüsusiyyətlərinə malik, həmçinin biotik və abiotik stress amillərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması vacib məsələlərdən biridir. Çoxtarlalı növbəli əkinlərdə buğdanın sələfləri birillik və çoxillik yem paxlalıları və kökləri torpağın dərin qatlarına qədər inkişaf edən aralıq bitkiləri olmalıdır. Daha sonra üzvi gübrə və siderat bitkiləri torpağa verməklə qida maddələrinin qapalı dövriyyəsini təmin etmək lazımdır. Suda tez həll olan sintetik azot və digər gübrələrin torpağa verilməsi zərərlidir. Lakin torpaqda azot, fosfor və kalium kimi makroelementlərin çatışmazlığı aqrosenozlarda məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Buna görə də tərkibində monomer fosfor və kalium birləşmələri olan mineral gübrələrdən istifadə edilir. Bitki orqanizmində maddələr mübadiləsində fəal iştirak edən və tərkibində bor, manqan, mis, molibden, sink kimi elementlər olan mikrogübrələrdən də istifadə etmək mümkündür. Üzvi məhsulların istehsalında ekoloji təmiz su və atmosfer havasından istifadə edilməli, həmçinin gigiyenik qaydalara əməl edilməlidir. Suvarmada müasir üsullardan, məsələn, süni yağışyağdırma qurğularından istifadə edilməsi məqsədəuyğundur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq ekoloji təmiz əkinçiliyin əsas elementləri aşağıdakılardır:

• Əkinçilikdə müxtəlif diversifikasiya üsullarının tətbiqi ilə növ və sort müxtəlifliyinin artırılması;

• Torpağın münbitləşdirilməsində siderat bitkilər, bioloji humus, peyin, yaşıl gübrələr, bitki və kövşən qalıqlarından geniş istifadə edilməsi;

• Çoxillik paxlalı bitkilərin əkin dövriyyəsinə daxil edilməsi;

• Biotik və abiotik stress amillərinin mənfi təsirinə qarşı davamlı bitki sortlarının tətbiqi;

• Toxumçuluqda ən azı bir il ekoloji təmiz kənd təsərrüfatı subyektlərində becərilmiş, həmçinin sertifikatlaşdırılmış bitkilərdən alınan səpin və əkin materiallarından istifadə edilməsi;

• Alaqlara qarşı mübarizədə aqrotexniki üsulların tətbiqi;

• Ərzaq məhsullarının istehsalında GMO və törəmələrindən istifadənin qarşısının alınması.

Respublikamız üzvi əkinçiliyin inkişafı üçün böyük potensiala malikdir. İnkişaf etmiş nəqliyyat infrastrukturu, torpaq-iqlim şəraitinin müxtəlifliyi, otlaq və biçənək sahələrinin bolluğu burada üzvi əkinçilik və heyvandarlıq təsərrüfatları üçün geniş imkanlar yaradır. Üzvi əkinçilik istehsalına başlamaq üçün ilkin olaraq çirklənməmiş torpaqlar analiz edilərək sertifikatlaşdırılmalıdır. Ekoloji təmiz məhsul istehsal edəcək fermer təsərrüfatları isə beynəlxalq sertifikat almalıdır. Təəssüf ki, Azərbaycanda üzvi əkinçilik məhsullarına tələbat və onların istehsalı hələ də aşağı səviyyədədir.

Buna səbəb olan məsələlər aşağıdakılardır:

1. Üzvi kənd təsərrüfatı və ərzaq məhsulları baha başa gəldiyindən onlara tələb aşağıdır;

2. Fermer və istehlakçılar arasında üzvi məhsulların mövcudluğu və əhəmiyyəti haqqında məlumatlar kifayət qədər deyildir;

3. Marka və sertifikatların saxtalaşdırılması hallarına tez-tez rast gəlindiyinə görə istehlakçılar üzvi məhsulları digərlərindən seçə bilmirlər;

4. Beynəlxalq qayda və normalara əsasən milli standartlaşdırma və nəzarət sistemində problemlər vardır;

5. Təşkilatlanma zəifdir.

Prezident İlham Əliyevin "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" 24 may 2010-cu il tarixli fərmanını əsas tutaraq AMEA prezidentinin 16 iyun 2015-ci il tarixli sərəncamı ilə Şəki Regional Elmi Mərkəzi nəzdində Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Qax Təcrübə Stansiyası yaradılmışdır. AMEA Rəyasət Heyətinin 25 may 2016-ci il tarixli qərarına əsasən bu Stansiya ilə Zaqatala Təcrübə Dayaq Məntəqəsinin birləşdirilməsi nəticəsində AMEA Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi təşkil olunmuşdur. Mərkəzin fəaliyyətinin əsas məqsədi ölkə ərazisində ekoloji təmiz kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların elmi əsaslarla öyrənilməsi və tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, maarifləndirmə işlərinin aparılması, habelə ekoloji təmiz məhsulların tədarükü, emalı və saxlanması üsullarının öyrənilməsindən ibarətdir.

Son illərdə Mərkəzin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə yüzlərlə fermer ekoloji təmiz kənd təsərrüfatı üzrə beynəlxalq sertifikatlar almış və dünya bazarına çıxmaq imkanı qazanmışdır. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işləri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və Zoologiya İnstitutunda da aparılır. BMT-nin Ərzаq və Kənd Təsərrüfаtı Təşkilаtı (FАО) və Ümumdünyа Səhiyyə Təşkilаtı (ÜST) tərəfindən kənd təsərrüfаtının еkоlоji təmiz üsullаrlа, ətraf mühit və insan sağlamlığına ziyan vurmadan inkişаf еtdirilməsi priоritеt məsələ kimi qəbul еdilmişdir. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyd edilən istiqamətlərdə yaxın illərdə real nəticələrin əldə edilməsi gözlənilir.

İradə Hüseynova

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru / AMEA-nın vitse-prezidenti Biologiya elmləri doktoru