İntensiv suvarma sistemlərinin üstünlükləri

Suvarma meliorasiya növlərindən biridir. Suvarma arid zonalarda torpaqların əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olmaq üçün tətbiq edilir. Bunun məqsədi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava və istilik rejimini nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma və damcılı suvarma kimi müxtəlif üsullarla aparılır. Uniplast MMC şirkəti suvarma sistemlərinin qurulmasında yerli və xarici mütəxəssislərlə birlikdə müasir texnologiyalardan istifadə edərək layihələr hazırlayır. Şirkətimiz suvarma sahəsinə aid material təchizatı sahəsində artıq ixtisaslaşmışdır. Şirkətin əsas məqsədi suya qənaət, məhsuldarlıq və rentabelliyi artırmaq məqsədilə kənd təsərrüfatında intensiv suvarma metodlarının tətbiqi, su resurslarından istifadənin optimallaşdırılması və suvarma sistemlərinin idarə edilməsinin avtomatlaşdırılmasıdır.

Uniplast MMC tərəfindən Xaçmaz rayonu Alekseyevka kəndində 14,5 ha gilas, Quba rayonu Hacıqaib kəndində 9 ha alma, Oğuz rayonu Padar kəndində 20 ha gilas, Quba rayonu Barlı kəndində 7 ha nektarin, Xaçmaz rayonu Armudpadar kəndində 8 ha alma, Quba rayonu Aşağı Atuc kəndində 13 ha alma, Qusar rayonu Əcəxur kəndində 7 ha gilas və Quba rayonu 2-ci Nügədi kəndində 10 ha nektarin ərazisində suvarma işləri aparılmışdır. Hazırda da suvarma işləri Abşeron rayonu Müşfiqabad qəsəbəsində 55 ha zeytun ərazisində davam etdirilir.

Ənənəvi suvarma metodlarının (şırım suvarma) mənfi cəhətləri artıq su israfı, torpaqların şoranlaşması və eroziyası, əlavə işçi qüvvəsi, ərazinin qeyri-bərabər suvarılması, yabanı otların geniş yayılması və aşağı məhsuldarlıqdır. İntensiv suvarma sistemləri bu çətinlikləri aradan qaldırır.

İntensiv suvarma sistemlərinin üstünlükləri aşağıdakılardır:

• Suya 3-4 dəfə qənaət edilir;

• Bitkilərin kök sistemi daha yaxşı formalaşır;

• Relyef cəhətdən fərqli olan yerlər asan suvarılır;

• Məhsuldarlıq meyvələrdə 30-40%, tərəvəzlərdə isə 50-80% artır;

• Torpağın humus qatı qorunur; • Gübrə istifadəsi 40%-dək azaldılır;

• İşçi qüvvəsinə qənaət edilir;

• Verilən suyun 90%-i bitki tərəfindən mənimsənilir;

• Alaq otları azalır.

Suvarılma zamanı torpağın üst qatının quru qalması daha yaxşı fitosanitar şərait yaradır və xəstəliklərin yayılma ehtimalını azaldır.

Nicat Əliyev

Uniplast MMC şirkəti Satış və marketinq üzrə şöbə müdiri