Ölkədə kənd təsərrüfatı məhsulları əsasən suvarılan torpaqlarda istehsal edildiyi üçün suvarma və meliorasiya sistemlərinin səmərəliliyi məsələsi suvarılan torpaqların istifadəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Su çatışmazlığının regional təsirləri və Azərbaycandakı mövcud durumu haqqında sizə suallarımız olacaq.
Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı hazırda hansı səviyyədədir?
Azərbaycanda suvarmaya yararlı 3,2 mln hektar torpaq sahəsinin 1450 min hektarı suvarılan sahələrdir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının 90%-dən çoxu belə suvarılan torpaqlardan götürülür. Suvarılan torpaqlarda 51,6 min km suvarma kanalı, 1063 ədəd nasos stansiyası, 85,8 min ədəd müxtəlif təyinatlı hidrotexniki qurğu, 17 ədəd hidroqovşaq və 8094 ədəd subartezian quyusu inşa edilmişdir. Bundan əlavə, qrunt sularının yer səthinə yaxın yerləşən və intensiv əkin altında istifadə olunan 600 min hektar suvarılan ərazilərində şorlaşma və bataqlaşmanın qarşısının alınması üçün kollektor-drenaj şəbəkəsi tikilmişdir. Bu torpaqlar 32,74 min km kollektor-drenaj şəbəkəsi ilə təchiz olunmuşdur. Bu şəbəkələr üzərində 53 min ədəddən çox hidrotexniki qurğu inşa olunmuşdur.
Son illərdə meliorasiyanın inkişafı sahəsində qurumunuz tərəfindən hansı işlər görülmüşdür?
Prezident İlham Əliyevin rəhbərliyi, böyük diqqət və qayğısı sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsi də son 17 ildə böyük iqtisadi inkişaf yolu keçmişdir. Belə ki, sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılmış, ümumi sututumu 456 mln m3 olan 4 su anbarı tikilmiş, sututumu 15,5 mln m3 olan 3 su anbarı bərpa edilmiş, 4500 km suvarma kanalı, 1500 km boru xətti, 3000 km kollektor-drenaj şəbəkəsi tikilmiş, təmir və bərpa edilmiş, 2619 ədəd subartezian quyusu qazılmış, 462 min ha sahədə torpaqların su təminatı və 286 min ha sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 194 min ha yeni suvarılan torpaq əkin dövriyyəsinə cəlb edilmiş, 206 km sel və daşqınlara qarşı mübarizə tədbiri aparılmışdır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin 8 ayı ərzində investisiya xərcləri və istismar tədbirləri hesabına 25 km suvarma kanalı tikilmiş, 31 km suvarma boru kəməri çəkilmiş, 272 km kollektor-drenaj şəbəkəsi qurğularla birlikdə tikilmiş, 42 km torpaq məcralı kanal beton üzlüyə alınmış, 6,9 km nov kanalı, 14 km boru xətti təmir edilmişdir. Cari ildə qazılması nəzərdə tutulan 443 ədəd subartezian quyusunun 215 ədədində qazma işləri tamamlanmış və hazırda da bu işlər davam etdirilir.
Görülmüş tədbirlər nəticəsində cari ildə 520 min hektar sahədə dənli bitkilər orta hesabla 2 dəfə suvarma suyu ilə təmin edilmiş və məhsul biçilərək götürülmüşdür. Pambıq əkini aparılan sahələrin 73 min hektarında arat suvarılma aparılmışdır. I və II dəfə 100 min hektar, III dəfə 65 min hektar və IV dəfə 23 min hektar sahə vegetasiya suvarma suyu ilə təmin edilmişdir. Hazırda yem bitkiləri, tütün, şəkər çuğunduru, qarğıdalı, çoxillik əkinlər və həyətyanı sahələrin suvarılması həyata keçirilir.
Su itkilərinin səbəbi nədir?
Aparılmış təhlillər göstərir ki, əkin sahələri planlaşdırma aparılmadan və bitkilərin vegetasiya dövrləri nəzərə alınmadan pərakəndə halda suvarılır. Bu zaman suvarmanın optimallaşdırılması mümkün olmur. Hazırda eyni kanal üzərində suya həm çox, həm də az tələbatı olan bitkilər əkilir. Eyni anda müxtəlif sahələrdə suvarmaya ehtiyac olduğu üçün su itkisi baş verir. Su çatışmazlığının yaranma səbəblərindən biri də sahələrin suvarmaya hazırlanmaması və sahə daxilində arxların olmamasıdır. Belə hallar suvarma müddətini uzatmaqla su itkilərini artırır və suyun verilməsi gecikir. Bir sıra hallarda suvarma şəbəkəsi olmayan ərazilərdə əkinlər aparılır və həmin əraziləri su ilə təmin etmək mümkün olmadıqda narazılıq yaranır. Kənd təsərrüfatı bitkilərinin su təminatının yaxşılaşdırılması və suvarma sistemlərinin dayanıqlı istismarının təmin edilməsi üçün iri həcmli tədbirlər görülməlidir. Su itkisinin qarşısının alınması üçün suvarma şəbəkələrinin müasir tələblərə uyğun olaraq yenidən qurulması və suya qənaətedici texnologiyaların tətbiq edilməsi tələb olunur.
Təbii su ehtiyatlarının artırılması mümkündürmü?
Ölkənin su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 mlrd m3 təşkil edir və quraqlıq keçən illərdə həcmi 22,6 mlrd m3-ə qədər azalır. Su ehtiyatlarının yalnız 30%-i öz ərazimizdə, qalan 70%-i isə qonşu ölkələrin ərazilərindədir. Azərbaycanın daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmışdır. Daxili çayların axınının əsas hissəsi yaz dövrünə düşdüyündən daşqın sel sularından səmərəli istifadə etmək mümkün olmur. Bu suların yalnız 10-15%-i vegetasiya suvarılması üçün istifadə olunur, qalan sular isə dənizə axır. Əkinləri suvarma suyu ilə təmin etmək üçün daxili çayların su axımının tənzimlənməsinə böyük ehtiyac vardır. Bununla da təbii su ehtiyatlarının artırılması deyil, mövcud suların toplanılması ilə əlavə su ehtiyatları yaratmaq və tələbata uyğun olaraq onlardan istifadə etmək lazımdır
Sizcə sudan istifadəyə yanaşma dəyişməlidir?
Hesab edirəm ki, sudan istifadəyə münasibət köklü şəkildə dəyişməlidir. Sudan səmərəli və qənaətlə istifadə edilməsi, həmçinin suvarmada mütərəqqi üsulların tətbiq edilməsi üçün geniş miqyaslı maarifləndirmə işləri aparılmalıdır. Belə ki, sudan istifadə qaydalarının pozulması hallarının qarşısının alınması üçün inzibati cəza tədbirləri nəzərdə tutulmalıdır.
Meliorasiya və Su Təsərrüfatı ASC gələcəkdə hansı layihələri reallaşdırmağı planlaşdırır?
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planında 20 ədəd suvarma kanalı, hidroqovşaq və kollektorların yenidən qurulması, dağ çaylarının sularının yığılması üçün 10 ədəd su anbarının yaradılması nəzərdə tutulmuşdur. Hazırda aidiyyəti qurumlarla birlikdə bu obyektlərin tikintisi üçün müvafiq texniki-iqtisadi əsaslandırma və layihələndirmə sənədlərinin hazırlanması işləri aparılır. Tədbirlər planında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC qarşısında qoyulmuş tapşırıqlar Komissiya ilə əlaqəli surətdə icra edilir. Bu tədbirlərin həyata keçirilməsi ilə su itkilərinin azaldılması, əlavə su ehtiyatlarının yaradılması, mövcud su ehtiyatlarından səmərəli istifadə və suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması mümkün olacaqdır.
Su çatışmazlığının iqlim dəyişiklikləri ilə əlaqəsi varmı?
Dünyanın bütün ölkələrində olduğu kimi, respublikamızda da qlobal iqlim dəyişiklikləri və bunların təsirinin nəticəsi kimi anomal hidrometeoroloji proseslərin baş verməsi müşahidə olunur. Son illər davam edən kəskin quraqlıq səbəbindən respublikamızın əsas su arteriyası olan transsərhəd Kür, Araz, Samur çaylarının, eləcə də respublika ərazisində formalaşan çayların sululuğu xeyli azalmış, su anbarlarında kifayət qədər suyun toplanılması mümkün olmamış və bunun nəticəsi olaraq su təminatında müəyyən çətinliklər yaranmışdır. Hazırda respublikanın əsas su anbarlarında 20,8 mlrd m3 ümumi həcmə qarşı 10 mlrd 76 mln m3 həcmində su qalmışdır ki, bu da ötən illə müqayisədə 602 mln m3 azdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən tərtib olunan Ölkə Milli Hesabatında iqlim dəyişiklikləri ilə bağlı olaraq yerüstü su ehtiyatlarının 2050-ci ilə qədər 23%-dək azalacağı gözlənilir. Proqnozlara görə su qıtlığı bundan sonra da davam edəcəkdir. Odur ki, əsas diqqət sudan səmərəli və qənaətlə istifadə edilməsinə və su itkilərinin qarşısının alınması üçün mümkün olan bütün tədbirlərin icrasına yönəldilməlidir.
Fermerlərə tövsiyələriniz nələrdir?
Havaların isti və quraq keçməsi ilə əlaqədar suya tələbat xeyli artır. Suvarma kanalları, nasos stansiyaları və subartezian quyularının suvermə qabiliyyəti nəzərə alınmadan artıq əkinlərin aparılması və istifadəçi tərəfindən müəyyən edilmiş müddət ərzində suvarmanın başa çatdırılmaması səbəbindən gecikmələr baş verir. Kənd təsərrüfatının inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə dövlət tərəfindən böyük maliyyə vəsaiti ayrılmışdır. Bu vəsait hesabına tikilən su anbarları, hidroqovşaqlar, suvarma şəbəkələri, nasos stansiyaları, boru xətləri və subartezian quyuları vasitəsilə əkin sahələrinə suvarma suyunun çatdırılması təmin edilir. Fermerlər bunu mütləq nəzərə almalı, öz öhdəliklərini yerinə yetirmək üçün, xüsusən də su çatışmazlığı şəraitində daha səylə çalışmalıdırlar. Sahələrini vaxtında suvarmaya hazırlamalı, sudan səmərəli və qənaətlə isifadə etməli, su itkisinə yol verməməli, suvarmanın optimal müddətdə başa çatdırılması üçün tədbirlər görməli, suvarma işinə yetərincə işçilər cəlb etməli və həmin sudan digər fermerlərin də istifadə etmək hüququnun olduğunu unutmamalıdırlar.
Əjdər Cavadov
Meliorasiya və Su Təsərrüfatı ASC Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri