Dünyada 40 ölkədə 2,3 milyon hektar sahədə çay bitkisi becərilir. Çay bitkisi müalicəvi əhəmiyyətinə görə digər bitkilərdən fərqlənir. Çay susuzluğu yatırır, yorğunluğu çıxarır, ürək-damar sistemini tənzimləyir, qan təzyiqini aşağı salır və orqanizmin həyat fəaliyyətini yüksəldir.
Bu bitki, əsasən, Çin, Hindistan, Şri-Lanka, Yaponiya və Tayvanda daha çox yetişdirilir. Çayın tərkibi antioksidantlarla zəngindir. Qədərində çay içmək immun sistemini möhkəmləndirir. Həmçinin xərçəng və ürək çatışmazlığı xəstəliklərinin qarşısının alınmasında istifadə edilir.
Bir hektar sağlam çay sahəsinin becərilməsinə 350-400 gün vaxt sərf olunur. Ən çox zəhmət tələb edən iş çay yarpaqlarının yığımıdır. Bu bitkidən yüksək məhsuldarlıq əldə etmək üçün sahədə kompleks mexanikləşdirməni tətbiq etmək lazımdır. Cavan plantasiyaların cərgə araları ildə 5-6 dəfə kultivasiya edilməli, bitkilərin dibi yumşaldılmalı və alaq otları təmizlənməlidir. Cərgə araları 12-15 sm dərinlikdə şumlanır. Kolların ətrafında qalan torpaq 5-6 sm dərinlikdə yumşaldılır. Məhsul verən plantasiyalarda isə cərgə araları qışda şumlanır.
Çayçılıq kənd təsərrüfatında iqtisadi cəhətdən gəlirli sahədir. Ölkəmizin rütubətli subtropik bölgələri çay bitkisinin yetişdirilməsi üçün əlverişlidir. Bu bitkinin becərilmə texnologiyasına uyğun torpaq hazırlığı, çay plantasiyalarının salınması qaydaları, kolların budanması, suvarılması, gübrələnməsi və çay yarpağının yığılması məsələləri ilə bağlı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay və Sitrus Bitkiləri filialında tədqiqat işləri aparılmışdır. Tədqiqatın aparılmasında əsas məqsəd üzvi və mineral gübrələrin çay bitkisinin boy, inkişaf və keyfiyyətinə təsirini öyrənməkdir.
Tədqiqat aşağıdakı mərhələlərdən ibarətdir:
Tətbiq olunan gübrələr çay bitkisinin məhsuldarlığını artırdığı kimi keyfiyyət göstəricilərini də yaxşılaşdırır. Tədqiqat uzunluğu 5 m, eni isə 10 m olan 50 m2 sahədə aparılmışdır. Torpaqda və bitkinin yarpağındakı makroelementlər qəbul edilmiş ümumi metodikaya əsasən təyin edilmişdir. Biokimyəvi analizlər zamanı nümunələr Kox aparatında 5 dəqiqə ərzində fiksasiya edilib daha sonra termostatda 7000C-də qurudulmuşdur.
Təcrübədən əldə edilmiş müsbət nəticələri ətraf fermer təsərrüfatlarında tətbiq etmək üçün onun aparıldığı yerin şəraiti həmin rayonun şəraitinə uyğun olmalıdır. Torpaq və iqlimin, həmçinin aqrotexniki tədbirlərin tipikliyi təcrübənin təşkilinin əsas cəhətləridir. Təcrübənin sxemini hazırlayan zaman vahid fərqlənmə prinsipi əsas götürülməlidir.
Təcrübə sahəsində çay bitkisinin vegetativ quruluşu vizual müşahidə ilə müəyyən edilir. Bundan əlavə, təcrübədə vegetasiyanın başlanğıcı və sonu, mövsüm ərzindəki dinamikası da öyrənilir. Çay kollarının zoğvermə intensivliyi 0,25 m2 sahədə 3 təkrarda aparılmışdır. Yazda şpaler budamadan sonra kötücüklər ayrılır. Zoğların boy atması üzərində aparılan müşahidələr 5 gündən bir aparılır. Çay bitkisinin generativ fəaliyyəti onun çiçək və toxumlarının miqdarı əsasında öyrənilir.
Üzvi və mineral gübrələrin zoğvermənin dinamikasına təsiri
No |
Variantlar |
May |
İyul |
Sentyabr |
İllik |
||||
Normal zoğ |
Kar zoğ |
Normal zoğ |
Kar zoğ |
Normal zoğ |
Kar zoğ |
Normal zoğ |
Kar zoğ |
||
1 |
Nəzarət (gübrəsiz) |
43 |
60 |
27 |
20 |
15 |
24 |
85 |
104 |
2 |
N90 |
72 |
60 |
60 |
47 |
20 |
22 |
152 |
129 |
3 |
P90 |
70 |
46 |
60 |
32 |
25 |
34 |
155 |
112 |
4 |
K90 |
70 |
50 |
58 |
48 |
21 |
35 |
149 |
133 |
5 |
N90P90K90 |
78 |
43 |
68 |
45 |
28 |
22 |
174 |
110 |
6 |
Siderat |
70 |
48 |
58 |
36 |
19 |
55 |
147 |
139 |
III və IV variantlarda vegetasiya dövrü tez başlamış və təqribən 10-12 gün çəkmişdir. Bu zaman çay kollarının zoğvermə prosesi sürətlənmişdir. Mineral və üzvi gübrələrin tətbiqi ilə III, IV və V variantlarda normal zoğların sayı daha çox olmuşdur. İlin yekununa əsasən bu variantlar nəzarət variantına nisbətən 1,5-2 dəfə artıq məhsuldar olmuşdur. Plantasiyalarda artım tədqiqatın üçüncü ilində özünü göstərmişdir. Məhsulun miqdarının artırılması ilə yanaşı, onun keyfiyyətinin də yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir.
Nəticədə tətbiq edilən 6 variantda məhsuldarlıq 64,6% artmış, bitkilərin vegetativ orqanlarının fəaliyyəti də yüksəlmişdir.
Ölkəmizdəki fermer təsərrüfatlarında mövcud çay plantasiyalarının əksəriyyəti sıradan çıxmaqda olan plantasiyalardır. Bu səbəblərin araşdırılması və mövcud plantasiyaların vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülməlidir.
Nigar Nəzərova
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda aparıcı elmi işçi Aqrar elmlər üzrə fəlsəfə doktoru